Əsas Səhifə > Şou-biznes > "Çox insan doğum gününü sevmir, yaş üstünə yaş gələndə bikef olur"

"Çox insan doğum gününü sevmir, yaş üstünə yaş gələndə bikef olur"


5-11-2021, 09:42
"Çox insan doğum gününü sevmir, yaş üstünə yaş gələndə bikef olur"
“Öncə təbrik üçün sizə öz təşəkkürümü bildirirəm. Moderator.az tək doğum günlərində deyil, hər zaman sənətçilərə diqqət ayırır. Bəzi insanlardan fərqli olaraq doğum günlərimi qeyd etməyi, ən azından ailə içərisində keçirməyi sevirəm. Çünki çox insan doğum gününü sevmir, yaş üstünə yaş gələndə bikef olur. Amma mən çox sevinirəm ki, yaşımın üstünə bir yaş da gəldi, bu ili də yaşadım. Hər zaman bu xüsusi günümdə insanlar tərəfindən böyük hörmət və izzət görürəm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Mələkxanım Əyyubova deyib. Xanəndə daha sonra əlavə edib.

“Məni ilk təbrik edən ailəm, övladlarım olur. Yaş üstünə yaş gələndə sevinirəm və Allaha şükür edirəm ki, çox sağ ol ki, məni bu yaşa gətirib çatdırdın. İnsan öz-özünə hesabat verir ki, bu yaşa qədər necə yaşadım, necə oldum, hansı nailiyyətlərim, uğurlarım və səhvlərim oldu?! Bu zaman insanın içində arzular doğur. Hər yaşın öz qayğıları olur, öz arzuları var. Təbii ki, arzular heç bir vaxt tükənmir. Dünən gecə saat 12-ni keçəndən sonra tək qalıb özümə arzularımı, dualarımı etdim. Həyatdan, özümdən, Allahımdan nə istəyirəmsə onu dilədim. Əgər bundan sonra mənə yenə də ömür yazıbsa, onu sağlam canla yaşayım, sənətimdə uğurlar əldə edim, balalarımın xeyirlərini görüm. Qurban olum Allaha, inşallah ki, səsimi eşidər. İnsanı həyatda sevgi, diqqət, ailəsinin xoş günləri yaşadır. Mənim kimi sənətkar olanda bunların üstünə xalqın, tamaşaçıların sevgisi də əlavə olunur. Mən bu diqqəti, sevgini artıqlaması ilə görmüşəm. Məni həyatda yaşadan da bunlardır. Ən böyük təşəkkürüm Allahadır ki, o məni sevir, heç bir vaxt arzularımı ürəyimdə qoymur” deyə xalq artisti bildirib.

Geri qayıt