Əsas Səhifə > Şou-biznes > "Torpaqlarınız alınanda həyat yoldaşıma dedim ki, bu dəfə özümüz bilet alıb gedək, dəvət gözləməyək”
"Torpaqlarınız alınanda həyat yoldaşıma dedim ki, bu dəfə özümüz bilet alıb gedək, dəvət gözləməyək”1-10-2021, 09:34 |
Məşhur türkiyəli aktrisa Sərpil Tamurun Moderator.az-a özəl müsahibəsini təqdim edirik: - Sərpil xanım, öncə müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Siz bir neçə dəfə ölkəmizdə qonaq olmusunuz. Azərbaycana yenə də gəlmək istərdinizmi? - 3 dəfə Azərbaycana dəvət olunmuşam və verilişlərdə çıxış etmişəm. Sizin sevilən aktrisanız Məlahət Abbasova məni dəvət edib. Torpaqlarınız alınanda həyat yoldaşıma dedim ki, bu dəfə özümüz bilet alıb gedək, dəvət gözləməyək. Təbii ki, o da çox sevindi, Azərbaycanı çox sevir! Əslində gələcəkdik, pandemiya ortalığa düşdü. Azərbaycanda özümə qarşı gördüyüm hörməti və sevgini unutmaq mümkün deyil. Mən sizin mahnılarınızı da çox sevirəm, əzbər bilirəm. Rəşid Behbudovun diskləri mənim evimdədir. Azərbaycanda olanda Akademik Musiqili Teatrın səhnəsinə çıxdım, o qədər gözəl və möhtəşəm teatr idi ki, sevincdən gözlərim doldu. Öz-özümə dedim ki, görəsən nə vaxtsa mən bu səhnədə oynaya biləcəyəm? - Türkiyədə çox tanınan və məşhur bir aktrisasınız. Amma bir o qədər də sadə insansınız. Bu sadəlik nədən qaynaqlanır? - Sənətçi xalqın içindən çıxıbsa, mütləq xalqa, sevənlərinə, tamaşaçılarına hörmət etməlidir. Bu zirvələrə biz xalqın sayəsində gəlmişik. Hansı izləyicim mənə sual ünvanlayırsa çalışıram ki, cavabsız qoymayım. Təbii ki, 70-dən çox yaşım var, bəzən gözümdən qaça bilər. “Ulduzam”, “məşhuram”, “mənə heç kim yazmasın” deyə bilmərəm, buna haqqım yoxdur. Mən belə məşhurluğu qəbul etmirəm. Başqa cür ola bilmərəm, olduğum kimi görünməyi sevirəm. Bu yaşıma qədər belə xasiyyətdə olmuşam, bundan sonra da belə olacaq. - Həyatınızda olmazsa olmazlarınız nədir? - Olmazsa-olmazlarım təbii ki, ailəmdir-həyat yoldaşım, övladlarım və nəvələrim. Daha sonra isə teatr həyatım və yaradıcılığımdır. Çünki 60 il olacaq ki, mən teatrda çalışıram. Məni daha çox xoşbəxt edən teatrdır. Səhnəyə çıxdığım vaxt hər bir şeyi unuduram. Teatrdan o qədər ləzzət alıram ki. - Sizi bizim tamaşaçılar sonuncu dəfə “Biz zamanlar Çukurova” serialındakı alzaymer xəstəsi olan Haminne obrazı ilə sevdilər. Həmin brazı oynamazdan öncə bu xəstəlikdən əziyyət çəkən insanları müşahidə etmişdiniz? - Bəli, bu xanım alzaymer xəstəsidir. Bilirsiniz, insanın yaşadığını oynamaq çox rahatdır, amma yaşamadığı bir şeyi oynamaq çox çətindir. Ona görə də xəstəxanada bir müddət alzaymer xəstəliyindən əziyyət çəkən insanları müşahidə etdim. Təxminən 30 xəstə qadınla təmasda oldum. Ürəyim parça-parça olmuşdu. Ona görə də obrazım inandırıcı alınıb. Mənim üçün bu rol daha özəldir. - Amma hələ də sizi “Kurtlar vadisi” serialının Nəzifə anası kimi sevənlər var. - Mən “Kurtlar vadisi” serialında 11 il çəkilmişəm. Hansı aktrisa bu qədər uzun ömürlü seriala çəkilib? 11 ildən sonra dedim ki, Nəzifə ananı “öldürün”, yeni aktyorlar gəlsin seriala. Öz istəyimlə serialdan ayrıldım. Hələ də məni yolda görüb, əlimi öpürlər, xeyir-dua alırlar. Mən sadəcə aktrisayam, amma insanlar mənim Nəzifə ana olduğuma inanırlar. Necati Şaşmazla ana-oğul kimiyik. - Necati Şaşmazla görüşürsünüz? - Xeyr, görüşə bilmirik. Sonuncu dəfə məni bir neçə il əvvəl çəkildiyi filmin qala gecəsinə dəvət etmişdi. Onunla görüşə bilmək üçün mütləq mən İstanbulda olmalıyam, mən isə çəkilişlərlə bağlı olaraq ora-bura qaçıram. Əlbəttə ki, oğlum Poladla görüşmək istəyirəm. - Azərbaycanlı sənətçilərdən kimləri tanıyırsınız? - Xalq artistləri Rasim Balayev və Alim Qasımovu tanıyıram. Bir verilişdə onlarla birgə qonaq olmuşdum. Çox istərdim ki, Rasim Balayevlə bir filmdə yaxud serialda çəkilim. - Hansı rolları oynamağı sevmirsiniz? - Oynadığım obrazlara oxşar rolları ikinci dəfə heç bir vaxt oynamaq istəməmişəm. Məsələn, mən “Kurtlar vadisi” serialında qayğıkeş bir ana obrazını canlandırmışam. İkinci dəfə məni həmin xarakterdə qadın obrazına dəvət etsələr qəbul etməyəcəyəm. Dəyişkən, çətin və mənfi obrazları sevirəm. Obraz məni həyəcanlandırmalıdır. Geri qayıt |