Əsas Səhifə > Şou-biznes > "İndiki durumda insanların stressdən psixologiyaları pozulub"

"İndiki durumda insanların stressdən psixologiyaları pozulub"


20-08-2021, 10:55
"İndiki durumda insanların stressdən psixologiyaları pozulub"
“Məhərrəmlik ayında toya dəvət almamışam. Amma aşuraya qədər toy edənlər var. Vallah toy, düyün bizim işimizdir. Dəvət olanda efirə də çıxıb oxuyuruq. Amma aşura gününü həmişə gözləmişik, sonrakı günlər efirlərdə olmuşuq. Biz sənət adamıyıq, xalqa xidmət edirik”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Xanəndə daha sonra ailələrin boşanma məsələsinə də toxunub və heç kimi qınamaq istəmədiyini bildirib:

“Ailə məsələləri o qədər şaxəlidir ki, bu məsələyə fikrimi bildirməyə çətinlik çəkirəm. Hər ailənin özünə görə problemi olur. Bunun o qədər səbəbləri var ki, nəsə desəm də məni qınaya bilərlər. Ümumiyyətlə, insanların yaşadığı həyat tərzində bir şey məni düşündürür ki, onları qınamaq lazım deyil. Qınayanda nələrsə çox vaxt insanın öz başına gəlir. Hər kəsin öz problemləri var”.

Müğənni qadınlarımızın cəmiyyətdə şiddət görməsi məsələsindən də danışıb və bunun əleyhinə olduğunu deyib:

“Ona görə sosial şəbəkələri izləmirəm. Heç bir səhifəm yoxdur. Səhhətimlə bağlı bundan uzaq dururam. Amma bəzən istər-istəməz izləyici kimi maraqlananda da bunlar mənə çox pis təsir edir. Deyirsən ki, İlahi, bu nə durumdur, filmdirmi ki, baxırsan. Həyatda insanları buna nə məcbur edir? Qınamaq istəmirəm, amma istəmərəm bu hadisələr olsun. Qadını döyməzlər, o incə məxluqdur. Həyat yoldaşım da belə şeylərin əleyhinədir. Bunu onun xarakterində görürəm. Hamının ailəsində söz-söhbəti ola bilər, hamının problemi var. İndiki durumda insanların stressdən psixologiyaları pozulub”.

G.Məmmədova ilk tələbəsi xanəndə Tuqay İsmayılovun ölümündən təəssüfləndiyini bildirib:

“Tuqayın ölüm xəbəri məni çox üzdü. O, mənim ilk tələbəm olub, bu gün ölüm xəbərini eşidib şoka düşmüşəm. Nəriman Mingəçevirli ilə də bir məclisdə idik. Sağlam adam idi, amma o da dünyasını dəyişdi. Tuqay çox şirin, gözəl oxuyurdu. Bir ay öncə məclisdə olduq, ikimiz duet də oxuduq. Yəni o qədər mehriban, şirin uşaqdır ki, dedi “müəllimə, mən sizin ilk tələbəniz olmuşam”. Mənim universitetdə ilk tələbələrim Tuqayla Ruslan olub. Tuqay şirin, təmizqəlbli bir insan idi. Özü kollecdə artıq dərs deyirdi. Otuz dörd yaşı nə idi ki, çox pis oldum. Hər gün bu xəbərləri eşidəndə adama pis təsir edir. Bunlar insanları yorub, əsəblərini korlayıb, ailəyə də bu təsir edir. Kişi pandemiyaya görə qazanıb evə pul gətirməyəndə söz-söhbət yaranır, qadın da evdə çörək istəyir. Bir il yarım bu stressi biz də yaşadıq. Adam istəyir ki, övladını xoşbəxt etsin, etməyəndə ürəyi sıxılır axı”.


Geri qayıt