Əsas Səhifə > Şou-biznes > "19 yaşından televiziyadayam, artıq 55 ildir..."

"19 yaşından televiziyadayam, artıq 55 ildir..."


2-09-2021, 08:34
"19 yaşından televiziyadayam, artıq 55 ildir..."
"O vaxtkı televiziya mövsümü ilə indiki televiziya mövsümünü heç cür müqayisə edə bilmərəm. Zaman eyni zamandır, sadəcə insanlar dəyişib. İndi bütün telekanallarda daha rəngarəng verilişlər hazırlanır. Hansı kanala baxırsan orada titr yazılır ki, “Yeni mövsümə hazırlaşırıq”. Bu özü böyük bir məsuliyyətdir” bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O daha sonra əlavə edib.

“Mən hazırda CBC kanalında dərs deyirəm, burada da xeyli yeniliklər olacaq, möhkəm hazırlıqlar gedir. Bütün telekanalları izləyirəm, yeni aparıcıları görürəm. Çünki bu mənim işimdir, həyatda nə əldə etmişəmsə televiziyaya görə əldə etmişəm. 19 yaşından televiziyadayam, artıq 55 ildir. İndiki gənclərdə çox böyük həvəs var, amma onlarla çox məşğul olmaq lazımdır. Mən kanalda əsasən rusdilli gəncləri hazırlaşdırıram, hətta rusdilli uşaqlar da rus dilində çətinliklə danışırlar. Çox istərdim ki, işi sevən insanlar televiziyaya gəlsinlər. Gələndə maddiyatı yox, işi, məsuliyyəti düşünsünlər”-deyə o bildirib.

“Televiziya vasitəsilə efirə çıxmaq istərdiniz?” sualına isə diktor belə cavab verib:
“Biz artıq televiziyada sözümüzü demişik, indi efirə çıxmağımızın mənası yoxdur! Amma qonaq qismində efirlərdə oluram, yay mövsümünü çıxmaq şərtilə. Çünki istilərlə heç yerə gedə bilmirəm. Daha çox doğma Aztv-də olan verilişlərə qatılıram. O vaxt diktor olduğum illərdə ermənilərin torpaqlarımızı işğal etməsi xəbərini tamaşaçıya çatdıranda pis hallara düşürdüm. Mənə elə gəlirdi ki, qalibiyyət, zəfər bayramımızı qeyd edəndə bizi də yada salarlar, zəfər xəbərini biz də tamaşaçıya çatdırarıq. Nədənsə biz yada düşmədik. Eybi yox!” deyə diktor bildirib.

Diktor Şuşaya getmək istəyindən də danışıb:
“Bizim Şuşada çox yaxın qohumlarımız yaşayırdı, işğaldan əvvəl 4-5 dəfə getmişəm. Qızım, bacım da mənimlə birgə idilər. İlk dəfə Şuşada olanda mənim 15 yaşım var idi. Hətta orada çəkdirdiyim şəkillər də məndədir. Əlbəttə ki, yenə də Şuşaya və digər işğaldan azad olunmuş torpaqlarımıza getmək istəyərəm. Əfsuslar olsun ki, nədənsə eyni insanları Şuşada görürük” deyə diktor bildirib.


Geri qayıt