Əsas Səhifə > Şou-biznes > "İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir?"

"İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir?"


3-08-2021, 08:29
"İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir?"
Bu sözləri 73 yaşlı əfsanəvi aktyor, Xalq artisti Rasim Balayev Milli Kino Günü ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti sovetin dağılmasından sonra Azərbaycan milli kinosunun tənəzzülə uğradığını xatırladıb: “Bəli, bu gün Azərbaycan kinosunun vəziyyəti yaxşı deyil. Lakin bu heç də birdən-birə baş verməyib. Məlum olduğu kimi, sovet dövründə pis-yaxşı kino strukturu var idi. Lakin sovet dağıldıqdan sonra yeni kino strukturu yaratmağı düşünmədilər. Təsəvvür edin, təxminən 1991-92 illərdən sonra azı 6-7 il film çəkilmədi.

Bir neçə il sonra isə seriallar çəkilməyə başladı, lakin çox az vəsaitlə. Əlbəttə ki, ”ucuz ətin şorbası" olmadığı kimi həmin seriallar da keyfiyyətli olmadı. Daha sonra isə bir neçə peşəkar, dəyərli rejissorumuz xəstələndi, bir neçəsi dünyasını dəyişdi. Çox təəssüf ki, onların yerini tutacaq yeni nəsil yetişmədi. Doğrudur, indi gənc rejissorlar, kinoçular var. Amma onlar axı işdə formalaşmalıdır, iş üçün isə kino çəkilməlidir. Beləliklə, yeni gənc nəslin də potensialı ortaya çıxmadı".

Rasim Balayev qeyd etdi ki, milli kinonun inkişafı üçün vəsait mühüm rol oynasa da, digər mühüm amillər də var: “Bildiyiniz kimi, bu yaxınlarda kinoya vəsait ayrıldı. Bəli, pul əsas amillərdən biridir, amma hər şey də deyil. Pul olanda gərək yaxşı rejissor, dramaturq, operator, kino olsun, kollektivi də olsun və bu vacibdir. Ona görə də kinomuz 20-30 il yaxşı vəziyyətdə olmadı. Həm bu illər ərzində bizim əsas fikrimiz Qarabağ münaqişəsinin həllinə və digər problemlərə yönəldi. Bundan sonra hər şeyin yaxşı olacağına ümid edirəm”.

Xalq artisti yeni çəkiləcək filmlərdən də söz açıb: “Eşitdiyimə görə, artıq bir neçə film istehsala buraxılır. Bu, o deməkdir ki, kinomuz yavaş-yavaş reysə düşməyə başlayıb. Lakin qeyd etdiyim kimi, hər şey birdən-birə əmələ gəlmir. Bunun üçün uzun illər lazım gələcək. İndi tez-tez sual verilir ki, Qarabağ müharibəsi haqda niyə filmlər çəkilmir? Zamanında 1941-45-ci il müharibəsindən illər sonra o haqda sanballı filmlər ortaya çıxmağa başladı. Yəni 50-60-cı illərdən sonra müharibənin bütün detalları, xırdalıqları öyrənildi, ssenarilər yazıldı və maraqlı filmlər çəkildi, əsas da müharibə zamanı arxa cəbhədə baş verənlər haqda. Məsələn, ”Tütək səsi", “Mən ki, gözəl deyildim”, “Şərikli çörək” və sairə.

Lakin bir məsələni də qeyd etmək istəyirəm, İkinci Dünya müharibəsi zamanı döyüş zonasına xeyli sayda operatorlar göndərilmişdi. Onlar real müharibədən xeyli kadrlar çəkmişdilər, hansı ki, həmin kadrlar sonralar çoxlu sayda sənədli filmlərin çəkilişlərində istifadə olundu. Lakin nədənsə 44 günlük Vətən müharibəsində bu ənənə olmadı. Yəni real müharibə kadrları çəkilmədi, yalnız mobil telefonla nələrsə qeyd olundu. Müharibə zamanı bizim dronların düşməni necə məhv etdiyini gördük. Həmin kadrlara dəfələrlə, ləzzətlə baxırdım. Lakin axı canlı qüvvəmiz də bu müharibədə böyük qəhrəmanlıq göstərdi, onları lentə almaq lazım idi. Beləliklə, deməyim budur ki, adətən müharibə haqqında yaxşı filmlər illər sonra ortaya çıxır. İnanıram ki, illər sonra Qarabağ müharibəsi haqda da layiqli filmlərimiz olacaq".

“Yeni çəkiləcək filmlərə dəvət almısınızmı” sualımızı ünlü sənətçi bu cür cavablandırdı: “Yox, hələ ki dəvət almamışam... ”


Geri qayıt