Əsas Səhifə > Şou-biznes > “Teatrların açılmasına boğazdan yuxarı təbəssüm edənlər, baxın aa, yana-yana qalın...”

“Teatrların açılmasına boğazdan yuxarı təbəssüm edənlər, baxın aa, yana-yana qalın...”


30-09-2021, 09:25
“Teatrların açılmasına boğazdan yuxarı təbəssüm edənlər, baxın aa, yana-yana qalın...”
"Çox təəssüf edirəm ki, teatrların açılmasına boğazdan yuxarı təbəssüm edənlər, sadəcə olaraq xalaxətri qalmasın deyə “like” edənlər də var. Belə çıxır ki, onlar yalnız dövlətdən maaş alıb dolanmağa üstünlük verirlər, teatr onları qətiyyən maraqlandırmır. Amma bir şeyi unutmasınlar, o cür düşünən insanlar bu cəmiyyətə tamaşaçı, aktyor olaraq lazım deyillər. Bir aktyorla bir cəmiyyətin arası pozulursa, cəmiyyət heç nə itirmir, aktyor özü iflic olur. Bir cəmiyyətlə bir teatrın arası pozulursa, yəni teatr cəmiyyətdən inciyirsə, küsürsə bu zaman cəmiyyət iflic vəziyyətinə düşür”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan deyib. O daha sonra əlavə edib.

“Biz iki ildir ki, cəmiyyəti teatrsız qoymuşuq. 5-10 ildən sonra bu iki ildə teatr üzü görməyən, teatr tanımayan uşaqların, yeniyetmələrin, gənclərin xarakterində, cəmiyyətə münasibətində dəyişikliyi hiss edəcəyik. O hiss edilməsin deyə biz o boşluğu doldurmalıyıq. Teatrın açılmasını istəməyənlərə isə “Baxın aa, yana-yana qalın, teatr açıldı” demək istəyirəm. Biz də bu dövlətə, xalqa, millətə lazım olduğumuzu hiss edirik. Tamaşalarımızla, işimizlə göstərəcəyik ki, biz də varıq.

Şəxsən mən təkərlər üstündə səhnə qurub oynayacağam. Yerim olmur dünəndən olmasın. Hansısa ləyaqətsiz məmurun ucbatından mən yersizəmsə olmasın, eybi yox! Təki teatr yaşasın” deyə əməkdar artist bildirib.

İntiqam Soltan bina probleminə görə bir çox aidiyyatı qurumlara müraciət etdiyini bildirib.

“Bina prbleminə görə bir çox aidiyyatı qurumlara müraciət etmişəm. Hər dəfə də deyiblər ki, “yerimiz yoxdur”, “sənin variantların hansılardır?”, “imkan olanda edəcəyik”, “düşünürük” və sair və ilaxır. Bəzən jurnalistlər sual verir ki, binası olan teatrlardan daha çox iş görürsünüz. Bina problemi sizi həvəsdən salmır ki? Bu məni niyə həvəsdən salmalıdır ki? Mən sadəcə olaraq işimi görürəm. Heç bir ağıllı düha, filosof dəbdəbəli evdə yaşamayıb. O dəbdəbəli teatr binalarının içində çox şey ola bilər, amma bizim bu binasızlığımızın içində intriqamız, qırğınımız yoxdur, bir-birimizi sevirik. İnanın ki, neçə cütlük bizim bu balaca teatrımızda bir-birini sevib, ailə həyatı qurub, birlikdə də işləyirlər. Böyük bir ailəyik, burada sevgi var. Allah bu yeri sevgi adlı gözə görünməyən enerji ilə idarə edir. Ümumiyyətlə sevgi bir enerjidir. Bu enerji də mənim işlədiyim, yaratdığım Bakı Uşaq və Gənclər Teatrında var. Ona görə də mən heç qəm-qüssə etmirəm. Teatrın yarandığı gün mən müsahibə vermişdim və demişdim ki, yolumda duran qara daşları yolumdan təmizləməyəcəm. Çünki onda vaxt itkisi olacaq. Onların yanından keçib gedəcəyəm. Vəssəlam! O teatrlar dəbdəbəli binaları ilə yerlərində sayacaqlar. Ona görə də mən Azərbaycan və Türkiyə mədəniyyətinə xidmət edirəm. Hansı ki, bütün dünya mədəniyyəti öz qaynağını türk mədəniyyətindən alıb” deyə aktyor bildirib.

Geri qayıt