Əsas Səhifə > Şou-biznes > "Səxavət Məmmədovun məzarını ziyarət edə bilməmişəm"
"Səxavət Məmmədovun məzarını ziyarət edə bilməmişəm"9-08-2021, 11:07 |
“Hər il ad günümü ailəmlə birlikdə qeyd edirəm. İndi elə bir vaxtdır ki, buna da şükür. Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın. Yetmiş yaşımı Allah qismət edər xalqla birlikdə keçirərik inşallah” Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti Möhlət Müslümov deyib. Tarzən torpaqlarımızın işğaldan azad edilməsinə görə sevindiyini bildirib: “Bu gün tamam başqa bir əhval-ruhiyyədəyəm. Nə əlli, nə də altmış illiyimi keçirdim, çünki torpaqlar işğal altında idi. Bu il isə əməlli-başlı kefim kökdür. Şuşanı da getdim gördüm və daha da əhvalım düzəldi. Amma hələ ki, dostum, xanəndə Səxavət Məmmədovun məzarını ziyarət edə bilməmişəm. Çünki ərazi minalandığı üçün icazə vermədilər. Amma müraciət etmişəm ki, mənə bu şəraiti yaratsınlar”. Tarzən qardaş Türkiyədəki yanğın hadisələrinə də toxunub və narahat olduğunu bildirib: “Bu hadisəyə görə çox narahatam. Hadisələri hər gün izləyirəm. Mən ora çox bağlıyam, Türkiyəyə dəvət etmişdilər və inşallah gedəcəm. Nə lazımdırsa, əlimizdən gələni etməyə hazırıq. Ölkə başçımızın göstərişi ilə yanğınsöndürənlərimiz yanğın ərazilərinə cəlb olunublar və əllərindən gələni edirlər”. Xalq artisti cəmiyyətdəki ailədaxili qətl hadisələrindən də danışıb və çox təəssüfləndiyini bildirib: “Belə hadisələri eşidəndə çox təəssüflənirəm. Əvvəl belə şeylər yox idi kimsə anasını, övladını öldürsün. Çünki bütün qəzetləri oxuyurduq. Bəlkə də bu hadisələr var idi, onda mətbuata çıxarılmırdı. Onda hardasa tək-tək belə hadisələri eşidirdik. Buna görə efirlərimizi də, mətbuatımızı da qınayıram. Maarifləndirici proqramlar çox azdır. Biz axı həmin kişilərin nəticələriyik, indi necə olur ki, qardaş-qardaşa, oğul ataya əl qaldırır. Bütün bunlar bizim millətə yaraşan iş deyil axı, çünki bizim kökümüz var. Ümid edirəm ki, bu hadisələrin qarşısı alınmalıdır, belə davam edə bilməz”. Geri qayıt |