Əsas Səhifə > Şou-biznes > "Dünya kinolarında homoseksuallığın, cinsi azlıqların təbliğatı çox qabardılır"

"Dünya kinolarında homoseksuallığın, cinsi azlıqların təbliğatı çox qabardılır"


28-08-2021, 09:27
"Dünya kinolarında homoseksuallığın, cinsi azlıqların təbliğatı çox qabardılır"
Bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev Moderator.az-a açıqlamasında bildirib. Kinorejissor qeyd edib ki, dünya kinosunda baş verən bu cür tendensiya kino mədəniyyətin məhvinə gətirib, çıxarır:

“Hesab edirəm ki, bununla da necə ki, Nobel mükafatı ədəbiyyatda, eləcə də ali festivalların əhəmiyyəti kinoda itməyə başlayıb. Beləliklə, ötən əsrin əvvəlində yaranan film gözümüzün qabağında məhv olur. Bu məsələni Kabildə baş verənlər ilə bu cür müqayisə edərdim. Diqqət edin, bir neçə il sonra Əfqanıstanda yenidən “Taliban” hakimiyyətə gəldi. Çünki artıq Qərb, Avropa dəyərləri dəyişməyə başlayıb. Qərb dəyərləri, Avropa təfəkkürü nə deməkdir? Qədim Romada yaranan, intibah dövründə formalaşan, 18-ci əsrdə özünün ən gözəl çağına keçən müəyyən Avropa dəyərləri artıq indi cinsi azlıqlar, gender məsələləri ilə əvəz olunur. İndi Avropa dəyərləri bu cür başa düşülür, öz ifadəsini tapır. Bu da dünyada böyük məyus hissi ilə izlənilir. Şəxsən mən özüm illər öncə Qərb, Avropa dəyərlərinin böyük tərəfdarı olmuşam. Amma indi vəziyyəti bu cür görüb, böyük təəssüf və narahatlıq hissi keçirirəm. Beləliklə, bütün bunlar ümumi proseslərdir və hansısa festivalla bağlı deyil”.

Ayaz Salayev dünya kinosunda gedən tendensiyanın Azərbaycan kinosuna da hansı dərəcədə təsir edə biləcəyindən də söz açıb:

“Hesab edirəm ki, Azərbaycan kinosu da Qərb yolu ilə getsə, yəni mükafatlardan ötrü indiki tələb olunan qaydalara uyğun filmlər təqdim etsə, bu milli kinomuz üçün böyük zərbə olar. Amma inanmıram ki, kinoçularımız bu yolu tutsun. Əlbəttə ki, yaradıcı insanlar buna getməyə də bilər. Lakin aydın məsələdir ki, hər bir yaradıcı insanın işinə hansısa vasitələr ilə müdaxilə oluna bilir. Bu bir sınaqdır – sınaqdan keçə də, keçməyə də bilər. Yəni, kimsə istəsə bu yolla gedə bilər, kimsə isə öz yaradıcılıq xarakterinə sadıq qalar”.




Geri qayıt