Əsas Səhifə > Şou-biznes > Mədəniyyət Nazirliyinə ÇAĞIRIŞ:

Mədəniyyət Nazirliyinə ÇAĞIRIŞ:


6-12-2021, 11:09
Mədəniyyət Nazirliyinə ÇAĞIRIŞ:
Xalq artsiti Eldəniz Zeynalovun oğlunun vəziyyəti ağırdır. Bu barədə, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı məlumat yayıb.
Qeyd edilib ki, Məmməd Zeynalovun ayaqları tutulub, səhhətində yenidən ciddi problem yaranıb. Hazırda onun gəzə bilmədiyi bildirilib. Məmməd Zeynalov onkoloji xəstəlikdən əziyyət çəkir və bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Virusdan sağalan Məmmədin böyrəyində də problem var. Ona təcili böyrək köçürülməlidir.
Bəli, o, sağlığında dəyər görməyən, ölüm yatağında xalq artisti adına layiq görülən Eldəniz Zeynalovun oğludur. Eldəniz Zeynalov uzun illər Azərbaycan mədəniyyətinə töhfələr vermiş biri olsa da, onu əməyi heç bir zaman dəyərləndirilməmişdi. Xəstə yatağında olanda belə yada düşməmişdi. Xəstə insanlar daha həssas olur. Bir kiçik gülümsəmə, bir kiçik hədiyyə adamı sevindirə bilir. Amma Eldəniz Zeynalovu sevindirən olmamışdı. Laqeydlik aktyoru hər gün bir qədər də əridir, yox edirdi. O, dünyadan gərgin, aqressiv, hamıya küskün şəkildə getdi. Yaradıcılığı dövründə 50-yə yaxın filmdə rol alan aktyor dəfn edilərkən ayrı-seçkiliyə məruz qalmışdı. Onu ikinci Fəxri Xiyabanda deyil, Yasamal qəbiristanlığında dəfn etmişdilər.

Bəlkə aktyorun son illər ona qarşı biganəlikdən doğan yaşadığı hissləri heç kim başa düşməyəcək. Onsuz da həyatda yoxdur, özü də dilə gətirib haqqını tələb edə bilməyəcək. Nə digərləri kimi ev verilmişdi ona, nə ad…

Ömrünü Azərbaycan kinosuna, teatrına həsr edən aktyorun oğlu, bu gün ağır vəziyyətdədir. Amma yəqin ki, atası kimi ona da diqqət göstərən olmayacaq. Onkoloji xəstəliklərin sağalma ehtimalını hamımız bilirik. Buna görə də, xalq artistinin oğluna Mədəniyyət Nazirliyi dəstək olmalıdır. Bəlkə sağlığında Eldəniz Zeynalov diqqət üçün danışmadan içindəki hisslərlə dəfn edilmişdi. Amma əminəm ki, bu gün sağ olsaydı, oğlunun belə ağır vəziyyətinə göz yuma bilməzdi. Döymədiyi qapı qalmazdı.

Mədəniyyət Nazirliyinə səslənirik: Hesab edin ki, oğlunun sağlamlığı üçün sizə xalq artisti Eldəniz Zeynalovun özü müraciət edir. Heç kim, övladının ağır gününə susa bilməz. Və bir xalq artistinin tələbini yerinə yetirmək, sizin səlahiyyətinizdədir. Vaxtı ilə Eldəniz Zeynalova verilməyən dəyəri, bu gün onun övladına verin. Biz də sizin müsbət istiqamətdə atacağınız addımınızı dəstəkləyib qələmə alaq minnəttar olaq.
Bizimyol.info

Geri qayıt