Əsas Səhifə > Şou-biznes > "Bir tamaşa oynadım və bu tamaşa ilə də hər şey dəyişdi"

"Bir tamaşa oynadım və bu tamaşa ilə də hər şey dəyişdi"


18-10-2021, 08:57
"Bir tamaşa oynadım və bu tamaşa ilə də hər şey dəyişdi"
“Sizə minnətdarlığımı bildirirəm ki, ustadım Vaqif İbrahimoğlunu yad edirsiniz. O mənim ustadımdan əlavə Azərbaycanın görkəmli rejissoru, fəxrimiz və həqiqətən də ziyalılarımızdan biri olub. Bu gün mənim mən olmağımda, şəxsiyyət, sənət adamı kimi formalaşmağımda birbaşa Vaqif İbrahimoğlunun rolu var. Çünki həm kurs rəhbərim, həm sənət müəllimim, teatrda rejissorum, hətta tərəf müqabilim olub. Mən onu itirməklə həyatda böyük dayağımı itirdim, amma xoşbəxtəm ki, əlindən su içib, sənəti ondan öyrənmişəm. Düzdü, cismən bu dünyada yoxdur, amma hər zaman bizim qəlbimizdə, ürəyimizdədir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova deyib. O, ustadı Vaqif İbrahimoğlunu doğum günündə belə xatırlayıb.

"“Yuğ" teatrı Vaqif İbrahimoğlunun yaratdığı teatrdır, biz onu hər zaman yaşatmağa çalışacağıq. Bizim hərəmizin içində Vaqif müəllimin bir hissəsi var. Mən hər zaman deyirəm ki, Vaqif İbrahimoğlu xoşbəxt insanlardandır ki, onun nə qədər tələbəsi varsa, hər gün onu xatırlayır. Çox həyatsevər bir insan idi, hətta ölümün özü ilə də zarafat edirdi. Tamaşaların əksəriyyətində ölümlə bağlı səhnələr olurdu. Müəllim bizə elə ruh verib ki, biz o ruhda qalmışıq. O çox zarafatcıl idi, hətta heç kim anlamırdı ki, hansı sözü zarafatla deyir, hansı sözü ciddi. Ən çətin məqamlarda da deyirdi ki, həyat gözəldir, bu dünyadan köçsək də, o biri dünya var. Vaqif İbrahimoğlunun öz poetikası, estetikası var idi. O, "Yuğ" teatrında poetikasına uyğun tamaşalar qururdu. Mənim "Yuğ" teatrına gəlməyim təsadüfi deyil, çünki hər zaman bu teatrda işləmək istəmişəm. Məhz Vaqif İbrahimoğlunun tələbəsi olmağa can atmışam və qismət də olub. Əslində mən Xalq artistimiz Əliabbas Qədirovun kursuna qəbul olmuşdum, amma Vaqif İbrahimoğlunun arzusu ilə universitetə daxil olduğum üçün dekandan xahiş edib Vaqif müəllimin kursuna keçdim. 22 yaşımdan "Yuğ" Dövlət Teatrında işləyirəm, artıq 20 ilə yaxın bir müddətdir. Mən özümü başqa bir məkanda təsəvvür edə bilmirəm. Vaqif müəllimdə belə bir xüsusiyyət var idi, o tələbələrini 2-ci kursa qədər gətirirdi, 2-ci kursun sonunda baxırdı ki, bu uşaqlarla işləyə biləcəkmi? Yəni bu uşaqları öz teatrı üçün yetişdirə biləcəkmi? Bilirsiniz ki, hər kursun bədii rəhbəri və müəllimi olur. 2-ci kursdan sonra artıq dərsləri Məmməd Səfa müəllim keçirdi. Bu məqamda bir şeyi də deyim ki, 13 tələbə arasından "Yuğ" teatrında qalan tək mən oldum.

Mən utancaq tələbə idim, bəzən etüdlər etmək, hekayə danışmaq lazım idi. Deyirdim ki, müəllim, olarmı mən daha sonra edim? 1-ci kursun sonunda Vaqif müəllim mənə dedi ki, Zümrüd, sən deyəsən bu kursda qalacaqsan, ya da səni başqa kursa keçirəcəyəm. Bir tamaşa oynadım və bu tamaşa ilə də hər şey dəyişdi. Vaqif müəllim mənə dedi ki, heç yana getməyəcəksən, elə bu teatrda qalacaqsan. "Yuğ" teatrı həqiqətən də bizim doğma ailəmizdir. Bizim teatrda 16-ya yaxın ailə qurulub. Bu gün Vaqif İbrahimoğlunun qoyduğu ənənəni davam etdiririk, hər zaman da davam etdirəcəyik”, - deyə aktrisa bildirib.

Geri qayıt