Əsas Səhifə > Şou-biznes > “Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir”

“Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir”


29-10-2021, 08:07
“Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir”
Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır. Bu barədə “Günün sədası” verilişində danışılıb. Xalq artistinin qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib: “İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım? Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.

Sənətkarın həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib:

“Ayın 2-də (sentyabr ayı - red.) zəng gözləyirdim. Heç yaxın adamlarından da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım, bilirdik, sadəcə, kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim. Qızlarım ayrı gedib, onlarla gedəndə pis oluram. Pul toplayıb qəbrin üstünə gül qoyduq, bu qədər. Mədəniyyət qurumları ”Şöhrət" ordenli bir sənətkarın ailəsinə zəng edib bayramını təbrik etmir. Bu, nə deməkdir?! Bu qurumlar nə ilə məşğuldur? Bu qədər də saymamazlıq olmaz da. Tək mən deyiləm".

Bundan əvvəl də Rəhimə Nuriyeva mətbuata açıqlamasında xalq artistinin ölümündən sonra Mədəniyyət Nazirliyinin onların ailəsini diqqətdən kənar qoymasından şikayətlənmişdi. Mədəniyyət naziri Anar Kərimov isə Report.az-a açıqlamasında “bu məsələni yoxlayırıq”, deyə cavab vermişdi.

Xatırladaq ki, Yaşar Nuri Azərbaycan kinosu və teatrı mədəniyyətində xüsusi rolu olan sənətkardır. Təkcə komik deyil, eyni zamanda psixoloji və dramatik rolların məharətli ifaçısı olan Yaşar Nuri əlliyə yaxın filmdə çəkilib. Həmin filmlər arasında “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Nə gözəldir bu dünya”, “Qətl günü” xüsusən sevilir. Əsasən baş rolları ifa etdiyi “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Göz həkimi”, “Qatarda”, “Ac həriflər” televiziya tamaşaları bu gün də tamaşaçıların böyük marağını qazana bilir.

Yaşar Nuriyev səhnədə və kinoda qazandığı uğurlara görə Azərbaycan SSR Dövlət mükafatına, iki dəfə “Qızıl dərviş”, mükafatına, Prezidentin I dərəcəli mükafatına, həmçinin fərdi təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ilin noyabrında 61 yaşında dünyasını dəyişib. Aktyorun Ülviyyə və Ülkər adında iki qızı var.

Bəs məşhur sənətkarın ailəsi bu gün niyə mədəniyyət qurumlarının diqqətindən kənarda qalıb? Ailənin gül almağa belə niyə pulu yoxdur?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, bu barədə tezliklə açıqlama veriləcək.

Yaşar Nurinin uzun illər çalışdığı Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Cavid Zeynallı isə bildirdi ki, bir neçə gün sonra təmsil etdiyi teatrda Yaşar Nurinin yubiley tədbiri olacaq: “Yaşar Nuri Azərbaycan kino və teatr sənətində böyük xidmətləri olan sənətkardır. Onun sənəti, xatirəsi bizim üçün həmişə əzizdir. Sentyabrın 6-da Akademik Milli Dram Teatrının təşkilatçılığı, teatr xadimlərinin iştirakı ilə Yaşar Nurinin məzarı ziyarət olunub, onun haqqında sənət dostları xatirələrini danışıblar. Yubiley tədbiri sentyabra planlaşdırılırdı. Lakin teatrlar bağlı idi və tədbiri keçirmək karantin qaydalarına zidd idi. Noyabrın 3-də isə Akademik Milli Dram Teatrında Yaşar Nurinin yubiley tədbiri keçiriləcək. Əlbəttə ki, onun adına layiq tədbir olacaq və ailəsi də, sənət dostları da razı qalacaqlar. Tədbirin hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Yaşar Nuri ilə uzun illər həm teatrda, həm də kinoda tərəf müqabili olmuş xalq artisti Firəngiz Mütəlimovanın da rəyini öyrənməyə çalışdıq. Xalq artisti ailənin vəziyyətinin hansı səbəbdən bu həddə gəlib çatmasından xəbərsiz olduğunu dedi: “Mütəmadi olaraq Yaşar Nurinin xanımı, ailəsi ilə əlaqə saxlayıram. Yalnız son iki ildir pandemiya səbəbindən ailə ilə yalnız telefon əlaqəsi saxlayıram. Rəhimə xanımın və Ülkərin açıqlamalarını mən də izlədim. Doğrusu, hansı səbəbdən vəziyyətin bu həddə gəlib çatmasından xəbərsizəm. Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir. Vəziyyətin ağır olmasına gəldikdə isə iki ildir ki, dünyada, ölkəmizdə pandemiyadır. Bu səbəbdən çox insanın vəziyyəti ağırlaşıb. Sentyabrda Yaşar Nurinin 70 illik yubileyi idi. Rəhimə xanıma zəng etdim, zəngimə çox sevindi. Akademik Milli Dram Teatrından da Yaşar Nurinin məzarını ziyarət etdilər, qəbrinin üstünə əklillər qoydular. Amma pandemiya olduğundan çox adam, şəxsən mən də onun qəbirüstünə gedə bilməmişdim. Düşünürəm ki, bir qədər səbirli olmaq lazımdır. Səbirli olsaq, hər şey yaxşı olar”.

Qeyd edək ki, müğənni Rüfət Axundov mərhum sənətkarın bacısı oğludur. Lakin nədənsə müğənni hər zaman dayısının ailəsinə soyuqqanlı yanaşmağını gizlətməyib. Hətta açıqlamalarının birində qeyd edib: “Soyuqluğa qalsa, ömrü boyu aramızda soyuqluq olub. Allah rəhmət eləsin, ölünün dalınca danışmazlar. Dayım işgüzar adam idi, heç başını qaşımağa vaxtı olmayıb. Böyüyümüz, ağsaqqalımız idi, həmişə də qulluğunda durmuşuq”.

Yaşar Nurinin digər bacısı oğlu isə tanınmış aktyor Nicat Rəhimovdur. Aktyor mərhum dayısının ailəsinin hansı səbəbdən bu vəziyyətə düşməsindən xəbərsiz olduğunu dedi: “Dayımın ailəsi ilə daim əlaqə saxlayırıq, anam da əlaqə saxlayır, yeri gələndə köməklik də edirik. Lakin efirdə niyə o cür açıqlamalar verirlər, anlamıram”.
“Yeni Müsavat”

Geri qayıt