Əsas Səhifə > Şou-biznes > "Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar"
"Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar"9-09-2021, 08:53 |
“Avqust ayında mənə zəng gəldi ki, Dilarə xanım, bir bədii film çəkilir və çox istərdik ki, sizi ana obrazına dəvət edək. Təbii ki, söhbət ləzgi filmi olan “Soyuq günəş”-dən gedir. Rejissor Elşən Zeynallını daha öncə teatrımızdan tanıyırdım. Elşənə inanıb getdim, ssenarini oxudum və gördüm ki, Avsiyat obrazını mənə həvalə etmək istəyirlər. Məni çox film və seriallara dəvət edirlər, rejissor ürəyimcə olmayanda, ssenari və obraza inanmayanda dəvəti geri çevirirəm. Bu obraz ürəyimcə idi. Mən bir neçə serialda ana obrazlarında çəkilmişəm, amma Avsiyat tam fərqli ana obrazı idi. O elə bir ana idi ki, övladlarından ötrü düşmən qapısına belə getməyə razı idi” Bunu Moderator.az-a “Soyuq günəş” filmində Avsiyat obrazını canlandıran Gənc Tamaşaçılar Teatrının aktrisası Dilarə Fərəcullayeva deyib. O daha sonra əlavə edib. “Mən özüm də iki övlad anasıyam. Avsiyat qayğıkeş anadır, məni də həyatda tanıyanlar bilir ki, övladlarımı canımdan artıq sevirəm, onlardan ötrü canımı belə verməyə hazıram. Ona görə də ana obrazını canlandırmaq mənim üçün çətin deyildi. Filmdə gərək tərəf müqabilindən də eyni doğmalığı, eyni hissləri duyasan. Belə olan halda qarşılıqlı olur hər şey. Oğlum Yarmədi oynayan Mirsənan Kazımov da çox mehriban oğlandır, onu öz balam kimi sevdim. Çəkiliş meydançasında da elə bilirdim ki, Sənanın başına gələnlər mənim oğlumun başına gəlib. Elə hiss edirdim. O hissləri yaşadım ki, mən bu övladımı atasız böyütmüşəm, indi o qız istəyir, sevdiyi qızı da ona vermirlər. Bu hissləri yaşamadan oynamaq çətin olardı. Çəkilişlər Qusarda aparılırdı. Bilirsiniz ki, bu filmin ssenarisi həqiqətən də Qusarda olmuş hadisələrdən götürülmüşdü. Kənd camaatı kənardan dayanıb baxırdılar, hər səhnəyə hönkür-hönkür ağlayırdılar. Mən özüm də çox təsirlənmişdim, göz yaşları içində hamımız bu filmə çəkildik. Həqiqətən də gözəl iş ərsəyə gəldi. Filmə bir neçə dəfə baxmışam, yenə də oturub təkbaşına baxıram və gənclərin başına gələn bu hadisəyə üzülməyə bilmirəm” deyə aktrisa bildirib. Geri qayıt |