Əsas Səhifə > Şou-biznes > "Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"

"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"


6-12-2021, 09:02
"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"
Xalq artisti, sevilən sənətkar Lütfəli Abdullayevin qızı, əməkdar artist Xurşud Abdullayeva Moderator.az-ın suallarını cavablandırıb.

- Xurşud xanım, siz böyük sənətkarımız Lütfəli Abdullayevin qızısınız. Uşağlıqdan necə bir mühitdə böyümüsünüz?

- Ən xoşbəxt illərimi atamla birlikdə keçirmişəm. Bizə heç vaxt atam “yox”, “olmaz” kimi sözlər deməyib. Onun elə bil ürəyinə dammışdı ki, dünyadan tez gedəcək. Ona görə də anama demişdi ki, Sevda, evdə qızlara ciddiliyi sən göstər. Atam bizə hər şeyə icazə verirdi. Biz də bilirdik ki, evə qonaq gələndə onlar üçün şeir deyib yaxud mahnı oxuyub getməliyik. Salamlaşıb gedirdik, masa arxasında əyləşə bilməzdik! O illərdə bütün ailələrdə belə idi, böyüklərlə masa arxasında oturmaq, böyüklərə söz qaytarmaq olmazdı. Sevgi bizim ailəmizin ən vacib amili idi. Atamın anama böyük sevgisi var idi, övladlarına, mənim bacıma. Atam dostlarını çox sevirdi, heç vaxt eşitməmişik ki, onların arxasınca danışsın.

- Lütfəli müəllim komediya aktyoru idi. Bəs evdə necə xarakterə malik idi?

- O təbiətcə çox ciddi insan idi, mən onu evdə heç vaxt gülən görməmişəm. Gülümsəyirdi, amma mənə elə gəlir ki, ürəkdən gülümsəmirdi. Daxilən kədərli və çox ciddi insan idi. Mən uşağlıqda həmişə atamla harasa gedəndə hamı ona baxıb gülürdü. Gəlib evdə ağlayırdım, anama deyirdim ki, başa düşə bilmirəm niyə hamı atamı görəndə gülür? O axı gülməli deyil! Mənim üçün o böyük stress idi. Çünki mənim üçün atam heç də gülməli deyildi.

- Hansı xasiyyətinizlə atanıza oxşayırsınız?

- Yəqin ki, səmimi olmağım mənə atamdan keçib. Amma onu da deyim ki, mən daha çox anama oxşayıram, amma bacım Gülnarə xasiyyətdən atama çox bənzəyir.

- Atanızın sizə tövsiyyələri nələr olurdu?

- Yadıma gəlir ki, 2-ci sinifdə Bülbül adına orta ixtisas məktəbində oxuyanda tədbirlərdən birində fortepianoda yaxşı ifa etmişdim. Evə gəlib dedim ki, gördün də ay papa, mən də sənin kimi səhnəyə çıxıb gözəl ifa etmişəm, çünki sənin qızınam. Atam mənə dedi ki, qızım yadında saxla ki, birinci növbədə sən Əhməd bəy Pepinovun nəvəsi, Həsən bəy Ağayevin nəticəsisən. Birinci onlara layiqli ol. Mən onların yanında heç kiməm. Mən o vaxt heç bir şey başa düşmədim. Necə yani heç kiməm? Sən Lütfəli Abdullayevsən, insanların əlindən küçəyə çıxa bilmirsən, camaat ətrafına yığışır!

- Mən bilirəm ki, ananızla atanızın izdivacı çox çətinliklə baş tutub. Çünki bəy nəslindən olan ananızı Lütfəli müəllimə vermək istəməyiblər.

- O başa düşürdü ki, Sevda xanımı ona niyə vermirlər! Bunu çox yaxşı başa düşürdü. Anamın anası rəhmətə getmişdi, anamın nənəsi Xədicə xanım isə toya gəlməmişdi. Anam danışırdı ki, gördüm toyun səhəri Lütfəli yığışır, harasa getsin. Soruşdum ki, ay Lütfəli sən hara gedirsən? Dedi ki, gedim görüm Xədicə orada neynir? Anam deyir ki, mən düşünürdüm ki, o məni daha Xədicə xanımın yanına buraxmaz. Çünki nənəm 15 il anamı atama verməmişdi, üstəlik toya da gəlməmişdi. Çox az bir müddət sonra atam Xədicə xanımla iki can, bir qəlb olmuşdular. Xədicə xanım can verəndə anama deyib ki, bilirəm ki, mənim bir səhvim var, bu dünyada mən başa düşmədim Lütfəli kimdir? (kövrəlir).

- Atanız haqqında bu gün də danışanda kövrəlirsiniz.

- Mənim üçün o illəri yada salmaq çox çətindir. Atamın adını çəkəndə çox pis oluram. Onun ölümündən 45 il keçib, amma o ağrı bu günə qədər kəsilməyib. Kəsilməyəcək də. Həyatım boyu mən ata həsrətində yaşamışam. Mən fərəhlənirəm ki, belə bir insanın övladıyam.

