Əsas Səhifə > Şou-biznes > "Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm"

"Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm"


18-08-2021, 12:31
"Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm"
Koronavirus pandemiyası ilə əlaqədar bir çox sahələrdə qapanmalar olsa da, yoluxma saylarının azalması ilə məhdudiyyətlərin bir qismi artıq aradan qaldırılıb. 2 ilə yaxın müddətdə qadağaların qüvvədə qaldığı sahələrdən biri isə teatrlar və kinoteatrlardır. Alış-veriş mərkəzləri, istirahət mərkəzləri, əyləncə məkanlarına qoyulan məhdudiyyətlər yumşaldılsa da, mədəniyyət sahəsində o cümlədən teatr və kinoteatrlar barədə verilən qapanma qərarının hələ də qalması bu sahədə çalışan insanları dərindən narahat edir.

Mövzu ilə bağlı Ölkə.Az-la fikirlərini bölüşən aktyor, rejissor xalq artisti Şeyx Əbdül Həsənli məsələyə düzgün prizmadan yanaşılmadığını deyib:

“Mən bu TƏBİB-in oynadığı oyunu başa düşmüşəm. Əgər biz bir qatardayıqsa, bu qatarın bir vaqonu bir tərəfə digər vaqonu başqa bir istiqamətə gedir? Ümumiyyətlə, bu insanların gəlir mənbəyi ilə oynamaq lazım deyil.

Dünyada hər hansı bir hadisə baş verəndə bundan birinci təsirlənən sənət adamları olur. Çünki istər-istəməz olanlar onların sənətinə, güzəranına, yaradıcılığına təsir edir. Sənət adamları həddindən artıq ağır dolanır. Hər kəs 3-5 manat qazansa da, onlar gəlirindən məhrum olur. Gecə-gündüz sənin mədəniyyətini, ideologiyanı təbliğ edirlər, sənin ruhunu gözəlləşdirirlər, sənin üçün gözəl tamaşalar, filmlər çəkirlər. Onları da fikirləşmək lazımdır. Bu mənada teatrların və kinoteatrların bağlanması yolverilməzdir. Əgər bu qadağa qoyulursa, hamıya qoyulmalıdır”.

Xalq artisti onsuz da az olan tamaşaçı kütləsinin indi ümumiyyətlə bu sahədən məhrum qaldığını söyləyib:

“Azərbaycanda elə bir kinoteatr yoxdur ki, tam dolsun. Kaş elə kinoteatrlarımıza toylara gedənlərin 20%-i qədər tamaşaçı gələydi. Hardadır teatra 1000 nəfər adam gəlsin. Elə olsa, toy-bayram edərdik. O keçmiş dönəmdə qaldı. Heç indi kinoteatr yoxdur. Rayonlarda, kəndlərdə kinodan, teatrdan, klubdan mədəniyyətdən söhbət gedə bilməz”.

Rejissor Şahin Qəhrəman da Ölkə.Az-a açıqlamasında pandemiyanın film sahəsinə zərbə vurduğunu söyləyib:

“Kinoteatrların açılmaması təbii ki, bizim filmlərə də, incəsənətə də ziyan vurub. Biz bu dəqiqə yalnız televiziya, efir üçün işləyirik, serial çəkirik. Mənim özümün çəkdiyim bir film var. Çəkilişlərə 2019-cu ildə çəkilişlərə başlamışıq. 2020-ci ilin martında kinoteatrlarda təqdim olunmalı idi. 2 ildir oturmuşuq kinoteatrların açılmasını gözləyirik. Bu həm mədəniyyət, həm də maddiyyat baxımından bizə zərbədir. Çünki bizim dolanışığımız da bu filmlərdən çıxır. Aktyor da, rejissor da filmdən qazanır”.


Geri qayıt