Əsas Səhifə > Şou-biznes > "Aktyoru təqaüdə göndərmək onun ölümünə imza atmaq kimi bir şeydir, ona görə də..."
"Aktyoru təqaüdə göndərmək onun ölümünə imza atmaq kimi bir şeydir, ona görə də..."21-09-2021, 09:41 |
"Sosial şəbəkələrdə haqqımda yazırlar ki, "Allahverdi Yolçuyevdən üzücü xəbər gəldi". Bilmirəm niyə belə yazırlar?! Hamı da zəng edib, maraqlanır, nigaran qalırlar. Qızım zəng edir ki, ay ata, sənə nə olub? Düzdü səhhətim sözümə baxmır, amma hələ axı ölməmişəm" Bunu Moderator.az-a açıqlamasında aktyor Allahverdi Yolçuyev deyib. O daha sonra əlavə edib. "Bilirsiniz ki, artıq bir müddətdir parkinson xəstəliyindən əziyyət çəkirəm. Müğənni Xəyyam Nisanovdan xahiş etdim ki, mənə İsraildən həkim tapsın, maraqlansın görüm neçəyədir? Ora necə getmək olar?! Sağ olsun Xəyyam da bir neçə həkim məsləhət gördü. Sağ əlim əsir, evdən çölə çıxmıram. Onsuz da bir işim də yoxdur. Getsəm elə yerimdə qalacağam. Dublyaj çağırır, 20 manata görə evdən çıxmağa dəyməz heç. Onu da taksiyə verib gəlirəm. Mənə sərf etmir. İynə-dərman da hamısı puldur. Gəlir yerim yoxdur, heç yerdən pul almıram. Özüm də bir neçə nəfərdən xahiş etmişəm, xətrimə dəyməmək üçün deyib ki, sənə kömək edərəm. Amma bir kömək yoxdur. Heç olmasa bir yerdən təqaüd, mükafat alsaydım, ən azından dərmanlarımı alardım. Ən böyük səhvim o oldu ki, teatrı tez tərk etdim. Bəlkə də tərk etməsəydim, indi bu cür həyat yaşamırdım. Çünki o vaxt teatrda məni yalnız tədbirlərə aparıcı kimi aparırdılar, rol vermirdilər. Dedim ki, madam ki, aparıcıyam, elə televiziyada işləyib, pul qazanaram da. Mən axı sıradan bir aktyor deyiləm, mənə qarşı niyə bu qədər laqeyd münasibət göstərilir? Mən o illərdə də qapı döyməyi sevməmişəm, amma indi buna da məcburam. Neçə dəfə Mədəniyyət Nazirliyinə zəng etmişəm, deyiblər ki, siz bizim sevilən sənətkarımızsınız, nə lazımdırsa, hamısını sizə edəcəyik. Hələ onlardan bir kömək görməmişəm. Hamı sözdə deyir ki, yaxşı sənətkarsan, amma heç kim kömək etmir. O gün marketə getmişdim, bir oğlan əlimdən öpdü. Dedi ki, nə qulluq edim? Dedim ki, ay bala çörək almağa gəlmişəm. Bir də gördüm ki, çörək alıb gətirib. İnanın onun bu hərəkətindən gözlərim doldu. Belə diqqətli tamaşaçılarım çoxdur. Bu gün heç nə yoxdursa kartof qızardıb yeyəcəyəm. Olmasın kabab, olsun kartof qızartması. Sağ olsunlar sənət dostlarım məni tək qoymurlar, mənəvi dəstək olurlar. Bizim nəsil aktyorlarla maraqlanan qurum yoxdur. Bizdə aktyor 65 yaşına çatan kimi onu təqaüdə göndərirlər. Aktyoru təqaüdə göndərmək onun ölümünə imza atmaq kimi bir şeydir. Ona görə də teatr və kino sahəsi uçuruma doğru gedir. Peşəkarlardan, istedadı olan insanlardan düzgün istifad etmirlər" deyə aktyor bildirib. Geri qayıt |