Əsas Səhifə > Şou-biznes > Narkotik qatqılı erməni nağılları və ya “Maşa və ayı”ya qarşı “cihad”
Narkotik qatqılı erməni nağılları və ya “Maşa və ayı”ya qarşı “cihad”25-10-2021, 10:53 |
Ermənistanda hər zaman hiddətlənmək üçün səbəblər tapmağı bacarıblar - hətta o halda ki, məntiqlə həmin anda onlardan özlərini təmizə çıxarmaq üçün bəhanə gözləmək daha düzgün olardı. Bu, dünyaya öz nöqteyi-nəzərindən baxmağa adət etmiş qonşu ölkənin sakinlərinə xas xüsusiyyətdir. Eyni hal bu dəfə Rusiyanın məşhur “Maşa və Ayı” cizgi filminin yaradıcıları – “Animaccord” studiyasının Azərbaycana həsr olunmuş serial hazırlamasından sonra baş verib. “Maşanın yeni nağıllar” seriyasına daxil olan cizgi filminin bu buraxılışı “Şahzadə Məlikməmməd” adlanır və Azərbaycan xalq nağılı “Cırtdan” əsasında ərsəyə gəlib. Buraxılışda Azərbaycanın milli mətbəxi olan çörək, dolma, şəkərbura, paxlava şirniyyatları nümayiş etdirilir, Qobustandan bəhs edilir. Bundan əlavə, cizgi filmində məşhur “Cücələrim” mahnısı səslənir. Və ən əsası budur ki, cizgi filminin bu buraxılışı qısa müddət ərzində “YouTube” kanalında çoxlu baxış toplayıb. Bu günə qədər 250 mindən çox insan ona baxıb. Hansı ki, təbiidir. Axı, "Maşa və Ayı" cizgi serialının, “Parrot Analytics” tərəfindən müəyyənləşdirilən ən populyar uşaq şoularının dünya reytinqində “Donuz Peppa”, “Köpək Patrul” və “Sezam küçəsi”ndən daha populyar olduğu ortaya çıxdı. "Maşa və Ayı"nın yalnız “YouTube” kanalına 35.7 milyon insan abunə olub. Aydındır ki, bütün bunlar erməni tərəfini dərindən və konkret olaraq narahat edir. İndi də erməni “Telegram” kanalları, eləcə də sosial şəbəkələrin erməni seqmenti hiddətlə bildirir ki, “biz dünən işləməli olduğumuz sahələrə göz yumduğumuz üçün yenə də geridə qalmışıq”. “Biz onlara cavab verməyə başlaya bilərik, bu gün animasiya çəkə bilərik ki, uşaqlarımızın və böyüklərimizin məşhur şoulardan sızan Azərbaycan mifindən başqa baxmağa nələrisə olsun”, - deyə müxtəlif ermənilər çağırış edirlər. Yəni, “Maşanın yeni nağılları”nda göstərilənlərin əsasını təşkil edən Azərbaycan nağılına bir növ tarixi sənəd kimi kifayət qədər ciddi yanaşıblar və hesab ediblər ki, təcili olaraq təkzib edilməlidir. Yalnız mif yaratmaq elementlərini hər yerə daxil etməyi bacardıqlarına vərdiş edənlər çağırışlarını bu cür əsaslandıra bilər. Və burada ermənilərin özləri haqqında nə qədər lətifə və gülünc əfsanələr yaratdıqlarını xatırlamaq düzgündür – o qədər çoxdur ki, sadalamaq belə, çətindir. Bu, məsələn, ser Uinston Çörçillin, guya erməni konyakını bütün digər içkilərdən üstün tutması hekayəsidir. Bu erməni mifinin müəllifləri keçən əsrin ən parlaq siyasətçilərindən birinin ən yaxşı spirtli içkilərdən, o cümlədən viskidən istifadə etmək imkanı olması barədə düşünməməyi üstün tutublar. Onlar üçün mümkün qədər öz yalanlarını yaymaq daha vacib idi. Eyni prinsipə əsasən, naməlum erməninin Amerika dollarını yaşıl rəngə boyamağa qərar verməsi barədə cəfəngiyyatlar yayılıb. Üstəlik, bütün ciddiliyi ilə iddia olunurdu ki, Amerikanı dünyaya məlum olmayan bir erməni kəşf edib. İddialara görə, Kolumbun gəmisində torpağı görən və qışqıran dənizçi məhz erməni imiş. Üstəlik, 44 günlük müharibədən əvvəl və onun gedişində erməni əsgərlərinin “məğlubedilməzliyi” haqqında çoxlu miflər eşitdik. Strabon, Kiçik Plini və hətta Qay Yuli Sezar şahid kimi göstərildi. Sonuncu guya iddia edib ki, “Köçəri” rəqsi oynayan erməni əsgərlərindən daha güclü qüvvə görməyib. 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqslərinin (“Köçəri”, “Tənzərə”) UNESCO tərəfindən Azərbaycandan təcili mühafizəyə ehtiyacı olan obyektlər siyahısına daxil edilməsi bu mifi xüsusilə qabarıq edir. Rəqs Naxçıvan Muxtar Respublikasının bütün ərazisində geniş yayılıb. Görünür, başqa bir aldadıcı mif uyduran ermənilərin heç biri bu barədə Qay Yuli Sezara məlumat verə bilməyib. Erməni əsgərlərinə gəldikdə, 44 günlük müharibə zamanı 10 mindən çox fərari sayı, Hüseyn Boltun xəyal etmədiyi bir sürətlə öz canını xilas etməyə hazır olduqları qədər, ermənilərin yenilməzliklərini və cəsarətlərini də göstərir. Amma təbii ki, belə primitiv, lakin yenə də erməni miflərindən biri ifşa olunduqdan sonra da onların istehsalı və yayılması dayanmadı. Xüsusən də bütün məşhur adamların hələ də erməni kökənli olmaları iddia edilir. Üstəlik, təkcə mərhumlar deyil, həm də dirilərin. Sonunculardan rəqqasə, model Corcinya Rodriguez - Kriştianu Ronaldonun vətəndaş nigahlı həyat yoldaşı, dördüncü uşağı Alana-Martinanın anasını erməni kökənli "etmək" qərara alındı. Corcinya Buenos Ayresdə anadan olub. Atası argentinalı Jorge Eduardo Rodriguez, anası ispan Anna Mariadır. Lakin bütün bu məlumatların və sadəcə sağlam düşüncənin əksinə olaraq, erməni mif yaradıcıları onu... erməni hesab etmək qərarına gəliblər. Onlar tez-tez qolları eyni üslubda qeyd edən Lionel Messinin nənəsinin də erməni olduğunu “anons” ediblər. Hər qoldan sonra barmaqlarını qaldırıb səmaya baxan Messi bu jesti nənəsinə həsr edir. Onun adı Celia Oliver Kuccittini idi. O, iyirmi ildən də qabaq, xoşbəxtlikdən onu "erməniləşdirmək" qərarını görməyənə qədər dünyasını dəyişib. Yəni bütün bu söylənilənlərin fonunda, “Cırtdan” nağılı əsasında “Maşanın yeni nağılları” seriyasının bir hissəsi olan cizgi filminin buraxılışının ərsəyə gəlməsi ilə bağlı erməni tərəfinin qışqırtılarını və hiddətlərini eşitmək, necə deyərlər, ən azı gülməlidir. Geri qayıt |