Əsas Səhifə > Şou-biznes > “Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb”

“Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb”


7-09-2021, 15:08
“Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb”
Bu günlərdə məişət zorakılığına dair bir xəbər hər kəsi sarsıtdı. Belə ki, avqustun 30-da Niftəliyeva Aytən və onun 1 yaşlı qızını götürərək yaşadıqları evin pəncərəsindən intihar etməsi müzakirələrə səbəb oldu.

Təəssüf ki, son vaxtlar belə “qanlı xəbərlər”in çoxunda zərərçəkən, əzilən, öldürülənin zərif cinsin nümayəndələri olduğunu görürük. Bəs görəsən, qadınlar niyə öldürülür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bu tip xəbərləri gördükcə sarsıldığını deyib. Sənətçi məişət zorakılığının baş verməsinə səbəb olan əsas amillər sırasında pandemiyanın başda gəldiyini bildirib:

“Mən qadınların bu cür zorakılığa məruz qalmasına ürək ağrısı ilə baxıram. Xanımına əl qaldıran kişilərə də çox pis baxıram. Çünki qadın incə, yer üzünün ən gözəl məxluqudur. Onlar bizim analarımızdırlar, onlar dünyaya övlad gətirirlər.

Peyğəbərimiz deyib ki, “Cənnət anaların ayaqları altındadır”. Gərək biz kişilər analarımızın, bacılarımızın, həyat yoldaşımızın qədrini bilək. Son zamanlar karantin, pandemiya insanlara çox təsir edib, bu, insanların çoxunun psixoloji durumunda mənfi izlər qoyub. Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb.

Elə kişilər var ki, evdə oturub heç nədən ailəyə söz-söhbət salır. Kişilər gərək xanımlarına diqqət ayıra, onlarla xoş vaxt keçirə. Mən bu günə qədər nə qədər mahnı oxumuşam, onların arasında ən seviləni “Əsrin gözəli”dir. Həmin mahnını Azərbaycan xanımları üçün oxumuşam. Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır. Düşünürəm ki, son vaxtlar bu tip xoşagəlməz halların artmasına səbəb xəstəlikdir, düzdür, əvvəllər də ölkəmizdə bu hallar baş verirdi, amma son zamanlar daha da artıb”.

Ə.Bayramov qadınların döyülməsinə ənənəvi Şərq cəmiyyətlərində münasibətin fərqli olduğunu desə də, özünün buna birmənalı şəkildə pis baxdığını qeyd edib:

“Mən xanımına əl qaldıran kişiləri birmənalı şəkildə qınayıram. Xanımına təzyiq göstərən, onların qədrini bilməyən, evinə söz-söhbət salan kişiləri hər zaman qınamışam. Gör evdə söz-söhbəti nə həddə çatdırırlar ki, xanım artıq canından bezib özünə qəsd edir.

Bunlar hamısı kişilərin boşboğazlığından, danışığından irəli gəlir. O qədər evdə mənasız-mənasız söhbətlər edirlər ki, xanımı da bezdirirlər. Allaha yalvarıram ki, belə kişilər ağıllansınlar, ailələrinin dəyərini bilsinlər ki, belə qanlı hadisələr baş verməsin. Çoxsu sonradan peşman olurlar, düşünürlər ki, axı niyə belə etdim? Amma bunu çox gec – dəmir barmaqlıqlar arasına düşəndən sonra dərk edirlər.

İnsan ömrünə qəsd etmək dünyada cəhənnəmə yer qazanmaqdır. Xüsusilə də bu qəsdi xanıma qarşı edirsənsə. Mən belə kişilərə heç vaxt haqq qazandırmıram, özümün də çox gözəl ailəm, nəvələrim var. Həyat yoldaşım da hər zaman yanımdadır, Allah ona can sağlığı versin, bizim başımızdan onu əskik eləməsin. Arzu edirəm ki, elimizdə, obamızda hər zaman əmin-amanlıq olsun, ən gözəl sülh ailədən başlayır. Dünyada mehribanlıqdan gözəl heç nə yoxdur, bir tikə çörəyin olsun, amma təki ailəndə mehribanlıq, hüzur daimi olsun”.


Geri qayıt