Əsas Səhifə > Şou-biznes > “Müharibədə bərkgedən müğənnilər ordumuza min manat göndərəndə, mən 5 min göndərdim”

“Müharibədə bərkgedən müğənnilər ordumuza min manat göndərəndə, mən 5 min göndərdim”


13-09-2021, 11:02
“Müharibədə bərkgedən müğənnilər ordumuza min manat göndərəndə, mən 5 min göndərdim”
Hazırda Moskvada yaşayan sevilən müğənni Fədayə Laçının Moderator.az-a müsahibəsini təqdim edirik:

- Fədayə xanım, yaradıcılığınızda nə kimi yeniliklər var?

- “Ötdü cavanlıq” adlı bir mahnı ifa etmişəm və artıq kliplə bir yerdə hazırdır. Tezliklə onu təqdim edəcəm. Sözləri və musiqisi Elşad Kubinkaya aiddir. E.Kubinkadan “Yalanlardan bezmişəm” adlı həzin bir mahnı da almışam. Onu da oxuyacam. Sonra da Elşadla bir duetimiz olacaq. Sənətimdəki yeniliklər bundan ibarətdir.

- Bir müddət əvvəl mətbuatda yazırdılar ki, Fədayə xanım Azərbaycana qayıtdı. Amma yenidən Moskvaya qayıtdınız. Bu da yəqin ki, işlərinizlə bağlıdır...

- Düzdür, çünki mən işlərimi Moskvada düzüb-qoşmuşam, işlərim, qazanc yerim burdadır. Mən 2020-ci ilin mart ayında Moskvaya gəldim, dostumuz İbrahim Borçalı məni Novruz konsertinə dəvət etmişdi. Oğlumla birlikdə gəlmişdik və konsertdən sonra İbrahim qayıtdı, amma məni iki toya dəvət etdilər. O toylara görə burda qaldım və elə oldu ki, pandemiyaya görə sərhədlər bağlandı. Mən də onda burda qalası oldum və iki ay karantin olandan sonra yenidən toylarım başladı. Toylarımı da qoyub Azərbaycana gələ bilmədim, çünki pula ehtiyacım var idi, yenə də var, çünki mən ailə dolandırıram.

- Yaxınlarınıza ananızı qorumağı tövsiyə edirsiniz. Bir yandan da onlar üçün darıxırsınız. İmkan olmurmu ki, hər dəfə darıxanda onları görməyə gələsiniz?

- Bəli, həmişə deyirəm ki, anamdan muğayat olun. Əlbəttə, onlar üçün darıxıram. Mən hər gün darıxıram və onda gərək gedib Azərbaycanda yaşayım. Mən Azərbaycanda olanda da anamı və bacılarımı görməyəndə darıxırdım. Bu təbiidir, amma saytlar bunu söz ediblər. Mən sosial şəbəkə hesabımda paylaşım edib bacılarım və anam üçün darıxdığımı demişəm. Saytlardan biri yazıb ki, “həbsxanadan çıxan Fədayə Laçın belə bir paylaşım etdi”. Həbsxananı deməsəniz, olmaz? Desəniz də incimirəm, həmişə o günlərimdən danışıram. Bəzi saytlar heç düz etmirlər. Amma izləyicilərim də sağ olsunlar, onların cavabını verirlər.

- Fədayə xanım, son zamanların ən çox müzakirə olunan mövzusu “Laçınım” mahnısının bəstəsinin kimə aid olmasıdır. Sizcə, bunu Könül xanım, yoxsa Məhəbbət müəllim bəstələyib?

- Bəllidir ki, “Laçınım” mahnısının bəstəsi Məhəbbət müəllimindir. Bir müddət öncə sosial şəbəkə hesabımda da canlı yayım edib bu haqda fikirlərimi dedim. Düzdür, Könül xanımın gözəl bəstələri var, “Yar başına dönüm sənin”, “Şəkərim-şirinim”. Amma “Laçınım” birbaşa Məhəbbətin yoludur, o biri bəstələrinin oxşarıdır. “Laçınım” Könülün deyil. Mən düzünü danışan adamam. “Təkcə mənim olaydın” mahnısını isə Könül mənim yanımda bəstələyib. Könülgilin evində idim və onda o, pianino arxasına keçib bu mahnını bəstələdi, zəng vurub Məhəbbət müəllimə dedik və o da mahnıya qulaq asdı, çox da xoşuna gəldi. Dedi ki, bu mahnını mən oxuyacam və oxudu. Biz oturmuşduq Məhəbbət müəllimin yanında idik və ansabla ağzıyla mahnının musiqisini zümzümə edib dedi ki, belə bir musiqi çalın. Ansambl da başladı və “Laçınım” mahnısı belə yarandı. Yəni bu haqda mən bunu deyə bilərəm. Məhəbbəti də Allah rəhmət eləsin, Könülün də xətrini çox istəyirəm. Bunu özü də bilir və o, da məni çox istəyir. Yəni mən gözümün qabağında olan şeyi deyirəm.

- Bəs oğlunuz Moskvada nə işlə məşğuldur?

