Əsas Səhifə > Şou-biznes > "Adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir?"

"Adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir?"


19-08-2021, 11:22
"Adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir?"
Müğənnilərin bilik, elm, savadının aşağı olması ilə bağlı sosial şəbəkələrdə, ictimaiyyətdə zaman-zaman müzakirələr olur. Əksər müğənnilərimiz efirdə və yaxud sosial şəbəkələrdə səsləndirdiyi savadsız nitqi, mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi, ən müxtəlif sahələrlə bağlı bilgilərinin, intellektual səviyyəsinin olmaması səbəbindən müzakirə obyektinə çevrilirlər. Çox da uzağa getməyək, tez-tez müşahidə edirik ki, qardaş Türkiyədə əksər sənətçilər yeri gələndə ölkədə baş verən siyasi, sosial məsələlərə bu və digər şəkildə reaksiya verir, vətəndaş mövqeyi ortaya qoyur, müzakirələrə qoşulurlar.

Əlbəttə ki, Azərbaycan reallığı üçün bəzən bu heç də təəccüblü deyil. Məlum məsələdir ki, Azərbaycan müğənnilərinin böyük əksəriyyəti hansısa sahədə özlərini tapmayanda səs imkanları olmasa belə daha asan qazanc yolu - müğənniliyi özlərinə peşə seçmək qərarına gəlirlər. Araşdıranda məlum olur ki, əksər müğənnilər nəinki musiqi, 11 illik orta məktəb təhsilindən başqa heç bir təhsilə malik deyillər. Çox təəssüf ki, bəzən ali təhsili olan müğənnilər belə adi elementar dil qaydalarına riayət edə bilmir. Məsələn, bir müddət bundan əvvəl əməkdar artist Elza Seyidcahanın sosial şəbəkədə “səhv” sözünü “səhf” kimi yazması və sonradan onun səhvini düzəltmək istəyən həmkarlarının da bu sözü düzgün yaza bilməməsi xeyli müzakirə olundu. Və yaxud Damla kimi tanınan müğənni Məsuma Məmmədovanın müsahibə zamanı heç bir alim adı deyə bilməməsi uzun müddət müzakirə obyektinə çevrildi.

Bəs hansı müğənnilərimiz savadlıdır, musiqidən, notdan anlayışı var? Hansılar peşəkar bəstəkarlarla işləyir?

Məsələn, Xalq artisti Aygün Kazımova yarımçıq təhsillidir. Məlumata görə, sənətçi illər öncə Mədəni Maarif Texnikumuna daxil olsa da, sonradan ailə həyatı quraraq, təhsilini yarıda qoyub.

Xalq artisti Bilal Əliyev - onun bioqrafiyası haqda internet resurslarında dərc edilən məlumatda bildirilir ki, sənətçi Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndəlik fakültəsini bitirib. Bundan sonra isə karyerasına başlayıb. Sənətçi sonradan bioqrafiyasına Azərbaycan Dövlət Mədəniyyət Universitetini bitirdiyini əlavə etsə də, universiteti hansı ildə və hansı fakültəsini bitirdiyi haqda məlumat verməyib. İddialara görə, xalq artisti əslində adıçəkilən universitetə, ümumiyyətlə, daxil olmayıb.

2019-cu ildə Xalq artisti adına layiq görülən 39 yaşlı müğənni Röya Ayxan illər sonra ali təhsil almaq qərarına gəlib. O, 2004-cü ildə hansısa yolla BDU-nin hüquq fakültəsinə daxil olub. Lakin sonradan müğənninin təhsilini yarımçıq qoyduğu barədə məlumatlar yayılmışdı...

55 yaşlı Əməkdar artist Xumar Qədimovanın isə ali təhsili yoxdur.

Müğənni Natəvan Həbibi bioqrafiyasına ali təhsilli olduğunu qeyd etsə də, universitetin adını, fakültəni qeyd etməyib. Belə görünür ki, müğənni ali təhsilə malik olmadığını bu cür gizlətməyə çalışır.

