Əsas Səhifə > Şou-biznes > "Onlara baxanda düşünürəm, niyə bu sənətə gəliblər?"
"Onlara baxanda düşünürəm, niyə bu sənətə gəliblər?"22-11-2021, 08:13 |
O, son illər ərzində bir çox seriallardakı obrazları ilə Azərbaycan tamaşaçısına tanışdır artıq. Biz də daha yaxından tanış etmək istədik. Beləliklə, AYNA-nın həmsöhbəti müğənni Roza Zərgərlinin mənəvi oğlu, aktyor Corc Qafarovdur. - İncəsənətə marağını necə yarandı? - İncəsənətə marağım uşaqlıqdan yaranıb. Uşaq yaşlarından həkim olmaq istəmişəm, amma incəsənətin bir çox sahələri ilə məşğul olduğumdan bu sahəyə marağım artdı. Hətta uşaq yaşlarımda filmlərdən birində baş rola dəvət aldım. Çəkilişdən sonra hiss etdim ki, aktyor olsam, filmlərə çəkilsəm, daha xoşbəxt ola bilərəm. Beləliklə, qarşıma məqsəd qoydum ki, həkim yox, aktyor olacağam. - Bu sahə üzrə beynəlxalq kurslarda, təcrübə proqramlarında iştirak etmisiniz, yoxsa yalnız ali təhsil ilə kifayətlənmisiniz? İncəsənət Universitetinin Dram, Kino və Teatr Aktyorluğu fakültəsini bitirmişəm. Universitetdə oxuduğun müddətdə çox şeylər öyrənmişəm. Rusiya, Türkiyə və bir sıra başqa ölkələrdə master klasslarda iştirak etmişəm. Etiraf edim ki, o master klassların xeyri var. Bu gün vaxt azlığından çox master klasslarda iştirak edə bilmirəm. Azərbaycanda öz yerimi tutandan sonra artıq xarici ölkələrdə özümü sınamaq haqqında düşünəcəm. - Bu gün uğur qazanmağınızda Roza Zərgərlinin imzası varmı? - Uşaqlıqdan bu sahə üzrə özüm uğur qazanmışam. Amma düşünürəm ki, bu gün uğur qazanmağımda Roza xanımın da böyük köməyi var. Roza xanım ailə sevgisində, mənəvi məsələlərdə mənə çox yardım olub. Bu da mənim sənətimdə daha çox uğur qazanmağıma səbəb olub. Deməli, Roza xanımın mənim sənətimdə rolu var. - “Ata Ocağı” serialında Könül obrazı ilə tanınan Ləman Novruzova ilə paylaşdığınız bir şəkil medianın diqqətini çəkdi və hətta bunu xəbər halına saldılar. Buna münasibətiniz? - Belə bir xəbər mətbuatda dərc olunmuşdu. Düzü, heç bilmədim kim yazıb. Şayiələr gəzdi. Amma böyüdüləcək bir məsələ deyildi. Üzdə olan insanlar haqqında belə danışmaları normaldır. Sadəcə onu deyə bilərəm ki, bizim aramızda heç nə olmayıb. Hətta onu da deyim ki, Ləman xanımın sevgilisi var. - Bəs sizin şəxsi həyatınızda vəziyyət necədir? - Mənim şəxsi həyatımda işlər yaxşıdır, amma həyatımda heç kim yoxdur. Çünki zamanımı kiməsə ayırmaq əvəzinə karyerama vaxt sərf etməyi düşünürəm. Fikrimi işlərimdən ayırmaq istəmirəm. Fikirləşirəm ki, heç kimə bu gün ehtiyacım da yoxdur. - Adətən televiziya tamaşaçıları aktyorları obrazlarındakı kimi tanıyırlar. Bəs sizin “Ramiz” ilə oxşar cəhətləriniz varmı? - Elədir. İnsanlar bizə yaxınlaşıb bəzən bizi danlayırlar. Deyirlər, “həyat yoldaşına qarşı niyə belə hərəkətlər etdin?”. Mən də sona kimi dinləyirəm. Amma onu deyim ki, bizim “Ramiz”lə qəti oxşarlığımız yoxdur. Həm dünya görüşümə, həm yaşam tərzimə görə “Ramiz”dən tam fərqli biriyəm. - Sənətdə özünüzə rəqib kimi görürsünüz? - Sənətdə heç kimi özümə rəqib görmürəm. Hər aktyorun özünəməxsusluğu var. Bəyəndiyim aktyorlar var: Ziya Ağa, Türkay Cəfərli, Nurlan Süleymanlı. Amma yaşlı nəsildən olan bəzi aktyorlar var ki, onlara baxanda düşünürəm, niyə bu sənətə gəliblər? Axı, uzun illərini sərf etsələr də, heç bir nəticə əldə etməyiblər. Amma adlarını səsləndirməyəcəm. Ayıb olar. Biz gənclərin həddinə deyil yaşlı nəsli müzakirə etmək. Geri qayıt |