- Atanız çox xeyirxah insan olub. Hətta bir qızı övladlığa götürdüyü də deyilir. Bu həqiqətən də doğru məlumatdır?

- Atamla anamın yeni evlənən vaxtları idi. Atam bir axşam tamaşadan qayıdanda görüb ki, parkda skamyada 15 yaşlı bir qız oturub. Ona yaxınlaşıb deyib ki, burada neynirsən? Qız iş axtardığını bildirib. Deyib ki, gedək bizə. Əlindən tutub evə gətirib. 1957-ci ildən Dulsya evimizdə atamın böyük qızı kimi yaşayıb, böyüyüb. O bizə də baxıb, bacım Gülnarənin uşaqlarına da. Təəssüflər olsun ki, artıq o rəhmətə gedib. Atam anama deyirdi ki, Dulsyanın xətrinə dəymə, onun ağlı olsaydı ailə həyatı qurub, övlad dünyaya gətirib öz uşaqlarına baxardı. O amma sənin uşaqlarına baxır. Dulsya evdə komandir idi. Harasa getmək lazım idisə birinci Dulsyadan soruşurdum, sonra anamdan. Anam qoysaydı, Dulsya qoymasaydı getməyəcəkdim. Atam hədiyyə alanda birinci Dulsyaya, sonra anama, sonra bizə alırdı. Atam Dulsyanı çox istəyirdi, Dulsya da atamı.

- Ən yaddaqalan xatirəniz hansıdır?

- Yaddaqalan xatirələrim çoxdur. Ən gülməlisini istərdim sizinlə bölüşüm. Bir dəfə mən kimya fənnindən 3 almışdım, anam məni o ki, var danladı, mən də oturub ağladım. Dedi ki, dayan atan da gəlib səni danlasın. Atam gələn kimi anamın səsini eşidirəm, ona deyir ki, kimyadan 3 alıb, get ona bir söz de. Atam otağıma daxil oldu, gəlib mənə dedi ki, qızım kimyadan 3 almısan? Dedim ki, hə 3 almışam. Dedi ki, mənim heç xəbərim yoxdur ki, kimya nədir? Əcəb etmisən! (gülür). Anam sonra bir həftə onunla danışmadı.

- Atanız istəyərdimi onun sənət yolunu davam etdirəsiniz?

- Xeyr, istəməzdi! Mənə dedi ki, mən öləcəm, amma bilsəm ki, aktrisa olmusan, qəbirdən çıxıb gəlib öldürəcəm səni. Ancaq məni də, bacım Gülnarəni də Bülbül adına orta ixtisas məktəbinə özü aparıb, o çox istəyirdi ki, biz savadlı insanlar olaq. Rus sektoruna bizi qoymuşdu, deyirdi ki, istəyirəm qızlarım Moskvada oxusunlar. Deyirdi ki, mən rus dilini bilmirəm, bilsəydim gedib Rusiyada tamaşalar oynayardım. Bu gün aktrisa olmasaq da ikimiz də bu sahədəyik. Gülnarə uzun illərdir ki, Aztv-nin musiqi redaksiyasının rejissordur. Mən də 40 ildir ki, bu sahədəyəm. Azərbaycanda ilk peşəkar klavisin ifaçısıyam. Bakı Musiqi Akademiyasında klavisindən dərs deyirəm. Həm də Dövlət Xor Kopellasının direktoruyam, çox sevirəm xor sənətini. 20 ildir mən kopellada işləyirəm.

- Atanızın həyatda olmaması hansı arzunuzu ürəyinizdə qoydu?

- Mən bilirəm ki, atam sağ olsaydı, həyatım tamam başqa cür olardı. Bəlkə də başqa peşə seçərdim. Arzularımın hamısı yerinə yetib, gözəl nəvəmiz, kürəkənimiz, qızımız və oğlumuz var.

- Lütfəli müəllimin adını daşıyan nəvəsi, yaxud nəticəsi varmı?

- Xeyr! Lütfəli müəllimin adı təkrarolunmazdır. Mən əleyhinəyəm. O tamam başqa insan olacaqdı.

- Bu gün komediya ucuzlaşıb. Sanki komediya janrının da sanbalını da o illərdə unutmuşuq.

- Siz Lütfəli və Nəsibə xanımın tamaşalarını, filmlərini yəqin ki, izləmisiniz. Görmüsünüz ki, onlar ləhcə ilə danışsınlar?! Xeyr! Yaxud da səslərini dəyişib, başqa səslə danışsınlar? Əlbəttə ki, xeyr! Atamın yerişi də gülməli idi. Atam sözlə insanları güldürürdü. Bunun özü böyük bir mədəniyyət idi. İndi mən ümumiyyətlə komik səhnəcikləri izləmirəm.

- Atanız sağ olsaydı, ona nələr demək istərdiniz?

- Atam çox yaxşı bilirdi ki, qızları nəinki onu sevir, hətta ondan ötrü ölür. 12 yaşından evdə yemək hazırlayırdım. Mənə deyirdi ki, Canka, yeməyin iyi gəlir, bu gün nə hazırlamısan? Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan?

"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"
"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"
"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"
"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"


Geri qayıt