Əsas Səhifə > Şou-biznes > "Tam səmimi deyirəm, teatra gələn tamaşaçı dəhşət çoxdur"
"Tam səmimi deyirəm, teatra gələn tamaşaçı dəhşət çoxdur"30-11-2021, 08:19 |
İki ilə yaxın pandemiya sükutu teatrlarımızı nə günə qoydu? Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən koronavirus səbəbindən fəaliyyətinə qadağa qoyulan mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyəti yenidən bərpa olunub. İki ilə yaxın müddət qapalı qalan mədəniyyət ocaqlarının yenidən öz işinə başlaması teatr sevənlərin sevincinə səbəb olub. Maraqlıdır, uzun fasilədən sonra teatra getməyənlər yenidən bu vərdişlərini bərpa edə biliblər? Cebhe.info bir neçə teatrla əlaqə saxlayıb, hazırkı durumu öyrənib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, tamaşaya bir ay qalmış biletlər bitir: “Pandemiyadan sonra teatrlara, tamaşalara böyük maraq var. Dekabr ayının 25-də “Paris Notr-Dama ithaf” tamaşasına bilet qalmayıb. Noyabr ayının tamaşalarında da vəziyyət belə olmuşdu, bir ay öncədən biletlər satılıb qurtarmışdı. Gözlədiyimizdən də artıq həvəs var, pandemiyada tamaşaçılar teatrdan ötrü çox darıxmışdılar və indi onların həqiqətən darıxdığını hiss edirik. Həm özləri mənəvi qida alırlar, həm də bizə çox xoş olur. Biz pandemiya şərtlərinə çox ciddi əməl edirik, tamaşaçıların hər biri tibbi maskalardan istifadə edir, “COVID-19 pasportu” olmayan heç kim teatra buraxılmır. Biletlərin qiymətləri də əvvəlki kimidir, yerləşmə sırasından asılı olaraq 6-10 arasında dəyişir”. Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı da teatra böyük marağın olduğunu deyib: “Bildiyimiz kimi, oktyabrın 1-dən etibarən teatrların fəaliyyətinə icazə verilib. Lakin bu, o demək deyil ki, elə həmin gündən etibarən tamaşaların nümayişi mümkün olub. Çünki iki ilə yaxın müddət teatr bağlı qaldı. Teatr canlı sənət olduğuna görə tamaşaların intensiv məşqlərinə ehtiyac var idi. Ona görə də oktyabrın 1-dən 15-dək cari repertuarda olan tamaşalar səhər və axşam, gündə iki dəfə olmaqla məşqlər keçirildi. Ayın 15-dən isə tamaşaların nümayişinə başlanıldı. İlk nümyaişdən bu vaxta qədər ay yarım vaxt keçib və bu müddətdə deyə bilərik ki, tamaşalara insanlar tərəfindən çox böyük maraq var. Karantin müddətində ictimaiyyət arasında teatrların bağlı olması ilə əlaqəli həm aktyorların, həm də tamaşaçıların narahatlıqları olurdu. Biz bunu anlayırdıq. Amma teatrların fəaliyyətinin bərpası haqqında qərarı nə Mədəniyyət Nazirliyi, nə də teatr rəhbərliyi vermədiyi üçün yalnız açılışı gözləməli idik. Əlbəttə, karantin qaydalarına riayət olunur, “COVID-19 pasportu” olmadan heç kim teatra buraxılmır, teatr zallarında tibbi maskadan istifadə isə məcburidir. Təlimata əsasən, sosial məsafəni gözləmək məqsədilə biletlərin yalnız 50 faizi satışa çıxarılır. Dediyim kimi, tamaşalara maraq böyükdür, bizim cari repertuarda olan tamaşaların məşqləri başa çatmaq üzrədir. Cümə, şənbə və bazar günləri tamaşalar mütəmadi olaraq nümayiş olunur. Yarımçıq qalan tamaşaların məşqləri bitmək üzrədir. Yeni ildən etibarən isə Azərbaycan və dünya dramaturgiyasından çox maraqlı tamaşalar var ki, onların da premyerasını biz gələn mövsümdə, il ərzində həyata keçirəcəyik”. Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın verdiyi məlumata görə, onlar tələbatı nəzərə alaraq nümayişlərin sayını artırıblar: “Tam səmimi deyirəm, teatra gələn tamaşaçı dəhşət çoxdur. Bilmirəm bunun üçün pandemiyamı olmalıydı? Biz əvvəl başlayanda 3 seansla başlamışdıq, indi 4 seansla davam edirik. Bizdə həmişə teatra maraq çox olub, uşaqlar teatrı sevirlər. Uşağın çöhrəsindən onun teatra marağını, sevgisini hiss edirsən ki, onlar tamaşalara məcburiyyətlə gəlmirlər. Tamaşaçı problemimiz yoxdur. Tamaşalarımızı pandemiyadan əvvəl 3 seans nümayiş olunurdu, 2 seans Azərbaycan dilində, 3-cü seans rus dilində. İndi 3 seans azərbaycan dilində, 4-cü seans rus dilində olmaqla tamaşalarımız 4 seansda göstərilir. Böyük maraq və tələbat var. Dekabr repertuarı yayımlanan kimi artıq tamaşaçılar bilet sifariş edirlər. Repertuara yeni nümunələr də əlavə eləmişik. Bizim tamaşaçıların əksəriyyəti də daimi tamaşaçılardır. Çalışırıq ki, uşaqlar hər dəfə yeni mövzular, yeni tamaşalar görsünlər”. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva da vəziyyətin ürəkaçan olduğunu vurğulayıb: “Bizdə heç vaxt tamaşaçı qıtlığı olmayıb. Xüsusilə, pandemiya müddətində bir il yarıma qədər davam edən fasilədən sonra teatra çox böyük axın var. Fəaliyyətimizi bərpa edəndən sonra iki yeni tamaşa qoymuşuq, premyerasını da keçirmişik. Biri oktyabr ayında “Qıpçaq rəqsləri” baleti, ikinci isə bir neçə gün bundan öncə Fikrət Əmirovun musiqisinə “Nizami” baletidir. Bunu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr eləmişik. Adətən, həftədə 3 dəfə, çərşənbə, şənbə və bazar günləri olmaqla tamaşalar nümayiş olunur. Bütün tamaşalar da pandemiya qaydalarına əməl olunmaq şərti ilə anşlaqla keçir”. Geri qayıt |