Əsas Səhifə > Şou-biznes > "Deyirdi ki, əl-qolumu çırmalayıb Şuşada, Cıdır düzündə tamaşa oynamaq istəyirəm..."
"Deyirdi ki, əl-qolumu çırmalayıb Şuşada, Cıdır düzündə tamaşa oynamaq istəyirəm..."13-11-2021, 09:18 |
“Mənim hələ 7 yaşım var idi, nənəmlə birlikdə Ağdama helikopterlə qastrol səfərinə getmişdim. Azyaşlı olsam da bu mənim yadımda qalıb. Nəsibə xanım Qarabağ məsələsinə ürək yanğısı ilə yanaşırdı. Vaxtaşırı cəbhə bölgələrinə gedib tamaşalar sərgiləyir, xəstəxanada yatan qazilərə baş çəkirdi” Bunu Moderator.az-a açıqlamasında sevilən aktrisa Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova deyib. O daha sonra əlavə edib. “Hər çıxışında da Qarabağ məsələsinə toxunurdu. Özü də deyirdi ki, baxmayaraq ki, ömrümün son günləridir, amma mən əl-qolumu çırmalayıb Şuşada, Cıdır düzündə tamaşa oynamaq istəyirəm. Əfsuslar olsun ki, Şuşanı yenidən görmək nənəmə qismət olmadı. Mənə elə gəlir ki, Nəsibə xanımın bu gün ruhu şaddır. İnşallah ki, Şuşanı və digər işğaldan azad olunmuş əraziləri görmək hamımıza qismət olar” deyə sənətkarın nəvəsi Nəsibə Əsgərova bildirib. Nəsibə xanım komediya janrının bu günki vəziyyətindən də söz açıb. “Bu gün hamımızın anladığı komediya, gülüş yoxdur. Hər bir insan televiziyada göstərilən zarafatları, lətifələri səhnələşdirir və buna gülüş deyir. Sözsüz ki, bu bir başqa səmtdir. Bəlkə mən nəyisə düzgün başa düşmürəm, amma bu gülüş deyil, sadəcə olaraq səhnələşdirilmiş zarafatlardır. İnşallah ki, hər şey düzələr və incəsənətimizdə bu sahə də başqa yöndə inkişaf etməyə başlayar. İnsanlar bilməlidir ki, gülüş nədir, komediya nədir, satira nədir? Bunu tamaşaçılara aşılamaq lazımdır” deyə sənətkarın nəvəsi deyib. Geri qayıt |