Əsas Səhifə > Şou-biznes > "Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"
"Bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir"19-08-2021, 08:34 |
44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa qayıdışı tez bir zamanda reallaşdırmaq dövlətin başlıca prioritetidir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən mühüm sərəncamlar imzalanıb. Qarabağa qayıdış üçün bir sıra vacib layihələrə imza atılıb. Hazırda öz ata-baba yurdlarından uzaq düşmüş minlərlə həmvətənimiz dövlət başçısının qayıdışla bağlı əmrini gözləyir. Vətən həsrəti çəkənlər arasında işğaldan azad edilmiş rayonların cəmiyyətdə tanınan sakinləri də var. Bəs görəsən, onların torpaqlara qayıdış başlayanda ata-baba ocaqları, yurdları, evləri ilə bağlı nə kimi planları var? Bizimlə söhbətdə Azərbaycanın səfalı yerlərindən birindən - Zəngilandan olan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli qayıdışla bağlı arzularından, planlarından danışıb: “İstər tanınan, istərsə də tanınmayan adam olsun, hər kəsin öz ata-baba yurduna, işğaldan azad olunmuş torpaqlarla bağlı müəyyən bir planları var. Qohumlarımız arasında da köçkünlər var, mənim iki qardaşım da məcburi köçkündür, onlar da gələcək üçün öz planlarını qururlar. Hətta məndən məsləhətlər istəyirlər. Fikrimcə, indi insanlar işğaldan əvvəlkindən daha işgüzar düşüncənin sahibidirlər. Məsələn, bizim dünyagörüşümüz, baxışımız, hazırda gedən proseslər, qaçqınlıq həyatının yaşanması insanlarda tamamilə başqa düşüncə və sözün yaxşı mənasında xeyli faydalı vərdişlər yaradıb. Əlbəttə, bizim problemlərimiz var. Mən hesab edirəm ki, torpaqlarımızda yaxşı təsərrüfat qurmaq olar. Bununla belə, insanlar artıq mədəniyyət, informasiya kommunikasiya ilə bağlı işlərin görülməsində də maraqlıdırlar. Ona görə də əhalinin planları təkcə ferma saxlamaq, balıq təsərrüfatı yaratmaqla bağlı deyil, həm də mədəniyyətlə bağlıdır. Məsələn, mən düşünürəm ki, bizim gedəcəyimiz kənddə yaxşı bir internet mərkəzi yaratmaq, insanları maarifləndirmək, xüsusən uşaqlarla, təhsillə bağlı müəyyən planları reallaşdırmaq olar. Beynimizdə həm iqtisadiyyatla bağlı, həm də maarifçiliklə bağlı ideyalar var. Məsələn, bir təhsil-tədris, internet mərkəzi yaratmaq olar. Orada gələcəyin qurucularını, gələcək azərbaycanlıları, milləti irəli apara biləcək uşaqları öyrətmək kimi missiyanı həyata keçirmək olar”. Əfsanəvi Qarabağ döyüşçüsü Hacı Əkbər Rüstəmov öz doğma yurdu Ağdama qayıtmaq istəyindən ürəkdolusu danışıb: “Torpaqlar geri alınandan sonra üç dəfə ata ocağında olmuşam. Fevralın 8-i, 25-i və mayın 14-də getdim. Bu dəqiqə imkan olsa, gedib çadır qurub orada qalaram. İmkanım daxilində o küçələri də süpürərəm. Mənim, ailəmin həyatı ora ilə bağlıdır. Ona görə də imkan versələr, gedib çadır qurub o düzdə qalaram. Elə bilərəm ki, ”Turş su"yun yaylağındayam. Əvvəllər üç ay gedib, may ayından avqustun axırına qədər orada, alaçıqda qalırdıq. Üç aydan sonra qayıdırdıq Ağdama. İndi mən də fikirləşirəm ki, buradan Ağdama gedib alaçıq qurub qalaram. Ac olaram, tox olaram, heç kimə də giley-güzar etmərəm". Ağdamın daha bir tanınmış siması, xalq artisti Mənsum İbrahimov da bizimlə söhbətdə gələcək planlardan danışdı: “Bizim kəndimiz işğal altında deyildi. Yəni ata evim yerindədir, ora gedib gəlirik. Ümumiyyətlə, bir mədəniyyət xadimi kimi mədəniyyətlə bağlı bütün layihələrdə çox böyük həvəslə iştirak edəcəyəm, arzularım da var. Muğam müsabiqələrində, festivallarında iştirak edəcəyik. Ətrafımda olan qohumlarım, doğmalarım hamısı o günü gözləyirlər. Bu yaxınlarda ”Yolumuz Ağdama“ adlı tur təşkil olunacaq, yaşlı, xəstə insanlar var ki, ən azı o torpaqları görəcəklər. Düşünürəm ki, bütün xalqımız, əhalimiz həsrətlə o günü gözləyir”. Füzulidən olan Musavat.com saytının baş redaktoru Xalid Kazımlı isə bildirib ki, qayıdışla bağlı planları dövlətin həyata keçirəcəyi qərarlardan asılı olacaq: “Məcburi köçkünlərə ev veriləcəkmi-verilməyəcəkmi, ”Ağıllı kənd" layihəsi olacaqmı-olmayacaqmı, hələ ki bunlar bilinmir. Bütün bu suallara aydın cavablar yoxdur. Məchul bir durum olduğu üçün bir plan qurmaq da mümkün deyil. Rayonumuz işğaldan azad olunandan bəri bu kimi suala 5-6 dəfə cavab vermişəm. Bir müəyyənlik olsaydı, yaxşı olardı". Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə dünyaya göz açdığı Cəbrayıl rayonunun illərdi ki, xiffətini çəkdiyini deyir: “Cəbrayılda ikimərtəbəli evimiz, geniş həyətimiz vardı. Həyətimizdə 100-dən artıq meyvə ağacı əkmişdik. Hamısı bar verirdi. Dadı hələ də damağımdan getməyib. Ən böyük arzum Cəbrayıla qayıdıb meyvə bağı salmaqdır. Mənə bir neçə ay əvvəl doğma kəndimizə getmək qismət oldu. Həmin gecə atam yuxuma girmişdi. Yuxuda mənə deyirdi ki, gilas ağacının dibinə su tökərsən. Həyətimizdə ağ gilas ağacı vardı, o qədər bar verirdi ki, ağac başını yerə qoyurdu. Mən çoxdan xarabazara çevrilmiş evimizə getsəm də, həmin ağacı tapa bilmədim. Ermənilər bütün ağacları dibindən çıxarmışdılar. Allah qismət eləsin, doğma Soltanlı kəndinə gedəndə çoxlu gilas ağacları əkəcəm. Ağ gilas... Başqa planlarım da var. İnşallah, qayıdaq, onları da reallaşdırmağa çalışacam”. “Yeni Müsavat” Geri qayıt |