Əsas Səhifə > Şou-biznes > ƏSA Teatrı 5 yaşını qeyd edir
ƏSA Teatrı 5 yaşını qeyd edir3-09-2021, 08:50 |
DİA.AZ: - Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı bu gün 5 yaşını qeyd edir. Əlilliyi olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. ƏSA Teatrı yarandığı gündən bu günədək – 5 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, vacib layihələr həyata keçirib. DİA.AZ xəbər verir ki, gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P. Sartrın, P. Turrinin əsərləri olmaqla 9 tamaşa və üç perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib. ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da "Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. ƏSA Teatrı "COVID-19" pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırmış və öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşmüşdür. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri uğurla baş tutub. Həmçinin ƏSA Teatrı bu müddət ərzində rəqəmsal monoloq və tamaşa ənənəsini də yaradaraq, inkişaf etdirib. Vətən Müharibəsi dövründə ƏSA Teatrı öz fəaliyyəti ilə xalqımıza və ordumuza dəstəyini göstərmiş, bu istiqamətdə davamlı layihələr həyata keçirmişdir. Qeyd edək ki, hazırda ƏSA Teatrı İkinci Qarabağ Müharibəsinə həsr olunmuş film-tamaşa hazırlığına başlayıb. Layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunacağı gözlənilir. Bu gün 5 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 5-cü ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır. Geri qayıt |