Əsas Səhifə > Şou-biznes > "Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm"

"Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm"


27-09-2021, 08:41
"Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm"
“Hər bir Azərbaycan vətəndaşı kimi, 30 il doğma torpağı, evi işğal altında qalan, əzizlərini Şuşa həsrəti ilə itirən bir insan kimi mən də ötən il 27 sentyabrdan qələbə gününə qədər bütün dualarımı əsgərlərimizdən, dövlətimizdən əsirgəmədim. İstər sosial şəbəkələrdə paylaşımlarımla, istərsə də sənətimlə daim müzəffər və şanlı ordumuzun, qəhrəman döyüşçülərimizin yanında olmağa çalışdım. Hamı kimi əlimdən nə gəlirdisə etdim. Nə hisslər, həyəcanlar keçirdiyimi sözlə izah edə bilmərəm, buna Allah şahiddir”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib. Sənətkar daha sonra əlavə edib.

“Artıq şanlı qələbəmizdən, müharibənin başladığı gündən 1 il ötür. Mən Şuşaya, Cıdır düzünə ayaq basanda əyilib torpağı öpdüm. Çünki orada qazilərimizin, şəhidlərimizin, döyüşçülərimizin ayaq izləri var idi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Allah Ali Baş Komandanımızı, müzəffər ordumuzu qorusun! Onlar bizə böyük sevinc yaşatdılar. O şanlı tarixi biz canlı yaşadıq. Heç vaxt ağlıma gəlməzdi ki, Şuşa işğaldan azad olunacaq, ümidimi üzmüşdüm. Düşmənin Cıdır düzündəki rəqsini gördüyüm gün yaram yenidən qanadı, Şuşa həsrətini, yanğısını bir daha yaşadım. Bu görüntülər mənə o qədər pis təsir etmişdi ki. İndi fikirləşirəm ki, bu sadə bir vətəndaş kimi mənə təsir edibsə, gör prezidentimizə necə təsir bağışlayıb? Şükür bu günümüzə! Şəhid ailələrinin-anaların, ataların, bacıların, qardaşların, övladların, həyat yoldaşlarının qarşısında baş əyirəm. Hər şeyimizi biz onlara borcluyuq! Şəhidlik hər insana, şəhid valideyni olmaq hər ana-ataya nəsib olmur. Bu böyük bir zirvədir” deyə xalq artisti bildirib.

Sevilən sənətkar teatrların açılması xəbərini böyük sevinclə qarşıladığını bildirib.

“Teatrların açılacağı xəbəri bütün həmkarlarım kimi məni də çox sevindirdi. Çünki iki ilə yaxındır ki, biz teatra-ikinci evimizə həsrət qalmışıq. Yəqin ki, məsafə qorunmaqla teatrda fəaliyyətimizə başlayacağıq. Bizdən nə tələb etsələr ona riayyət edəcəyik. 30 ilə yaxındır ki, biz mövsümü “Qarabağnamə” tamaşası ilə açıb, bu tamaşa ilə bağlayırıq. Mən də həyəcanla gözləyirəm teatrın açılacağı günü. Həmişə bu tamaşanı başqa bir ab-havada oynamışam. Təkcə aprel döyüşləri günü balamın ölən yerində o tamaşanı elə oynadım ki, hamı dedi ki, bu nə idi, sən heç vaxt belə etməmişdin?! Dedim ki, bilmirəm, içimdən gəldi. Bu hissi mən səhnədə yaşadım. İndi bilmirəm necə olacaq. Yəqin ki, bundan 2 qat artıq güclə oynayacağam həmin tamaşanı. Allah vətənimizi, əmin-amanlığımızı, sərhəd bütövlüyümüzü qorusun” deyə sənətkar bildirib.

Geri qayıt