Əsas Səhifə > Şou-biznes > "Kişi qadına kömək etsə zəri tökülməz"
"Kişi qadına kömək etsə zəri tökülməz"23-10-2021, 09:09 |
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda səsləndirdiyi "Kişi ev işlərinə görə həyat yoldaşına pul ödəməlidir”- fikri heç də bimənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Mövzu ilə bağlı Moderator.az-a təəssüratlarını bölüşən qadın həmkarlarımız isə kişinin qadına pul deyil sevgi, diqqət və hörmət göstərməsinin tərəfdarıdırlar. Tanınmış aparıcı Nigar Sabirqızı bildirdi ki, Musa müəllim həmin açıqlamanı verdiyi gün onu “Diqqət Mərkəzi” verilişinə dəvət edərək məsələnin təfərrüatlarını aydınlaşdırmağa çalışıblar: “Verilişdə qonaq olan Musa Quliyev bildirdi ki, bu fikri ciddi mənada söyləməyib. Sadəcə qadın əməyinə diqqət çəkmək üçün belə bir açıqlama verib. Mən isə hesab edirəm ki, qadının əməyi, zəhməti pulla yox, kişinin sevgisi və hörməti ilə dəyərləndirilməlidir”. Aparıcı Aytən Səfərova mövzu ilə bağlı danışarkən qeyd etdi ki, əgər ailədə hər iki tərəf işləyirsə kişilər də qadınlarla birlikdə ev işlərində kömək etməlidir: “Qadın ona görə evdar adlanır ki, ev işləri ilə məşğul olur. Kişi də evə pul gətirirsə bu o demək deyil ki, qadına ev işinə görə pul da verməlidir. Kişi öz qadınını maliyyə cəhətdən də təmin etməlidir, əgər o qadın evdardırsa. Əgər xanım da kişi ilə bərabər işləyirsə hesab edirəm ki, ailədə bir-birlərinə kömək etməlidirlər. Misal üçün kişi özünə çay süzməyi bacarırsa bunu qadından niyə xahiş etməlidir? Qadın da həm öz işi ilə məşğul olur, həm uşaqlara baxır, həm də digər qayğılar üzərinə götürür. Evin xanımı işləyirsə bu demək deyil ki, səhərdən axşama qədər həm işdə, həm də evdə çalışmalıdır. Ailə qarşılıqlı hörmət əsasında daha da möhkəm olur. Kişi qadına kömək etsə zəri tökülməz. Kişinin əli-qolu varsa, fiziki qüsurlu deyilsə niyə kömək etməsin ki? İstənilən halda ər arvadının maliyyə xərclərini qarşılamalıdır. Bu mövzu bir neçə gündür ki, müzakirə edilsə də kişilər elə bir vəziyyət yaradacaq, söhbət fırlanacaq ki, nəticədə biz kişilərə pul vermək məcburiyyətində qalacağıq. Ona görə də hər şey yerində olsa daha yaxşıdır. Sadəcə Musa müəllim fikrini düzgün ifadə edə bilməyib. Kişi qadına həm mənəvi, həm də maddi cəhətdən dəstək olmalıdır”. Aparıcı Vüsalə Səid isə qeyd etdi ki, kişilərimiz ailə başçısı olma məsuliyyətini bütün incəliklərinə qədər dərk etməlidir: “Kişilər nəzərə alsınlar ki, xanımlara puldan çox hörmət, diqqət və hər işdə həyat yoldaşının dayağı və sevgisi lazımdır”. “Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray bu məsələ ilə bağlı bir sıra ölkələrdə təcrübədən keçirilmiş məqamlar olduğunu vurğuladı: “Bir nüçə gün öncə Musa Quliyevin bu haqda səsləndirdiyi fikirlər cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Kişilər bu məsələyə daha sərt mövqe bildirib ki, bu da anlaşılandır. Lakin bir sıra ölkələrdə, xüsusən də Çində bununla bağlı əsaslar var. Belə ki, sırf aylıq maaş ödənilməsi ilə bağlı bir qanun olmasa da bildiyim qədəri ilə bir qadın ev işlərininin kifayət qədər dəyərləndirilmədiyini gördükdə təzminat ala bilir. Qonşu ölkə olan İranda bir qadın əgər ərindən küsüb, ata evinə gedirsə kişi xanımına təxminən 50 manat dəyərində gündəlik pul ödəyir. Yəni mövzu ilə bağlı dünyada bir çox təcrübələr var. Musa Quliyevin səsləndirdiyi təklif isə bizim mentalitetimizdə yad olduğu üçün təəccüblə qarşılandı. Musa Quliyev bizim dəyərli millət vəkillərimizdən biridir. O, hər hansı fikir səsləndirərkən bir neçə dəfə düşünüb, səsləndirir. Hesab edirəm ki, onun bu təklifinin hər hansı bir əsasları var”. Geri qayıt |