Əsas Səhifə > Şou-biznes > "Onsuz da belə məlumatları media yaymasa da, sosial şəbəkələr tirajlayacaq"

"Onsuz da belə məlumatları media yaymasa da, sosial şəbəkələr tirajlayacaq"


21-10-2021, 07:45
"Onsuz da belə məlumatları media yaymasa da, sosial şəbəkələr tirajlayacaq"
İntihar mövzusu son zamanlar demək olar ki, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də birincisidir. “Universitetə girə bilməyən gənc qız çıxış yolun intiharda gördü”, “İşini itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı”, “10 yaşında balaca qız serialda gördüyü intiharı təkrarladı”. Bu kimi səsli-küylü xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur. İntihar etmək yolları elə bil yoluxucu xəstəlik kimi sürətlə yayılır. İntihar xəbərlərinin bu qədər tirajlanması cəmiyyətdə gərginliyi, eləcə də özünə qəsdin sayını daha da artırır.

Son vaxtlar artan intihar xəbərləri fonunda tez-tez psixoloqlar bu cür açıqlamalar verirlər. Belə fikir yaranır ki, mediada bir gündə bir neçə intihar xəbərinin verilməsi və onların xüsusi sensasiya ilə təqdimatı cəmiyyətdə gərginliyi yüksəldir. Lakin bu gün medianın həm də kommersiya qurumu olduğunu, əldə etdiyi məlumatı daha çox oxucuya tirajlamaqla ayaqda qalmağa çalışdığını da unutmamaq lazımdır. Bu məqamlara nəzər saldıqda medianın intihar xəbərlərini verib-verməməklə bağlı seçim qarşısında qaldığını söyləyə bilərik. Əlbəttə, ən vacib məqamlardan biri bu xəbərləri necə təqdim etməkdir. Bu günlərdə Azərbaycan Mətbuat Şurasında (MŞ) tərkibində 17 dövlət qurmunun təmsil olunduğu intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvlərinin Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri ilə görüşü keçirilib. Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, intihar mövzusu bəzən müəyyən KİV-lər tərəfindən manipulyasiya predmetinə çevrilir. O, diqqətə çatdırıb ki, belə xoşagəlməz halların qarşısının alınması üçün mövcud sahədə maarifləndirməyə və digər qabaqlayıcı tədbirlərə ehtiyac duyulmaqdadır. Şura sədri mövcud istiqamətdə rəhbərlik etdiyi qurumla sözügedən işçi qrupun səmərəli əməkdaşlıq göstərməsi zərurətinə də toxunub.

Bəs mediada intihar hadisələrinin yayımına qadağanın qoyulması çıxış yoludurmu?

Sualımızı cavablandıran media eksperti Turan İbrahimov "Şərq"ə açıqlamasında bildirib ki, artıq informasiya əsrində yaşayırıq və informasiyanın insanların davranışlarına müəyyən təsiri var. Media eksperti vurğulayıb ki, intiharlar bütün dövrlərdə olub:

"Ümumiyyətlə, intiharların sayının artmasına və azalmasına heç bir halda digər intiharların birmənalı şəkildə səbəb olduğunu deyə bilmərik. Bu fikir heç bir halda doğru deyil. Bəli, müəyyən mənada insanlar hər hansı bir hadisədən nəticə çıxarırlar. Hər hansı bir hadisə bu və ya digər şəkildə onları davranışlarını korrektə etməyə yönləndirir. Amma bu hal düşünürəm ki, intiharlarla bağlı deyil. Ümumiyyətlə, hər hansı bir informasiyanın hansısa bir formada cəmiyyətdə təqdim olunmasına senzura qoymaq mümkündür. Ancaq ümumilikdə götürdükdə bu, doğru deyil. Yəni müəyyən problemləri gizlədə bilərik, amma bu o demək deyil ki, problemlər yoxdur. Sadəcə olaraq, o problemləri geniş müzakirəyə çıxarmaq lazımdır. Hesab edirəm ki, düzgün olan həmin problemləri geniş şəkildə müzakirəyə çıxarmaq və ona səbəb olan problemləri aşkarlamaq, onları aradan qaldırmaq lazımdır".

T.İbrahimov diqqətə çatdırıb ki, intihar xəbərlərini media resursları yaymasa da, onlar müxtəlif sosial şəbəkələr vasitəsilə cəmiyyətə onsuz da yayılacaq və bunun qarşısını almaq mümkün deyil:

"Bir daha vurğulayıram, hər hansı bir məsələ, problem haqqında danışılmırsa, o demək deyil ki, həmin problem yoxdur. Sadəcə olaraq həmin problemi yaradan məqamları aradan qaldırmaq lazımdır. Yəni ağcaqanad sürüsü ilə mübarizə aparmaq yox, o ağcaqanad sürüsünün yaranmasına səbəb olan bataqlığı qurutmaq lazımdır. Hesab edirəm ki, mediada belə məlumatların dərc olunmasını qadağan etməkdənsə, cəmiyyət olaraq insanlar arasında münasibət uçurumunun qarşısını almaq lazımdır".



Geri qayıt