Əsas Səhifə > Şou-biznes > "Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən"
"Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən"5-08-2021, 08:32 |
Moderator.az Əməkdar Artist, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova ilə müsahibə edib. - Nəsibə xanım, karantin müddətini necə keçirdiniz? - Pandemiya bizi yeni tamaşanın məşqlərinin ən qızğın mərhələsində yaxaladı. Sanki sürətlə qaçırsan və birdən dayanırsan. Tək sən yox, ətrafda hər şey dayanır, həyat donur. Daxilindəki yüksək ritm batildəki ətalətlə tam təzad təşkil edir. Bir müddətdən sonra məşğuliyyət axtarmağa başlayırsan. Rəfiqələrinlə WhatsAppda danışırsan, bəhsə-bəhs şirniyyatlar, yeməklər bişirirsən və... Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən. Depressiya, dəhşət! Sən daha heç nəyə qadir deyilsən, heç kimə lazım deyilsən. Bu sondur!!! Sondur? Məhz bu sualı özümə verib hər səhər yürüməyə başladım. Gündə ən azı on min addım atırdım. Daha sonra parkda oturub təbiəti müşahidə edirdim. Daim işlədiyim illər ərzində necə bir hüzurdan məhrum olduğumu anladım. Sən demə, biz heç də təbiətin şahı deyilmişik, biz ona mane olurduq və o, bizdən qisas almağa başladı. İndi insan yenidən yaşamağı öyrənməlidir. Müxtəsər, insan gərək ən pis vəziyyətdə belə nikbin olmağı bacarsın. Mənsə karantinin verdiyi azadlıqdan zövq almağın yolunu tapdım. - Uzun illər fəaliyyət göstərdiyiniz səhnədən ayrı düşmək yormadı ki sizi? - Əlbəttə ki, səhnə üçün çox darıxmışam. Səhnə mənim həyatımın ayrılmaz bir hissəsinə çevirilmişdi. Ən üzgün, ən yorğun məqamlarımda belə heç vaxt səhnədən uzaqlaşmadım. Amma karantin müddətində bəzi çəkilişlərim olduğundan bu niskil o qədər də dözülməz olmadı. - Deyəsən çalışdığınız Gənc Tamaşaçılar Teatrında Covid-19a yoluxanlar xeyli olmuşdu, bəs siz necə? - Qəlbimə əziz adamlardan bu bəlaya düçar olanlar çox idi. Təəssüf ki itirdiklərimiz də oldu. Amma məni Allahım qorudu. Şükür onun mərhəmətinə. Mən bu ağır yoluxucu xəstəlikdən bu günə kimi qorunmağı bacardım. Əgər Covidə yoluxsaydım özüm bir tərəfə, pişiyimə kim baxardı? O mənim üçün çox əzizdir. Demək olar ki, həyatımı bölüşdüyüm birgə yaşadığım yeganə varlıqdır. - Son rol aldığınız “Varislər” tamaşasında göründüyü qədəriylə Burqanın evdən qovulmuş və şəhərdə yüngül həyat tərzi keçirən qızı obrazını canlandırdınız və rol kifayət qədər bəyənildi. Bəs özünüz bu obrazdakı ifanızı bəyəndinizmi? - Stop!!! Yüngül həyat tərzi? Yenə bizim mental düşüncə tərzimiz. Bu əsərdə də, məhz bu kimi düşüncələrə qarşı çıxılır. Həmişə qadın günahkardır, onun bütün bəlalarının kökü olan yazıq kişilər isə mələkdir. Sevdiyi yeganə kişi ona yiyə durmayıb, Allahı, dayağı bildiyi atası isə əl uzadıb yıxılanı qaldırmaqdansa, onu bu vəziyyətdə küçəyə atıb. Söhbət 90-cı illərdən gedir. Siz gəncsiniz, bəlkə də bilməzsiniz ki, o illərdən sağ çıxmaq nə deməkdir. Banatsa sınmayıb, qardaşının verdiyi pulla biznes qurub, quldurlarla, reketlərlə kəllə-kəlləyə gəlib, sağ qalıb və indi müstəqildir. Özünü kişi kimi aparır ki, daha heç kim onu incitməsin. Çünki heç kimə inanmır, heç kimi yaxın buraxmır. Amma Burqanin evi onu məhv etmək üçün 20 il gözləyib. Kaş ki, gəlməyəydi, onda həlak olmazdı. Bu kədərli tamaşanı çox sevirəm, bəyənmək, yaxud bəyənməmək isə tamaşaçıya qalsın. - Səhnədə canlandırdığınız elə bir obraz olubmu ki özünüzə yaxın biləsiniz? - Məncə, oynadığım rollar məni özəlləşdirib. Yox, hər bir rol başqa xarakter, fərqli taledir. Heç biri Nəsibə Eldarova deyil. Ola da bilməz. - Nəsibə xanım özünü güclü qadın hesab edirmi? (Mümkünsə səbəbi) -Düşünmürəm. Səbrli ola bilər, lakin güclü yox. Səbəbini özüm də bilmirəm və buna görə də açıqlaya bilməyəcəyəm. - Müsahibə verməyi sevmirsiniz və bu sahədə bir çox neqativ təcrübələriniz olub.Sizcə bu nədən irəli gəlir ,jurnalistlərin zamanla üzərinizdə reytinq yığmaq istəməsi, yoxsa başqa bir səbəbdən? - Məndən yalan yolla istifadə edənləri heç vaxt sevmirəm. Zamanla bəzi jurnalistlər olub ki, mənimlə olan müsahibələrində sənətimdən xəbərsiz halda şəxsi həyatımı müzakirə etməyə çalışıblar. Azərbaycanda jurnalistikanın dərin ənənələri var və çox təəssüf ki, öz sənətindən xəbərsiz olanlar sadəcə qazanc və reytinq toplamaq üçün bu sənətə gələnlər öz işləri ilə jurnalistika sənətini kiçildən addımlar atıblar. Lakin mən düşünürəm ki, elələri çox getməyəcək. Bıçaq sümüyə dirənəndə qan çıxır. Bir də, misal üçün, Lorkanın kim olduğunu bilməyən individumla nədən danışmaq olar? - Sizcə, post pandemiya dövründə teatrlar açılanda əvvəlki gücünüzlə səhnədə ola biləcəksinizmi? - Bəlkə də, daha böyük qüvvə ilə səhnədə olacağam. Özümü həm fiziki, həm də mənəvi cəhətdən buna hazır hesab edirəm. Axı bu dövrdə çox şeyləri tərəziyə qoyduq, yenidən dəyərləndirib, çox məsələləri dərk etdik. Bir sözlə, deyəsən, bu yaşımızda nəhayət ki, müdrikliyə namizəd olduq. Heç nəyə baxmayaraq, stəkan yarıya qədər doludur, qızım. Hər şey yaxşı olacaq. Ümidsiz yaşamayaq, şükürlü olaq. Geri qayıt |