Əsas Səhifə > Şou-biznes > "Onlayn dərslər tələbələrin inkişafına çox mənfi təsir edir"

"Onlayn dərslər tələbələrin inkişafına çox mənfi təsir edir"


21-08-2021, 08:59
"Onlayn dərslər tələbələrin inkişafına çox mənfi təsir edir"
"Səhnə üçün, tələbələrim üçün çox darıxmışam. Bir bu xəstəlik qurtarsaydı, əvvəlki günlərimizə qayıtsaydıq, hər şey yaxşı olardı. Sən demə, biz çox xoşbəxt olmuşuq, əvvəlki illərin qədrini bilməmişik. 2 ilə yaxındır biz sənətsiz, musiqisiz qalmışıq. Bilirsiniz ki, sənət adamları çox həssasdırlar, duyğuları üzdədir. Yaradıcılıq olmayanda özlərinə qapanırlar, pessimist olurlar. Pozitiv olmağa bir səbəb də tapmırıq. Səhnə, konsert salonları ayrı bir şeydir. Yoluxma sayının artması və Operativ Qərargahın bugünkü brifinqindən sonra ehtimal etmirik ki, yeni mövsümdə hər şey yaxşı olacaq. İndi bir duamız var, təki hər şey əvvəlki qaydasına düşsün".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra onlayn dərslərdən danışıb.

"Onlayn dərslər tələbələrin inkişafına çox mənfi təsir edir. Muğam dərsində tələbə müəllimlə ünsiyyətdə olmalıdır, bu axı elmi iş deyil, muğam dərsidir. Dövlətin qoyduğu qanunlara riayyət etmək məcburiyyətindəyik. Təbii ki, dərslər onlayn olmasaydı lap yaxşı olardı, amma nə edə bilərik? İnanın Allaha, tələbələrim, dərs dediyim sinifim üçün elə darıxmışam ki. Tək mən yox, bütün müəllimlər. Mən texnika ilə, internet ilə dostluq edən deyiləm, amma onlayn dərslərə görə texnikalardan uzaq düşə bilmirəm. İnternet də axı hər zaman əlçatan deyil. Bəzən görürsən ki, yüklənir, ekran donur. Tələbələr də bezib, biz də. Bəladır da düşmüşük, çırpına-çırpına qalmışıq. Heç olmasa bir az bizə güzəşt etsinlər, tələbələri tək-tək qəbul edib, onlara dərs keçək. Çünki xanəndəyə onlayn dərs keçmək yaramır" deyə xanəndə bildirib.

Xanəndə atasının Ağdamdakı məzarından da danışıb.

"Ağdama getmişəm, amma atamın məzarını ziyarət etməmişəm. Çünki biz təyin olunmuş cığırlarla gedirik Ağdama, atamın dəfn olunduğu qəbirstanlığın ərazisi təhlükəlidir, minalarla doludur. Allaha yalvarıram ki, Ağdam minalardan tez təmizlənsin və anamı da, bacılarımı da götürüb, ora yollanım, atamın məzarını ziyarət edim. Anam da ora getmək üçün günləri sayır. Ehtiyac olduğu təqdirdə atamın məzarını bərpa da etdirəcəyik", - deyə sənətkar bildirib.

Geri qayıt