Əsas Səhifə > Şou-biznes > "O torpaqları öpüb alnımıza qoymalıyıq, şəhidlərimizin, qazilərimizin qanı tökülüb orada”

"O torpaqları öpüb alnımıza qoymalıyıq, şəhidlərimizin, qazilərimizin qanı tökülüb orada”


16-10-2021, 09:56
"O torpaqları öpüb alnımıza qoymalıyıq, şəhidlərimizin, qazilərimizin qanı tökülüb orada”
“Sosial şəbəkədə paylaşdığım fotolar bir veriliş çəkilişindəndir. Təşəbbüs gəldi ki, sizi Ağdama, doğma Əliməmmədli kəndinizə aparmaq istəyirik. Təbii ki, çox sevindik! Bir müddət əvvəl Ağdamda cənab prezidentlə təməlqoyma mərasimində iştirak etmişdim, amma öz doğma kəndimə gedib, atamın, bacımın məzarını ziyarət edə bilməmişdim. Çünki mina təhlükəsi var idi. Bu da ürəyimdə olan nisgili birə beş artırmışdı”

Bunu Moderator.az-a açıqlamasında 28 il sonra doğma kəndinə gedən Xalq artisti Nəzakət Teymurova bildirib. O daha sonra əlavə edib.

“Çox sevinirəm ki, anamı da ora apara bildim. Anam 28 il sonra atamın, qızının, nənəmin qəbrini ziyarət edə bildi. Öncə qəbirstanlıqa daxil olanda çox təsirləndim. Çünki murdar ermənilər nəinki diridən, ölüdən də qisas alıblar. Atamın məzarını dağıtmışdılar. İlk dəfə idi ki, bir məzarı ziyarət edib, üstünə gül qoyanda bu qədər xoşbəxt idim. Torpaqlarımız, evimiz viranə qalıb, amma şükür Allaha ki, öz əlimizdədir. Sadəcə daşdan qalıqları qalıb, onun da qarşısından dayanıb şəkil çəkdirdim. Elə hisslər yaşadım ki, onun adı yox idi! Ruhum az da olsa sakitləşdi. Ayağımı o torpağa basanda həm sevindim, həm də kədərləndim. Sadəcə gecə-gündüz əllərimizi göyə açıb, şəhidlərimizin ruhlarına dualar edirik. O torpaqların qədrini bilməliyik, öpüb alnımıza qoymalıyıq! Çünki şəhidlərimizin, qazilərimizin qanı tökülüb orada” deyə muğam ustadı deyib.

Xalq artisti bu illər ərzində Ağdamı yuxularında gördüyünü bildirib.

“Mən Ağdamı gözüaçıq xəyal edə bilmirdim, yalnız yuxularımda görürdüm. Ruhum, bütün varlığım Ağdama bağlı olub. 1988-ci ildə təhsili davam etdirmək üçün Ağdamdan çıxıb Bakıya gəlmişdim. Amma müntəzəm olaraq işğal olunana qədər gedib-gəlirdim. Ağdamdan çıxandan sonra sanki xoşbəxtliyimizi də itirmişdik, ruhumuz ölmüşdü. Bütün qohum-əqrabalardan uzaq düşmüşdük. Fikirləşirdik ki, Qarabağ artıq getdi, amma içimizdəki ümid hələ ölməmişdi. Bu ümid ildən-ilə daha da böyüyürdü. Cənab prezidentimiz, Ali Baş Komandanımıza inamın sayəsində biz bu gün torpaqlarımıza yenidən sahib çıxdıq. Yaşasın Müzəffər ordumuz və qəhrəman oğullarımız” deyə sənətkar bildirib.


Geri qayıt