Əsas Səhifə > Şou-biznes > Xalq artistindən Türkiyə-Azərbaycan qardaşlığına gözəl İTHAF

Xalq artistindən Türkiyə-Azərbaycan qardaşlığına gözəl İTHAF


15-11-2021, 11:17
Xalq artistindən Türkiyə-Azərbaycan qardaşlığına gözəl İTHAF
Xalq artisti Gülyanaq Məmmədova yeni “Kardeşlik çağrısı” (Qardaşlıq çağırışı) mahnısını təqdim edib.

Bu haqda Moderator.az-a müğənninin özü məlumat verib. G.Məmmədova bu mahnının Türkiyə-Azərbaycan qardaşlığına həsr olunduğunu bildirib. Mahnıda türk və azərbaycanlıların əzəldən qardaş olduqları və 44 günlük Vətən savaşında qardaş Türkiyənin dəstəyindən bəhs edilir:

“Bu təklif mənə Leyla Vahidqızından gəldi. Musiqisini isə Yeganə Mikayılqızı bəstələyib. Çünki mən son olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Yeganə xanımın “Qarabağ Azərbaycandır!” mahnısını oxumuşdum. Onun bəstələdiyi musiqiləri çox bəyənirəm. Leyla xanımın yazdığı sözlər isə çox xoşuma gəldi. Çünki bu gün hamımız türkçülüyümüzü, dövlətlərimizin birliyini, qardaşlığını bəyənirik. Dövlət başçılarımızın qardaşlığımıza, xalqımıza verdiyi dəyərlər hamısı bizi sevindirir. Buna görə də dedim ki, mahnı yazılsın, oxuyaram. Yəni mahnıda sözün qüvvəsi, dəyəri olmayanda o mahnı düşünürəm ki, uğursuz olur. Amma burda söz və musiqi hər ikisi bir-birini tamamladığı və məni də qane etdiyi üçün oxudum və tez bir zamanda da mahnıya klip çəkdirmək qərarına gəldim.

İdeya və layihə isə Leyla Vahidqızına məxsusdur. Onun türkçülüyümüzə, millətçiliyimizə, dostluğumuza və qardaşlığımıza verdiyi dəyər yazdığı sözlərdən də bəlli olur. Bu işdə Xalq artisti Nürəddin müəllim Mehdixanlıya çox minnətdaram. O, da tariximizə, türkçülüyümüzə, qardaşlığımıza çox böyük dəyər verdiyi üçün təklifimi qəbul edib razılaşdı və bu klipdə onun möhtəşəm ifası, şeiri yer aldı. Ona görə də bütün heyətə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, mahnının aranjimanı Nazim Əhmədə məxsusdur. Qiraətçi isə Xalq artisti Nürəddin Mehdixanlıdır.




Geri qayıt