Əsas Səhifə > Şou-biznes > "Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"

"Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"


24-09-2021, 08:43
"Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"
“2 ilə yaxındır ki, biz aktiv fəaliyyət göstərmirik. 1 il ümumiyyətlə passiv fəaliyyət göstərdik, hətta heç bir yerdə nə şou-proqramlar, nə də tədbirlər keçirilmirdi. Həmin vaxtda mən zənn edirdim ki, artıq dünyanın sonudur. Toylara və restoranların fəaliyyətinə icazə veriləndə mən həyat yoldaşım, aktyor Hüseyn Əlili ilə başladıq fəaliyyətimizi davam etdirməyə. Siz bilirsiniz ki, biz birlikdə şou proqramlarda çıxış edirik. İnanın ki, uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxanda o qədər həyəcanlı idik ki, bilmirdik səhnədə necə dayanaq?! Əlimizi-ayağımızı hərəkət etdirə bilmirdik. Amma az da olsa, səhnə eşqimizi bu tədbirlərdə, şou proqramlarda ortaya qoya bilirik. Şou-proqramların fəaliyyətinin bərpası da vəziyyətimizin bir balaca düzəlməsinə səbəb olub”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili deyib. O daha sonra əlavə edib.

“Pandemiya vaxtında yeni-yeni evdə məşq etmirdim. Heç bir obrazımı yadıma salmırdım. Elə bilirdim ki, bu ay bitəcək, gələn aydan işləyəcəyik. 2 ay, 2 ay baxdım ki, vəziyyət uzanır. Amma məndən fərqli olaraq, Hüseyn bütün obrazlarını yadına salır, hətta rol dəftərini gözünün qabağına qoyub oxuyurdu da. Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır. Soruşurdum ki, ay Hüseyn, nə edirsən? Deyirdi ki, tamaşaları təkrarlayıram görüm yadımda qalıb, yoxsa yox?! 18 sentyabr bilirsiniz ki, Üzeyir Hacıbəylinin doğum günüdür və Milli Musiqi Günü kimi qeyd olunur. Aztv-də çıxışımız olacaqdı. Bu münasibətlə teatrda kiçik bir heyətlə yığışıb məşq etdik. İnanın ki, elə bilirdim mən illərdir acam! O qədər gözəl məşq etdik ki. Bu gün artıq evdə məşq edirəm. Yuxudan qəfil dursam da, əzbər biləcəyim Gülnaz (O olmasın, bu olsun) obrazının sözlərini unutmuşdum. Məşq vasitəsilə onları yoluna qoyuram”, - dyə aktrisa bildirib.

Gültac Əlili daha sonra “ailə ilə sənət bir arada tutmur” deyən həmkarlarına səslənib.

"Bunlar hamısı filosofiyadır! Nəinki bu sənət, hansı sənətdə olursansa ol, əgər bir insan nəyisə istəyirsə, onun yüksək səviyyədə olması üçün çalışırsa, demək ki, ona nail olur. Əlbəttə ki, həyat yoldaşının səni dəstəkləməsi daha böyük uğurlara gətirib çıxarır. Bu istər qadının kişini dəstəkləməyi, istərsə də kişinin qadını dəstəkləməyinə aiddir. Mən deyim ki, tək Hüseyn məni dəstəkləyir, xeyr. Mən də Hüseynin yanındayam, onu dəstəkləyirəm. Hüseyn evə gələndə heç vaxt ona pis sifət göstərmirəm, “dur yeməyi özün isit ye” demirəm. Əgər bunları etsəm, əlbəttə ki, həyat yoldaşım evə gecənin bir aləmi gələr və yaxud da gəlmək istəməz. Bu da onun işinin ziyanına gətirib çıxarar. Bunlar xırda detallar olsa da, ailədə uğurlu və uğursuz nüansların səbəbləridir. Maddi vəziyyətim yaxşı olsaydı, daha 2 övladımın olmasını istəyərdim. Çünki həyat yoldaşımdan razıyam, oğlanlarım da ataları kimi tərbiyəli, ağıllıdırlar. Niyə də soyadımız çoxalmasın, nəslimiz böyüməsin?! Sadəcə olaraq maddi durumuma görə düşünürəm ki, bu gün uşaqlarımı ancaq bir yerə çıxara bilərəm, xalqa, vətənə layiq övlad kimi formalaşdıra bilərəm. Ailə ilə sənəti bir arada çox gözəl çatdırıram. Könlü balıq istəyənin quyruğu suda olar. “Çatdırmıram”, “sənətlə ailə tutmur” deyə bir şey yoxdur. İstəyirsənsə, hər şeyi edə bilərsən”, - deyə sənətçi bildirib.

Aktrisa sənət rəqabətlərindən də danışıb.

“Əgər sağlam rəqabətdirsə, əlbəttə ki, çox gözəl qəbul edirəm. Mən özüm də sağlam rəqabət aparmağı sevirəm. Amma vay o gündən ki, bu həsədə çevrilsin. O zaman sən hamıdan geridə qalacaqsan, sənin heç nəyin olmayacaq, aktyor kimi də yaradıcılıq və mənəviyyat baxımından pas atmış olacaqsan. O vaxta kimi ki, “Niyə onda bu var, məndə yoxdur?” deməyənə qədər. Bəlkə “Mən də bir az çalışım, məndə də olsun” desən, əlbəttə ki, sən uğur qazanacaqsan. Bəzən rəqabəti paxıllıqla səhv salırlar. Mən görəndə ki, paxıllar, pisniyyətli insanlar var, daha da güclü olmaq istəyirəm. Hər dəfə əzildikcə elə bil ki, mənə bir dənə də can verirlər. Deyirəm ki, dayan, indi gör necə güclü olacağam?! Paxıllar olmasa yəqin ki, daha çox çalışmaq istəyimiz az olur”, - deyə aktrisa bildirib.



Geri qayıt