Əməkdar artist Abbas Bağırov Gəncə şəhərində musiqi məktəblərinin birində fortepiano təhsili aldıqdan sonra Tərtər rayonunda yerləşən Maliyyə İqtisad Kollecinə daxil olub. Onun sonradan ali təhsil aldığı barədə məlumat yoxdur.

Əməkdar artisti Eyyub Yaqubov A.Zeynallı adına Musiqi Kollecinin fortepiano sinfini bitirib.

Xalq artisti Tünzalə Ağayeva isə Gəncə Musiqi Kollecini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olub. Lakin müğənni birinci kursdan təhsilini yarımçıq qoyaraq, ailə həyatı qurub. Qeyd edək ki, Tünzalə Ağayeva öz intellektual səviyyəsi, dünya görüşü, nitqi ilə digər həmkarlarından xeyli fərqlənir.

Populyar müğənni Nadir Qafarzadə də illər sonra Asəf Zeynallı adına Musiqi Texnikumunun opera müğənnisi fakültəsini bitirib.

Əməkdar artist Mətanət İsgəndərli yalnız orta məktəbi bitirib. Həmçinin meyxanaçı Namiq Qaraçuxurlu, Rəqsanə İsmayılova, Şəbnəm Tovuzlu da yalnız orta təhsil alıblar.

Bununla yanaşı, ali təhsilli, hətta iki diplomlu müğənnilərimiz də var. Məsələn, xalq artisti Flora Kərimova həm Azərbaycan Tibb Universitetini, həm də Milli Konservatoriyanı bitirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

Əməkdar artistlər Elza Seyidcahan, Gülüstan Əliyeva, müğənni Nura Suri Bakı Musiqi Akademiyasının məzunlarıdır.

Ali təhsilli sənətçilərin siyahısında xalq artistləri Faiq Ağayev, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, müğənnilər Vasif Məhərrəmli, İradə İbrahimova, Lalə Məmmədova və digərlərinin adları var.

Tanınmış bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ümumiyyətlə, təkcə musiqidə deyil, istər həkimlik, istərsə də bağban və digər sahələrdə bəzən o qədər dar düşüncəli insanlarla qarşılaşıram, buna şok oluram. Öz-özümə sual verirəm ki, adam təhsil alıb, bəs niyə bu qədər dar düşüncəyə malikdir? Hər kəs özünü inkişaf etdirməyə borcludur. Çünki elə bir dövrdə yaşayırıq ki, bu bir tələb kimi hər birimizin boynuna düşür.

Əlbəttə ki, bir sənətçi olaraq bir xalqı, dövləti ən geniş auditoriyada biz təqdim edirik. Yəni bu sahədə bizim imkanlarımız daha çoxdur. Ona görə də biz daha çox dünya görüşünə, intellektual səviyyəyə malik olmalıyıq.

Bəzən sənətçilərə çağırış edilir ki, kitab oxuyun. Amma kitab oxuyanda da nə oxuduğuna, kitabda olanların nəyi təbliğ etdiyinə diqqət etmək lazımdır.

Və yaxud çalışmaq lazım deyil ki, süni şəkildə hansısa universitetin diplomuna sahib olasan. Ali təhsilin olmasa da elmi cəhətdən peşəkar insanlarla ünsiyyətdə olub, onlardan öyrənmək olar. Məsələn, bəzən musiqi savadı olmayan müğənnilər peşəkar bəstəkarlarla işləyəndə böyük bir məktəb keçmiş olurlar. Peşəkar bəstəkar illərlə əldə etdiyi bilgiləri müğənniyə ötürür və bu bilgilər həmin müğənniyə böyük imkanlar yaradır. Peşəkar bəstəkardan qaçanlar, asan yolla nəyisə əldə etməyə çalışanlar sonda həmişə uduzur".
“Yeni Müsavat”

Geri qayıt