Əsas Səhifə > Şou-biznes > “Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”

“Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”


26-10-2021, 16:52
“Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”
““Yuxu kimi” serialı ölkənin ən baxımlı, ən reytinqli serialıdır. Mənim də bir aktrisa kimi çoxdan arzum idi ki, rejissor Rövşən İsaxla çalışım. Çünki o hər zaman tamaşaçının nə istədiyini çox gözəl bilir. Rövşən İsax “Yuxu kimi” serialında Əsmər xarakteri üçün mənə müraciət edəndə təbii ki, çox həyəcanlandım, maraq mənə güc gəldi. Amma eyni zamanda düşündüm ki, öncə sınaq çəkilişi edək və görüm ki, bu obraz məndə öz həllini necə tapır?!. Sınaq çəkilişində Rövşən İsax mənim bu obrazı sona qədər oynamağımı istəmədi və yarıda saxlayaraq dedi ki, “Dilarə, bu dünyada nə içirsən, nə yeyirsən, necə yaşayırsansa hamısı halalın olsun”. O çox-çox bəyəndi, məndən razı qaldı və beləliklə biz birlikdə yola çıxdıq”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva deyib. O daha sonra əlavə edib.

“Təbii ki, tamaşaçılar məni bu cür serialla, belə bir obrazla gözləmirdilər. Yəqin ki, təəccübləniblər, bəziləri bəlkə də məni o serialda heç görmürlər. Hərhalda bu bir yaradıcı prossesdir. İnsanlar bəzən mühafizəkar yanaşırlar bu peşəyə. Düşünürlər ki, komediya aktrisasısansa mütləq komik obrazlarla tamaşaçı qarşısına çıxmalısan. Dramatik aktyorsansa mütləq dramatik obrazlar oynamalısan. Bəzən tamaşaçının qəbul etdiyi o sterotipləri qırıb-sındırmaq, onlara yeni bir dəst-xətt göstərmək lazım gəlir. Mən gedişatda həqiqətən də şahidi oluram ki, Rövşən İsax nəyi görmək istədiyini bilir və biz bu yolda da dəqiq, konkret addımlar atırıq. Hələ mənim yaradıcılığımda Əsmər kimi obraz olmamışdı. Tam yeni bir xəttdir, biz hələ onu ilmə-ilmə toxuyuruq. O ki, qaldı tamaşaçıların bu obrazı necə qəbul etməsinə? Hər bir tamaşaçının öz fikri, yanaşması var. Məni bu obrazla qəbul edənlər də, etməyənlər də var. Əsas odur ki, ortada görülən böyük bir iş, əziyyət, zəhmət və çox uğurlu bir layihə var” deyə Dilarə Əliyeva bildirib.

“Sizcə Əsmər haqlıdır? Həyatda qarşınıza elə qadınlar çıxsa münasibətiniz necə olar?” sualına isə aktrisa belə cavab verib.

“Əslində Əsmər kimi qadınlar çox təhlükəli və öz xoşbəxtliyini digərlərinin xoşbəxtliyi üzərində qurmağa çalışan xanımlardır. Onun xoşbəxt olmaq üçün özünə aid bir həqiqəti olmuş olsa belə. O bu şəkildə münasibət qurub, özünü xoşbəxt etmək istəmir. Belə münasibətlər müvəqqəti münasibətlər olur hər zaman. Çünki sənə aid olmayan bir insan demək ki, sənə aid deyil. Sənə aid olmayan bir şeyi zorla əldə etmək də düzgün deyil. Əsmər xanımı təbii ki, haqlı saymıram, çox təhlükəli insandır. Allah hər bir insanı bu cür hiyləgər xanımlardan uzaq etsin. Çünki qarşıda Əsmərin daha təhlükəli planları var” deyə aktrisa bildirib.

Dilarə Əliyeva sosial şəbəkədə adına açılan instaqram səhifəsindən də danışıb.

“Mənim instaqram hesabım yoxdur, çünki hələ ki, bu işlərlə ciddi məşğul olmağa hazır deyiləm. Bundan əlavə də məni sosial şəbəkələrdə narahat edən məqamlar var ki, onların həllini tapmamışam. İnstaqramda adıma açılan səhifəni məni çox-çox sevən, 11-ci sinif şagirdi olan bir xanım idarə edir. Mən onu şəxsən tanıyıram, arada o mənə zəng edir, mən onunla əlaqə saxlayıram. Mən ona belə bir səhifə açdığı üçün təşəkkür edirəm. Ona xoş olsun deyə və insanlar mənim sənətimdəki yenilikləri izləsinlər deyə mən o xanıma arada-sırada özümdə olan şəkillərdən göndərirəm, o da paylaşır. O məni diqqətdə saxladığı kimi, mən də çalışıram ki, onu diqqətdə saxlayım” deyə aktrisa bildirib.

Sabah doğum günü tamam olan aktrisanı da ilk olaraq biz təbrik etdik.

“Məni doğum günü münasibətimlə ilk təbrik edən siz, Moderator.az- oldu. Bu diqqətə görə sizə öz təşəkkürlərimi bildirirəm. Doğum günlərimi heç vaxt xüsusi qeyd etməyi sevmirəm, etmirəm də. Fikirləşirəm ki, qeyd etsəm həmin gün üçün insanlara böyük əziyyət vermiş olaram. Sözə çevirə bilmədiyim qəribə duyğular yaşayıram. Dəfələrlə olub ki, doğum günüm canlı efirlərə təsadüf edib, amma heç vaxt vurğulamamışam ki, bu gün mənim ad günümdür. Düşünürəm ki, diqqət tək doğum günlərində deyil, hər zaman olmalıdır. Mənə vacib olan odur ki, bütün münasibətlərin kökündə səmimiyyət olsun, ürəkdən istəsinlər bu yetər. Hədiyyə almaqdansa hədiyyə verib qarşı tərəfi sevindirməyi xoşlayıram. Mənə hədiyyə təqdim edəndə o qədər sıxılıram ki. Bu hiss məndən heç vaxt ötüb keçmir” deyə Dilarə Əliyeva bildirib.

Geri qayıt