Əsas Səhifə > Şou-biznes > "Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar"
"Onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar"8-12-2021, 10:01 |
Azərbaycandan da Oskar mükafatına film təqdim olunub. Belə ki, gənc rejissor, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib. Beləliklə, ”Daxildəki ada" “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək. Qeyd edək ki, film Azərbaycanın beynəlxalq dərəcəli şahmat ustası Seymur Tahirbəyovun, dünya çempionatı finalı öncəsi özünü ailə-məişət problemləri labirintində necə itirməsindən, sonra isə başını götürüb bir nəfər sakini olan adaya qaçmasından bəhs edir. Filmdə əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər. Xatırladaq ki, “Daxildəki ada” Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Bəs adıçəkilən film Oskar mükafatında nə qədər uğur qazana bilər? Əlbəttə ki, A kateqoriyalı film festivalında Azərbaycanın da təmsil olunması böyük uğurdur. Lakin gözlənilən idi ki, bu cür film festivalında Azərbaycan həqiqətləri, Qarabağ savaşından bəhs olunacaq, dünyanın diqqətini cəlb edəcək film təqdim olunsun. Məlum olduğu kimi, ermənilərin bununla bağlı uydurma təbliğat maşını daim fəaliyyətdədir. Yenə də Qarabağ haqqında yalanlar üzərində çəkilmiş “45 gün: Millət uğrunda mübarizə” sənədli filmini Oskara namizəd veriblər. Qeyd edək ki, filmin rejissoru britaniyalı Emil Hessen Kaliforniyada yaşayan erməni iş adamı Asko Akopyanın maddi dəstəyi ilə bu filmi çəkib. Filmdə Qarabağ müharibəsi haqqında uydurma məlumatlar əks olunub, ermənilər hücuma məruz qalmış “məzlum” xalq kimi təqdim olunub. Qeyd edək ki, film bu günə qədər Kaliforniyada, Çində nümayiş etdirilib. Kaliforniyanın mərkəzi küçələrində böyük reklam banerlərində filmin reklamı yerləşdirilib. Emil Hessen filmin gələcək uğurları üçün erməniləri ianə verməyə çağırıb və ianə toplandığı haqda öz “İnstagram” profilində vaxtaşırı məlumatlar paylaşır. Bəs niyə Azərbaycan hələ də öz həqiqətləri haqda A kateqoriyalı film festivalına çıxacaq filmlər çəkməyə tələsmir? Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun mövqeyini öyrənməyə çalışsaq da, sualımıza cavab ala bilmədik. Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mövzuya bu cür rəy bildirdi: “Əlbəttə ki, Rüfət Həsənov və digərləri bu cür beynəlxalq film festivallarına film göndərirsə, bu, çox böyük uğurdur. Ölkələr filmləri təqdim edir, filmlər böyük siyahıya düşür. Bu hələ heç nə demək deyil. Daha sonra həmin böyük siyahıdan 20 film seçilir. Bu da hələ heç nə demək deyil. Nəhayət, 20 filmdən 5 film seçilir. Film həmin beşliyə düşəndə yalnız bu zaman deyilir ki, film Oskara namizəddir. Beləliklə, hər il olmasa da, 2-3 ildən bir bizdən də filmlər göndərilir. Nə olsun? Elə siyahıdaca qalır və yaddan çıxır. O ki qaldı ermənilərin yenə də Qarabağ haqqında uydurma filmlər çəkib təqdim etməsinə, onsuz da həmişə onlar informasiya müharibəsində güclü olublar. Doğrudur, bu barədə son vaxtları çıxmaq olar. Amma gördüyünüz kimi, yenə də onlar öz yalan təbliğatlarını aparırlar və belə də davam edəcək. Mənə elə gəlir ki, indi ermənilər istəyirlər ki, bütün vasitələrlə, o cümlədən kino vasitəsilə sübut etsinlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz. Və bununla da çalışırlar ki, Qarabağda yaşayan ermənilərə hər hansı bir yolla status verilsin. Bu isə Azərbaycan üçün çox ciddi bir mövzudur. Deyə bilərəm ki, azərbaycanlı kino adamlarında təfəkkür çox zaman kənardan formalaşdırılır, əgər həqiqəti bilmək istəyirsinizsə. Yəni vəziyyət birmənalı deyil. Kinonun inkişafı üçün maddi vəsaitlə bərabər, cəmiyyətin kinoya verdiyi əhəmiyyət də önəm daşıyır. Daha bir məsələ, qeyd edirsiniz ki, bizdə gözəl sənətkarlar çoxdur. Bu da mübahisəli məsələdir ki, bizdə gözəl, peşəkar sənətkarlar çoxdurmu? Mən şəxsən belə düşünmürəm. Nə deyə bilərəm? Sizinlə tamamilə razıyam. Kinoçular bir yerə yığışıb, müzakirələr etmirlər, fikir fərqliliyi var. Yəni toxunduğunuz məsələ çox önəmlidir, həqiqətdir. Yaxın vaxtlarda bu haqda geniş məqalə dərc etməyi düşünürəm". Rejissor, kinoprodüser Fehruz Şamıyev isə bunları dedi: ““Daxildəki ada” filmini izləmişəm. Xatırladım ki, film ötən il Avropanın aparıcı film festivallarından olan Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Doğrudur, film müharibə mövzusunda deyil, lakin Azərbaycandan da Oskar arenasına çıxacaq bir film istehsal olunmayıb. Bunun üçün yaxşı diaspora lazımdır, həm də kinematoqrafik bədii həll olunan film istehsal olunmalıdır. Doğrudur, eşidirik ki, bu mövzuda filmlərin çəkiləcəyi planlaşdırılır. Lakin bu haqda dəqiq məlumatı Azərbaycan Film Studiyası verə bilər". Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək. "Yeni Müsavat" Geri qayıt |