- Burda oğlum üçün də bir restoran götürmüşəm ki, onun da bir işi olsun. Artıq onun da işini burda qurduğum üçün Azərbaycana hər dəqiqə gələ bilmirik. Mən Azərbaycana gəlmişdim və təzə qayıtmışam. Əzizlərim üçün darıxdığımı sosial şəbəkə hesabımda yazmışdım və onu da saytlar götürüb müxtəlif başlıqlarla yazıblar. İnsanlar da yazır ki, nə olub ki, nə çətindir ki, gəlmək. Axı bilmirlər ki, gəlib-qayıtmışam. Evimdə oturmuşdum, ana və bacılarım üçün darıxmışdım bir mahnı oxudum və bunu paylaşdım. Burda nə var ki? Bunu bütün saytlar paylaşıb. Biri yazır ki, Fədayənin orda problemi var, yəqin dustaqdır, o biri yazır ki, bu yenə tutuldu. O biri yazır ki, hə, yenə tutdular, yatır. Vallah nə bilim. (Gülür) Allah bunları güldürsün. Bir az buna əsəbiləşirəm və ancaq gülürəm də. Bu insanlar bilməlidir ki, mən işlərimi Moskvada qurmuşam, sərbəst insanam və mənə harda xoşdursa, orda da yaşayacam. Kim necə bacarır, elə də yaşayır. Mən də Moskvada yaşamağı qərarlaşdırdım. Oğlumun və özümün işi burda olduğu üçün, dolanışıq var deyə burda oturmağa məcburam. Düzdü, Azərbaycanda da mənim üçün dolanışıq var idi, çünki sənətkaram, toylarım olur. Amma iki ilə yaxındır ki, mən burdayam və bu müddət ərzində işlər oldu. Azərbaycanda karantin uzun müddət davam edəndə, toylara icazə verilməyəndə, Moskvada toylar oldu. Digər sənət dostlarımız da gəldilər burda oxudular, çörək qazandılar. Bunu niyə söz edirlər ki, neyləməlidir, hardan qazanmalıdır?! Biz oxuyanıq da, toylardan qazanmalıyıq. Harda azərbaycanlıların toyu varsa, biz orda olmalıyıq ki, çörəyimiz olsun, ailə dolandırırıq axı. Amma tez-tez Azərbaycana gəlib-qayıdıram, yenə də anam üçün darıxıram.

“Sadəcə hamı kimi mən də üzülə, darıxa, ağlaya bilərəm...”

Bir neçə gün öncəki paylaşımım söz-söhbətlərə səbəb olub. İnsanlarımızdan xahiş edirəm ki, paylaşımlarımı, haqqımda məlumatları hardansa eşidəndə mənim səhifəmə daxil olub ordan baxsınlar. Çünki saytlar haqqımda olan məlumatları onlara düzgün təqdim etmir. Mənim vəziyyətim heç də pis deyil, yaxşıyam. Sadəcə hamı kimi mən də üzülə, darıxa, ağlaya bilərəm. Mən də insanam, möhkəm qadınam, mən çəkənləri heç kim çəkə bilməz. Amma möhkəməmsə, dözürəmsə, o demək deyil ki, insan deyiləm, daşam. Mən də qəribsəyə, bir mahnı oxuyub paylaşım edə bilərəm və hərə bir yana yoza bilər. Amma elə deyil axı. Onda əzizlərim üçün darıxdığıma görə paylaşım etmişdim və bunu bu dərəcədə böyütməyin səbəbi yox idi.

“Müharibə dövründə ordumuza bərkgedən müğənnilər 1000 manat göndərib dəstək olanda, mən 5000 manat göndərdim...”

Bəzi saytlara demək istəyirəm ki, rəhmətlik Vüqar Biləcərinin bir qəzəlini səsləndirdim və ilk dəfəydi ki, qiraət edirdim. Heç onu niyə paylaşmadılar? Çünki orda sənət var idi axı, bu kimə lazımdır ki?! Yaxud da darıxmağımla bağlı paylaşımımdan sonra rəhmətlik Aydın Xırdalanlının “Əlamətdir qiymətdən” adlı gözəl bir qəzəlini oxudum, paylaşdım. Bəs onu onu niyə yazmırlar ki, Fədayə Laçın sənətində yenilik etdi. Çünki lazım deyil axı. Müharibə dövründə ordumuza bərkgedən müğənnilər 1000 manat göndərib dəstək olanda, mən 5000 manat pul göndərib dəstək oldum. Bunu öz səhifəmdə paylaşmadım, belə şeyləri paylaşmağı sevmirəm. Elçin Ləmbəranski vasitəsilə əsgər və qazilərimizə pul göndərdim və onda o, bunu paylaşdı. Amma saytlar yenə bu haqda heç nə yazmadı. Gərək mən özüm zəng vurub saytlara deyəydim ki, mən bunu etmişəm və paylaşın. Mən sənətimlə bağlı bir yenilik edəndə heç onu saytlara demirəm ki, paylaşsınlar. Nəinki saytlara, ümumiyyətlə heç kimə.



Geri qayıt