Əsas Səhifə > Şou-biznes > "Əslində, toylarda əvvəlki ab-hava yox idi"
"Əslində, toylarda əvvəlki ab-hava yox idi"9-08-2021, 15:12 |
Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır. Sentyabrın 8-dən başlayacaq Səfər ayı isə oktyabrın 7-də başa çatacaq. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Ötən ayın əvvəlindən qadağası götürülən toyların yenidən dayandırılacağı ilə bağlı söyləntilər var. Bəs sənət adamlarının bu bir ay ərzində iştirak etdikləri toylar barədə müşahidələri nədir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan aşıq Zülfiyyə İbadova karantindən sonrakı toylarda əvvəlki ab-havanın hiss olunmadığını deyib: “Əslində, toylarda əvvəlki ab-hava yox idi. O ab-havanı iştirak etdiyim heç bir toyda görmədim. Belə baxanda 150 nəfər nədir ki, oyan-buyan olsa, 5-6 nəfəri öz ailə üzvün olur, qalanı qardaş, bacı, xala, bibi, elə gəlib 150 nəfərə çıxır. Sanki toy yox, ailə yığıncağı edirsən. Əvvəllər məclisinə 3-4 müğənni dəvət edən toy yiyəsi indi düşünür ki, “Əşşi, nəyimə lazımdır?” Bu baxımdan toyların az adamla keçirilməsi maddi və mənəvi baxımdan sənət adamlarına da təsir edir. Təkcə sənətçilərə deyil, bu hər kəsə təsir edir. Gəlin boynumuza alaq ki, dolaşınığımız toylar üzərində qurmuşuq. Bu bir gerçəklikdir, hər şey toylara bağlıdır. Bir restoranda azı 80 nəfər işləyir, amma qonaq sayı az olduğundan avtomatik olaraq işçi sayı da azalır. Əvvəllər 400-500 nəfərə qulluq edilirdisə, indi say üçdə birə enib. Bu hər kəsə - istər ofisiantlara, istər müğənnilərə, istərsə də aşpazlara təsir edir. Əvvəl bir məclisi yola vermək üçün 3 aşpaz dəvət edilirdisə, indi biri bəs edir. Bilmirəm bu məhdudiyyət nə vaxta qədər gedəcək, amma düşünürəm ki, insanların əlində 5-10 qəpik pulu var, o da bitəndən sonra yəqin ki, bir-birlərini yeyəcəklər”. Sənətçi Məhərrəm ayında doğma yurdu Tovuza gedərək istirahət edəcəyini bildirib: “Ən gözəl istirahəti öz doğulduğum kəndimdə edirəm. İnşallah, sabah yola çıxacağam. Kənddə necə lazımdır istirahət edəcəyəm. Hazırda kimin imkanı var ki, xaricə istrahətə getsin?! Lap olsa da, yollar bağlıdır, xəstəlik tüğyan edir. Elə öz kəndimiz ən gözəlidir”. Xalq artisti Gülyaz Məmmədova payızda da toyların davam etməsini istədiyini qeyd edib: “Ard-arda toylarda olduq. Karantindən sonra hər kəs övladına toy etmək istəyirdi. Əsas odur toylara icazə verildi. Hamı öz ürəyi istəyənləri dəvət edib şad gününü keçirdi. İnşallah, toylar davamlı olar, payızda da məclislərə icazə verilər. Toyda çox ya az adamın iştirakı ilə deyil, ürəyi istəyən yaxınlarını çağırıb məclisini elədi”. Geri qayıt |