Əsas Səhifə > Şou-biznes > “Dəmir yumruğ”u dünyaya tanıdacaq filmlər niyə hələ də yoxdur?

“Dəmir yumruğ”u dünyaya tanıdacaq filmlər niyə hələ də yoxdur?


13-10-2021, 08:43
“Dəmir yumruğ”u dünyaya tanıdacaq filmlər niyə hələ də yoxdur?
Vətən müharibəsinin başlanmasından artıq 1 ildən çox zaman keçir. Müharibə bitər-bitməz bir çox kinematoqrafçılar həm Qarabağ müharibəsi, həm də ümumiyyətlə, Azərbaycanın tarixi şəxsiyyətləri, onun qəhrəmanlıq tarixi haqqında film çəkəcəkləri haqda anonslar verdi. Hətta bir ara türkiyəli kinematoqrafçılarla birlikdə dünyaya çıxa bilən film və serialların çəkiləcəyini desə də, hələ ki ortalıqda heç nə gözə dəymir.

Xatırladaq ki, sovet dövründə Azərbaycanın tarixi qəhrəmanları haqqında bir sıra filmlər çəkilib. Onlardan “Babək”, “Qaçaq Nəbi”, Həzi Aslanov haqqında çəkilən “Mən sizi dünyalar qədər sevirdim” və digər filmləri qeyd etmək olar. Lakin əlbəttə ki, bu filmlər də zamanın ideologiyasını təbliğ edib, tarixə və şəxsiyyətlər barəsində məlumatlara müəyyən dəyişikliklər edilib.

Müstəqilliyimiz dövründə də tarixi şəxsiyyətlər və qəhrəmanlıq tarixi haqqında müəyyən filmlər çəkildi. Məsələn, dövlət maliyyəsi hesabına çəkilmiş “Cavad xan”, “Hökmdarın taleyi” filmləri bu qəbildəndir. Lakin bu filmlər yalnız ölkə daxilində, Azərbaycan cəmiyyəti üçün maraq kəsb edir. Eləcə də birinci Qarabağ müharibəsini özündə əks etdirən “Fəryad”, “Nabat” filmləri çəkilib. Bu filmlər də daxili publika üçün nəzərdə tutulduğundan onların dünya tamaşaçılarını cəlb etməsi mümkünsüzdür.

Bəs niyə hələ də Azərbaycanı, onun qəhrəmanlıq tarixini dünyaya tanıdacaq filmlər yoxdur? Hansı ki, bu cür filmlərin olması tariximizin həqiqətlərlə təbliği, gənc nəslin milli ruhda böyüməsi üçün də çox vacibdir.

Tanınmış rejissor Namiq Ağayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bugünlərdə Vaqif Mustafayevin “Fəryad II” filminin çəkildiyi haqda anonslar getdi. Lakin bu film də dünya ekranları üçün deyil, daxili publika üçün nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin müştərək işləri əsasında Qarabağ müharibəsi, tariximiz haqda xeyli sayda sənədli filmlər çəkilir. Lakin fundamental, sanballı bədii filmlər hələ də çəkilmir. Doğrudur, Mədəniyyət Nazirliyinin kino şöbəsində müəyyən qədər kadr dəyişiklikləri oldu. Lakin göründüyü kimi, təkcə kadr deyil, burada sistem dəyişməlidir. Əlbəttə ki, dünyaya çıxacaq filmlər çəkmək üçün həm də çox yaxşı büdcə sistemi lazımdır. Amma hələ ki nazirlikdə bu cür sistem yoxdur. Köhnə müdiriyyət yarıqanuni, yarı qeyri-qanuni operativ sistem düzəltmişdi. Yeni gələn kadrlar da bu sistem qarşısında çaşıb qalırlar və “çürük” sistemin üzərində dayanmaq məcburiyyətindədirlər. Beləliklə də yalnız sənədli filmlər çəkməyə gücləri çatır. Yaradıcılıq məsələsinə gəldikdə isə hələ də bu sahədə aktiv müzakirə sistemindən çox narazıyam. Məsələn, “İrəvan” xanlığı haqqında film çəkməyi düşünürdüm. Bunun həlli yolunun heç olmasa müzakirə dövrünü həyata keçirmək lazım idi, lakin heç nəyə nail ola bilmirik. Müharibə bitəndən bir qədər sonra türkiyəli kinematoqrafçılarla birgə sanballı filmlərin çəkiləcəyi deyilirdi, bir il vaxt keçsə də bu məsələdən də xəbər yoxdur. Bu baxımdan düşünürəm ki, bəlkə özüm Türkiyəyə gedib, oradan nəsə bir işlər görməyə çalışım”.

Kino tənqidçisi Sevda Sultanova qeyd etdi ki, əgər Qarabağ müharibəsi mövzusunda dünyaya çıxa biləcək film çəkilərsə, onun süjeti universal olmalı və dünyanın istənilən yerində yaşayan insana emosional baxımdan toxunmalı, düşündürməlidir: “İstər Mədəniyyət Nazirliyi tərəfindən, istərsə də müstəqil maliyyələşən filmlər əgər mövzu Qarabağdırsa, istehsalçı və yaxud rejissor özü üçün aydınlaşdırmalıdır ki, bu film daxili publika, yoxsa festival üçün çəkilir. Çünki bildiyiniz kimi, festivallarda nümayiş olunan bütün filmlərin öz qaydaları var və bu da normaldır. Məsələn, əgər festivala müharibə mövzusunda film gedirsə, orada rəqib, düşmən tərəf alçaldılmamalı, təhqir edilməməlidir və ona olan nifrət, qəzəb miliyyətçilik kontekstində təzahür etməməlidir. Bunlar qızıl qaydalardır. Lakin onu da qeyd edim ki, həm sırf Azərbaycan publikası üçün, həm də dünyaya çıxacaq filmlər çəkməyə imkanımız var, sadəcə olaraq, onların ortaya çıxması üçün şərait yaratmaq lazımdır.

Tarixi şəxsiyyətlərimiz haqqında çəkilə biləcək filmlərə gəldikdə isə müasir kino tariximizdə bununla bağlı filmlər var. Məsələn, “Cavad xan”, “Hökmdarın taleyi”, həmçinin M.F.Axundov, H.Cavid haqqında çəkilən filmlər var. Qeyd edim ki, bu filmlərin həm rejissor, həm də ssenari işi çox biabırçıdır. Ümumiyyətlə, düşünürəm ki, bu filmlərə ayrılan pullar havaya sovrulmuş pullardır. Lakin kino tariximizdə şəxsiyyətlər haqqında çəkilmiş nümunəvi filmlər də var. Onlardan “Babək”, Həzi Aslanov haqqında çəkilən “Mən sizi dünyalar qədər sevirdim”i göstərmək olar".

Geri qayıt