Əsas Səhifə > Şou-biznes > “Bu günə qədər nə qohumlardan, nə də bir başqa kimsə mənimlə maraqlanmayıb...”

“Bu günə qədər nə qohumlardan, nə də bir başqa kimsə mənimlə maraqlanmayıb...”


9-10-2021, 08:56
“Bu günə qədər nə qohumlardan, nə də bir başqa kimsə mənimlə maraqlanmayıb...”
“Mən o qədər gözəl tərbiyə almışam ki, atam mənə heç vaxt heç nəyi irad tutmayıb. Bizim evdə qayda-qanun, böyük-kiçiyə hörmət hər zaman yerli-yerində olub. Atam heç vaxt deməyib ki, onu etmə, bunu et, bunu etmə, onu et. Belə hallar baş verməyib. Ölümündən bir gün əvvəl atam əlimdən tutub dedi ki, ağıllı və qürurlu ol. Mən həyatda olsam da, olmasam da sən Yaşarın qızısan. Mən sənin başına elə tac qoyub gedirəm ki, o tacı heç vaxt yerə qoyma. Daha sonra dedi ki, pulunu qazan, anana bax. Amma ac-susuz da qalsan heç kimin qabağında əyilmə. Mən də çalışdığım qədər atamın vəsiyyətinə əməl edirəm. Bu günki gün qürurluyam, heç kimin qabağında əyilmirəm, alçalmıram”

Bunu Moderator.az-a açıqlamasında sevilən sənətkar, Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva deyib. O daha sonra əlavə edib.

“Çox insan sual verir ki, niyə aktrisa olmadınız? Özümü heç vaxt aktrisa kimi sınamamışam. Amma gözəl bir serial çəkilərsə, tariximizi əks etdirən iş olarsa, mütləq orada çəkilərəm. O ki, qaldı müğənnilik fəaliyyətimə. Mən 6 ildir ki, oxuyuram amma hələ də öz mahnım yoxdur. Ən azından maddi durumum buna imkan versəydi öz mahnım olardı. Bu 6 ildə işləyib ancaq ailəmin və özümün problemlərimi, borc-xərclərimi həll etmişəm. Düşünməmişəm ki, bu gün pul qazandım aparıb verim mahnıya. Amma bu gün fikirləşirəm ki, mənə yeni bir layihə, iş lazımdır. Səhnə geyimlərimə gəldikdə isə. Mən bu gün elə də bahalı libaslar geyinmirəm. Vaxtilə çox bahalı geyinmişəm, qızılım da olub, briliantım da. 1999-2000-ci illərdə geyindiyim modanı bəzi qızlarımız indi geyinir. Elə şeylərə gözüm, könlüm toxdur. Əlbəttə ki, maddi durumum ürək açan deyil. Mən atasızam, qardaşsızam, yanımda dolğun bir kişi yoxdur ki, mənə dəstək olsun. Çox əziyyət çəkirəm, yoruluram, bəzən bu sənəti atmaq istəyirəm. Çünki ətrafımda bəzən elə hadisələrə şahidlik edirəm ki. Bəlkə də kimdənsə gedim nəsə istəsəm mənə kömək edər, amma bunu etmirəm. Çünki hamı məni qürurlu, əyilməz, bəlkə də çoxları milyonçu xanım kimi tanıyır. Bəzən deyirlər ki, sən özün kişi kimi qızsan, əri neynirsən? Bu sözlə razı deyiləm. Düşünürəm ki, hər bir qadının arxasında güclü bir kişi olmalıdır. Söhbət xanıma dəyər verən kişidən gedir. Bu gün yaxşı şərait üçün yaxşı maddi imkan olmalıdır. Bu günə qədər istər qohumlardan, istərsə də kimlərsə mənə dəstək olmayıb. Elə bir zəmanədəyik ki, heç kim heç kimin qapısını döyüb maraqlanmır ki, necəsən? Necə dolanırsan? Belə əziyyətlə də davam edəcəksə mən yenə də bu əziyyətə qatlaşmağa hazıram. Az olsun, həmişə olsun, özümünki və halal olsun” deyə sənətkarın qızı bildirib.



Geri qayıt