Əsas Səhifə > Şou-biznes > "Bizim kanallar zəhmət çəkib xarici efirləri izləsinlər"

"Bizim kanallar zəhmət çəkib xarici efirləri izləsinlər"


1-12-2021, 08:15
"Bizim kanallar zəhmət çəkib xarici efirləri izləsinlər"
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov televiziyaların fəaliyyətini tənqid edib. Getdikcə ciddi problemə çevrilən və cəmiyyətdə daha çox yayılan narkomaniya ilə bağlı həyəcan təbili çalan komitə rəhbəri vurğulayıb ki, bu sahədə KİV-lərin, ələlxüsus telekanalların üzərinə böyük məsuliyyət düşür. Lakin televiziya kanalları bu sahəyə diqqət ayırmırlar: “Bu gün məni narahat edən məsələ narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin vəziyyətinin nə səviyyədə olmasıdır. Onlara müalicə göstərə bilirlərmi?! Bu sahədə vəziyyət necədir? Təhsil müəssisələri ilə daha ciddi işləməliyik. Bu sahədə böyük problem var. Bizim televiziya kanallarımız, media bu işlərin öhdəsindən gələ bilmir. Televiziya kanallarımızda hər şeyə vaxt tapırıq, amma bu məsələyə vaxt ayırmırıq. Hər birimiz bu böyük bəla ilə ciddi mübarizə aparmasaq, hər birimizin qapısını döyəcək”.

Media mütəxəssisi, professor Zeynal Məmmədli “Şərq”ə açıqlamasında deputat Əhliman Əmiraslanovun fikirləri ilə razılaşdığını deyib. Ekspert vurğulayıb ki, komitə sədri narkomaniya ilə bağlı efirləri tənqid etməkdə çox haqlıdır:

“Təəssüflər ki, Azərbaycanda narkomaniyanın miqyası çox böyükdür. Bu barədə qorxunc göstəricilər var. Narkomaniya koronavirus qədər təhlükəlidir. Amma bu gün televiziyalarımız bilgiləndirməkdən daha çox vaxt “öldürməklə”, əyləndirməklə məşğuldurlar. Əslində efirlərdə gördüyümüz əyləncə proqramlarının da keyfiyyəti çox aşağıdır. Televiziyalarımız məlumatlandırmır və nəsə anlatmır. Xəbərlər proqramlarında hər gün narkotik alverçilər, onların yaxalanması, neçə qram narkotik maddənin ələ keçirilməsi ilə bağlı informasiyalar verilir. Efirlərdə bu cür xəbərlərin çəkisi o qədər çoxdur ki, eşidəndə mat qalırsan ki, Azərbaycanda narkomaniya bu həddə necə çatıb?! Televiziya aparıcıları DİN-in mətbuat xidmətinin xəbərlərini redaktəsiz, uzun-uzadı, qarışıq cümlələrlə efirlərdən oxuyurlar. Bəzən cümlə o qədər uzun olur ki, aparıcının bitirməyə nəfəsi çatmır. Rəsmi xəbərlərin verilməsində istisnasız olaraq bütün televiziyalar bərbad gündədir. Millət vəkili narkomaniya ilə bağlı iradlarında tamamilə haqlıdır. Öncəliklə AZTV və İTV bu sahəyə xüsusi diqqət yönəltməli, ciddi yanaşmalıdır. Bu iki kanal büdcədən maliyyələşdiyi üçün reklam qayğıları olmur. Deməli, əllərində bəhanələri də yoxdur”.

Professor vurğulayıb ki, çox vaxt telekanallarda fılan qədər narkotik maddələrin ələ keçirildiyi ilə bağlı xəbərlər verilir. Amma həmin maddələrin sonrakı aqibəti haqda məlumat olmur:

“Bəlli olmur ki, ələ keçirilən narkotikanın başına nə gəldi, məhv edildimi, yandırıldımı? Bununla bağlı efirlərdə video-süjetlər görmək mümkün deyil. Belə olanda cəmiyyətdə şübhələr yaranır ki, görəsən, narkotik maddələr yenidən tədavülə buraxıldı?! Narko-tacirlərin güclü “arxalarının” olduğu hamıya bəllidir. Nəzərə alaq ki, narkomaniya sadəcə Azərbaycanın problemi deyil, qlobal bəladır. Dünyanın bir çox ölkəsində televiziyalar narkomaniya ilə bağlı maarifləndirici, bilgiləndirici verilişlər, reportajlar, araşdırmalar təqdim edirlər. Bizim kanallar zəhmət çəkib xarici efirləri izləsinlər. Öyrənsinlər ki, onlar narkomaniya haqqında süjetləri necə hazırlayırlar, daha çox hansı məqamları qabardırlar, nə cür mesajlar verirlər. Özləri də təşəbbüs göstərsinlər. Bir narkomanın, bəladan xilas olmuş şəxsin timsalında cəmiyyətə kifayət qədər mesaj ötürmək mümkündür. Şərt deyil ki, həmin şəxsin üzü efirdə göstərilsin. Hətta texniki vasitələrlə səsini də dəyişmək olar.

Çox gözəl tok-şoular hazırlamaq imkanları var. İlk növbədə araşdırmaq lazımdır ki, narkomaniya əsasən hansı bölgələrdə və hansı yaş qrupları arasında geniş yayılıb. Gənclərimiz boş vaxtlarını necə keçirirlər, daha çox nəyə meyl edirlər, əyləncələri nələrdən ibarətdir, çevrələrini necə seçirlər? Hamısını ayrı-ayrılıqda analiz etmək lazımdır. Məsələn, ümumi araşdırmalar göstərir ki, cənub rayonlarımızda və ikinci böyük şəhərimiz Gəncədə narkomaniya geniş yayılıb. Bunun səbəblərini üzə çıxarmaq lazımdır. Tutaq ki, cənub rayonlarımızı narkotik ticarətin geniş vüsət aldığı İranla yaxın olması ilə əlaqələndirdik.

Bəs, Gəncədə hansı səbəblərdən geniş vüsət alıb? Suallar çoxdur. Ancaq televiziyalarımız bu suallara cavab axtarmaq arzusunda deyil. İşləri-gücləri yararsız xəbərləri heç bir müdaxilə etmədən cəmiyyətə ötürməkdir”.

Geri qayıt