Əsas Səhifə > Şou-biznes > Azərbaycan TV-ləri ona görə bərbaddır ki...
Azərbaycan TV-ləri ona görə bərbaddır ki...10-09-2021, 08:47 |
İstər dövlət televiziyaları, istərsə də özəl televiziyalarda bir-birindən fərqlənən verilişlər demək olar ki, yoxdur. Bunu Kult.az-a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli yeni mövsümün başlanması ilə bağlı kanalların durumunu şərh edərkən deyib. Ekspert televiziya kanallarının auditoriya və verlişlərin xarakterinə görə bir-birindən fərqlənməli olduğunu bildirib: “Efirlərimizdəki teleaparıcılar uzun və mənasız söhbətlər edərək vaxt ötürür. Nitqləri və zövqləri də pis gündədir. Çünki onlar gəlirlərini reklam bazarından əldə etmir. Əgər reklam bazarından qazansaydılar, istər-istəməz rəqabət aparacaqdılar. Televiziya menecerlərinin reklam bazarı faktoru var. Digər tərəfdən komandaların peşəkarlıq dərəcəsi, siyasi situasiya, demokratik ortam var. Bütün bunlar özü senzura olunur. Məsələn, komediya verilişlərində oynayan aktyorlara şərait yaradılsa, daha orjinal veriliş ərsəyə gələ bilər”. Zeynal Məmmədlinin sözlərinə görə, Azərbaycan auditoriyası sanki laldır. “Televiziya kanalları deyir ki, ciddi verilişlərə maraq olmur. Ciddi deyəndə nə nəzərdə tutulur? Məsələni belə pərdələyərək vəziyyətdən qaçmaq olmaz. Televiziya kanallarında işsiz gənclər üçün də verilişlər təşkil oluna bilər. İşsizlərin sayı verilişlərin izləyici sayından daha çoxdur. Bu da bir auditoriyadır. Onların maraqlarını da düşünmək lazımdır”. Z.Məmmədli bildirib ki, Azərbaycanın ən reytinqli verilişlərinə 200-300 min adam baxır: “İş elə peşəkar qurulmalıdır ki, qarşılıqlı elektrik yaransın. Bunun yolu nədir? Ya auditoriyanın arxasınca gedilməli və ona uyğun olan problemlər gündəmə gətirilməlidir, ya da televiziya menecerləri özləri yeni ideyalar irəli sürməlidirlər”, - ekspert qeyd edib. Geri qayıt |