Əsas Səhifə > Şou-biznes > “Vaqif Mustafayev mən istədiyim filmi çəkə bilməz”

“Vaqif Mustafayev mən istədiyim filmi çəkə bilməz”


28-10-2021, 08:21
“Vaqif Mustafayev mən istədiyim filmi çəkə bilməz”
Azərbaycan kinematoqrafiyasında Qarabağ mövzusuna həsr olunmuş filmlər xüsusi yer tutur. Bunlardan “Fəryad”, “Haray, “Yalan”, “Biz qayıdacağıq”, “Dolu” və digər filmləri nümunə göstərmək olar. Tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanan bu filmlərin bəzilərinin İkinci Qarabağ müharibəsindəki qələbədən sonra davamının çəkilməsinə başlanılıb.

1993-cü ildə Vaqif Mustafayevin ssenarisi əsasında çəkilən “Fəryad” filminin yeni, Vətən müharibəsinə həsr olunmuş variantının çəkilişlərinə bu ilin iyul ayından başlanılıb. “Həyat, deyəsən, gözəldir” adlı filmi Vaqif Mustafayev ilkin formada “Fəryad 2” adlandırıb. “Azərbaycanfilm” kinostudiyasının məlumatına görə, artıq filmin çəkilişləri başa çatıb.

“Qarabağ müharibəsi mövzusunda çəkilən “Dolu” filmi də tamaşaçıların yaddaşında qalan filmlərdəndir.

Filmin ssenari müəllifi Aqil Abbas Cebhe.info-ya açıqlamasında İkinci Qarabağ müharibəsinə həsr etdiyi və “Dolu 2” filminin ssenarisinin hazır olduğunu bildirib:

“İkinci Qarabağ müharibəsi mövzusunda ssenarim hazırdır, 1 həftəyə Mədəniyyət Nazirliyinə verəcəyəm. Çəkəcəklər, ya yox, bu, onların öz işləridir. “Dolu”dan da gözəl bir ssenari yazmışam. Müharibə haqqında gözəl filmlər çəkilib. Amma müharibə filmi, döyüş səhnəsi əsas “Dolu” filmindəydi. İndi “Fəryad 2” çəkilib, Vaqif Mustafayev böyük rejissordu, amma onu çəkə bilməz. Vaqif Mustafayev mən istədiyim filmi çəkə bilməz. Amma “Dolu 2” filmi olacaq, çünki 9 il bundan öncə çəkilən “Dolu” filmində sonu yazılmayıb. Ona görə ki, biz onun ardını çəkəcəkdik. Həmin filmin son səhnəsində necə ki, döyüşçülər piyada Ağdam şəhərinə döndü, bax, o ideyanın ardını çəkəcəyik”.

Aqil Abbas filmin rejissorunun adını çəkib:

“Filmin rejissoru Elxan Cəfərov olmalıdır. Əgər rejissorluğu Elxan Cəfərovdan başqa kiməsə versələr, mən o filmi verməyəcəm. Həmin filmi başqa adama etibar etmərəm.”

“Dolu” filminin ssenari müəllifi filmin mövzusundan da bəhs edib:

“Bütün insan taleləri müharibənin içində olur. Bir foto var, yaralı əsgər öz hərbçi yoldaşını çiyninə alıb aparır. Bax, o tale çəkilməlidir, Şuşaya çıxan və çıxmayan, şəhid oğulların taleyi çəkilməlidir. Qələbə bizimdir, orda əksini tapıb. Amma söhbət müharibənin faciəsindən gedir. Faciə nədir? Bu, insan ölümüdür, insan! 3 minə yaxın şəhidimiz, 6 minə qədər qazimiz var. Onların faciəsidir. Onlar öldülər, şəhid oldular və torpağı Vətən elədilər. Budur mənim ideyam! “Dolu”da da bu ideyanı qoymuşam, buna nail olmuşam. “Dolu 2”də də bunun üzərində işləmişəm. “Dolu”dan gözəl yazmışam. Əgər “Dolu”dan gözəl olmayacaqsa, neynirəm onu, ona nə ehtiyac var ki?!”

Yazıçı bundan əvvəl də film ssenarisi üçün nazirlikdən sifariş gəldiyini qeyd edib:

“Aprel döyüşlərində mənə mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən sifariş gəldi ki, “Dolu” filmi kimi bir ssenari yazım, Elxan Cəfərov da çəksin. Mənə 3 ay da vaxt qoydular. Dedim ki, mən bu müddətə yaza bilmərəm, hər gün zəng edirdilər. Mən də yazdım, verdim. Sonra dedilər ki, müharibə haqqında film çəkilməsi məsləhət olmadı deyə çəkilmədi. Sonra müharibə haqqında mənasız bir film çəkdilər. Bizdə “Yalan”, “Fəryad”, “Biz qayıdacağıq” kimi bu mövzuda gözəl filmlər çəkilib. 10 dəfə versələr, 10 dəfə də baxdığım filmlərdir. Məsələn, 2-ci Qarabağ müharibəsi mövzusunda “Beşatılan” filmi çəkiblər. Çox mənasız filmdir, nə rejissor işi, nə operator işi, nə aktyor işi var. Azərbaycanda “Uzaq sahillərdə” necə xalqın yaddaşında qalıbsa, “Dolu” filmi də həmişə qalacaq.

“Dolu” filmində “Pələng”, “Drakon” və digər obrazlar var. Filmdə bu obrazları oynayan aktyorlara öz adları ilə yox, obrazlarla müraciət edirlər. Şamil Süleymanlı min dənə filmə çəkilib, böyük aktyordur, camaat ona “Dolu” filmində oynadığı obraza görə “Müəllim” deyə müraciət edir. “Dolu” filmini nə qədər istəyirsiniz, tərifləyə bilərəm, çünki buna haqqım var”.

Geri qayıt