Əsas Səhifə > Şou-biznes > Mikoyanın Qəhrəman seçimi və ya babasının teleqramına diqqət

Mikoyanın Qəhrəman seçimi və ya babasının teleqramına diqqət


6-09-2021, 11:39
Mikoyanın Qəhrəman seçimi və ya babasının teleqramına diqqət
Sentyabrın 3-də Rusiyanın “Birinci Kanal”ının efirində “Qolos 60+” şousunun dördüncü mövsümü başladı. Bu şouda ilk dəqiqələrdən öz mahnıları ilə münsif üzvü, məşhur bəstəkar, kinorejissor və prodüser Stas Naminin diqqətini çəkən, 73 yaşlı bakılı Tünzalə Qəhrəman iştirak edir.

"Məni sizin şən, pozitiv bir qadın olmağınız cəlb etdi. Məni sizin hansı notlarda oxumağınız narahat etmirdi. Əsas məsələ not yox, oxuduğunuz mahnıdan zövq almaqdır ki, bu da sizdə var. Siz oxuduğunuzdan zövq alırdınız və bu da çox simpatik görünürdü", - deyə öz seçimini şərh edərkən Namin bildirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, 1969-cu il “Bakı Payızı” müsabiqəsinin qalibi Tünzalə Qəhrəman ilk dinləmələrdən sonra kanala verdiyi müsahibədə “Qolos 60+” (Səs 60+) şousunda iştirak etmək niyyətini qohumlarına bildirmədiyini və onların necə reaksiya verəcəyini bilmədiyini söylədi. Layihəni qazanmaqda qərarlı olduğunu da dilə gətirdi.
Qeyd edək ki, Tünzalə Qəhrəman “Autumn Leaves” mahnısını ifa edib. Mahnının orjinal versiyası (Les feuilles mortes) macar bəstəkarı Josef Kosma tərəfindən Jak Preverin sözlərinə bəstələnib. Musiqisi Roland Petitin 1945-ci il “Randevu” filmindən götürülüb. Yv Montan bu mahnını "Gecənin qapısı" filmində oxuyub.

Mahnı bir növ caz standartına çevrildi, Frenk Sinatra, Edit Piaf, Serj Gensbur, Maylz Devis, Cerri Lee Lyuis, Patrisia Kaas, Bob Dilan kimi bir çox musiqiçilər tərəfindən səsləndirildi.

Azərbaycandan olanlar da daxil olmaqla "Səs 60+" layihəsinin tamaşaçıları Tünzaləyə azarkeşlik edə və əla vokal qabiliyyətinə malik olduğu üçün şounun qalibi olacağına ümid edə bilərlər. Həm də ümid edək ki, Naminin komandasında iştirak etməsi onun üçün heç bir mənfi nəticəyə çevrilməyəcək və qərəzlə üzləşməyəcək.

Fakt budur ki, Naminin əsl adı Anastas Mikoyandır. 1923-1976-cı illərdə SSRİ-də tanınmış siyasi xadim olan ata babası Anastas İvanoviç Mikoyanın (1895-1978) adını tam olaraq ona veriblər.

44 günlük Vətən müharibəmiz zamanı Namin özü Ermənistanın "Haykakan Jamanak" qəzetinə verdiyi müsahibədə Ermənistana və Qarabağ separatçılarına dəstəyini açıq şəkildə ifadə etmişdi. Demişdi ki, hərbi əməliyyatı dayandırmağın yeganə yolu Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış kvazi-dövlətin "müstəqilliyinin" tanınmasıdır.

"Çoxları başa düşür ki, bu, Ermənistanla Azərbaycan arasındakı qarşıdurma deyil, Artsaxdakı mülki şəxslərə xəyanətkar bir hücumdur və onların uzun müddətdir yaşadıqları əraziləri ələ keçirmək məqsədi daşıyır", - o, müsahibəsində demişdi.

Bundan əlavə, Namin “Facebook” səhifəsində Qarabağın Ermənistan ərazisi olduğuna dair "arqumentləri" də göstərib. Aralarında dostları olan azərbaycanlılara qarşı bəzi reveranslar edən Namin, buna baxmayaraq, qarşıdurmanın mahiyyətini təhrif edərək, Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqda Azərbaycan hakimiyyətini günahlandırır. O, 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan zorla qovulmasını, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin qırılmasını, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğalını qeyd etmir. Və Azərbaycan əleyhinə təbliğat üçün yaradılmış feyk nəşrə - “Free Azerbaijan”a istinad edir, guya Azərbaycan müxalifəti adından yayılmış dezinformasiyanı həqiqət kimi təqdim edir.

Qəribədir ki, Qarabağın kimə məxsusluğu barədə Stas Naminin səsələndirdiyi bütün "arqumentlər" arasında onun 22 may 1919-cu ildə babası və tam adaşı Anastas Mikoyanın Vladimir Leninə göndərdiyi teleqramı göstərmir. Bu teleqramda Mikoyan Qarabağın hər zaman Azərbaycanın bir hissəsi olduğunu və hətta bölgənin o vaxtkı erməni əhalisinin bu reallığı tanıdığını qeyd edir.

“Ermənistan hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Amma qarabağlılar üçün bu, Bakıda həyat mənbəyini itirmək və heç vaxt heç bir şeylə əlaqəsi olmadığı Yerevanla əlaqə yaratmaq demək olardı. V qurultayda erməni kəndliləri Sovet Azərbaycanı tanımaq və ona bağlı qalmaq qərarına gəldilər”, - deyə sözügedən teleqramda bildirilir.

Tünzalə Qəhrəmanı seçərək, Stas Namin qərəzdən uzaq olduğunu, lakin onilliklər boyu bütün erməni nəsillərinin zehnini zəhərləyən erməni təbliğatının zəhərindən tam azad olmadığını göstərdi. Ermənilərin beyinləri bu zəhərin nəticələrindən nə qədər tez təmizlənsələr, Azərbaycan və Ermənistan xalqları arasında bir o qədər tez sülh və əmin-amanlıq hökm sürəcək. Bunu Naminin babası teleqramında göstərib.





Geri qayıt