Əsas Səhifə > Şou-biznes > “Gecəykən məsləhət gördülər ki, Ərdəbili tərk edim”

“Gecəykən məsləhət gördülər ki, Ərdəbili tərk edim”


22-10-2021, 12:44
“Gecəykən məsləhət gördülər ki, Ərdəbili tərk edim”
“İranla bağlı işlətdiyim fikirlərə görə narahat deyiləm. Çünki haqqı deyirəm”.

Bunu Reyting.az-a Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti bildirib ki, son zamanlar İranın bəzi hərəkətləri onun danışmasına səbəb olub: “Mən Ərdəbildə olanda Şah İsmayıl Xətai ilə bağlı müsahibə verib, çox şeylər demişdim. Bunun üzərindən üç gündən sonra qaldığım evin sahibi məni bir kənara çəkib dedi ki, sizinlə maraqlanırlar. Deyirlər ki, kimdir, nəçidir, nə üçün gəlib və s. Mən də bildirdim ki, mənimlə maraqlanan şəxslərə deyin ki, Şah İsmayıl Xətainin törəməsiyəm və babamı ziyarət etməyə gəlmişəm. Bəyəm Ərdəbilə, Təbrizə, İsfahana, Zəncana, Xoya, Mərəndə getmək olmaz? Bunun kimə nə dəxli var, öz baba torpaqlarımı ziyarət etməyə gəlmişəm. Burada da Xətainin şeirini deyirəm”.

Kinorejissorun sözlərinə görə, dediklərinə baxmayaraq, elə gecəykən ona məsləhət görüblər ki, Ərdəbildən getsin: “Təsəvvür edin ki, gecəykən Ərdəbili tərk etdim. Çünki sözüm kiminsə xoşuna gəlməmişdi. Sonrakı mərhələdə də koronavirus ortaya çıxdı və məsələ yarımçıq qaldı. Yəni daha gedəsi olmadım. Ancaq pandemiya aradan qalxdıqdan sonra Ərdəbilə gedəcəyəm. Ümid edirəm ki, ona qədər bir çox məsələlərə aydınlıq gələcək, problem aradan qalxacaq. Əsas sərhədlərin açılmasıdır”.


Geri qayıt