Əsas Səhifə > Şou-biznes > "Gənclər Teatrına gələndə suda balıq kimi idim sanki..."

"Gənclər Teatrına gələndə suda balıq kimi idim sanki..."


30-07-2021, 09:41
"Gənclər Teatrına gələndə suda balıq kimi idim sanki..."
“Hər dəfə mən düşünürəm ki, mən doğru etdimmi bu sənətə gəldim? Çünki çətindir, yol uzundur, amma bütün bunlara baxmayaraq indi düşünüb, bir qərar verə bilərəm ki, nə yaxşı ki, bu sənətdəyəm. Bu sənət mənə incəsənətlə yaxın olmağı, onu hiss etməyi, duymağı, həssaslığı öyrətdi. Biz sənətçilər elə bir missiya daşıyıcısıyıq ki, aktyorlar, digər sənət sahiblərindən fərqli olaraq o qəhrəmanların həyatını yaşaya bilirik. 2 ilə yaxındır ki, teatrsız demək olar ki, yaşamırıq. Tamaşaçıdan ötrü, onun nəfəsi üçün darıxmışıq”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Zemfira Əbdülsəmədova deyib. O daha sonra sənət yolundan bəhs edib.

“İncəsənət universitetini bitirən kimi Şəkiyə getdim, təyinatla 3 il Şəki Dövlət Dram teatrında işlədim. Hüseynağa Atakişiyev kimi rejissorla çalışmaq hər aktyora qismət olmur. 3 ildən sonra gəldim Akademik Musiqili Teatrına. Burada Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslanla çalışdım. Daha sonra Hüseynağa Atakişiyevin Gənclər Teatrı açıldı, o teatra qayıtdım. Son dayanacağım isə Gənc Tamaşaçılar Teatrı oldu. Bu yol çox maraqlı idi. O qədər məhsuldar və məsuliyyətli oldu ki, o illər onlar mənə inandılar və mən çox şeylər öyrəndim. Gənclər Teatrına gələndə suda balıq kimi idim sanki. Özümü o qədər yerimdə və rahat hiss edirdim. Sözsüz ki, ən məhsuldur yaradıcılıq illərim də bu teatrda keçib. Hüseynağa müəllimin quruluşunda Gənclər Teatrında “Leyli və Məcnun” tamaşasında oynamışam. O tamaşada iki obraz ifa etmişəm, bir Leyli, digər bir aktrisamız Leylini oynayanda isə mən onun anasını oynayırdım. Gənc Tamaşaçılar Teatrına gələndə Nicat Kazımovun quruluşunda həmin tamaşada qarı obrazını oynadım.

Gənclər teatrına həm də ona görə minnətdaram ki, mən orada həyat yoldaşım Ədalətlə tanış oldum, bir səhnənni bölüşdüm. Hər şey də ondan sonra başladı. Tamaşadan çıxıb bir yerdə gedirdik, yaxın qalırdıq, aşiq olduq, ailə həyatı qurduq. Artıq 25 ildən çoxdur ki, bərabərik, iki övladımızı bərabər böyüdürük. Bu günki gündə də bir yerdə çalışırıq, həm bir birimizin tənqidçisi oluruq, həm də bir-birimizə dəstək oluruq. Bir sıra filmlərdə, seriallarda da çəkilmişəm. Bundan sonra da edəcəklərimdən çox şey gözləyirəm. Niyə görə? Deyim sizə, mənə elə gəlir ki, hələ istədiyim keyfiyəti ala bilməmişəm. Daha yaxşı etmək həvəsi hələ də mənim içimdə var. Aktyor sənətinin zirvəsi olmur, o hər daim işləməkdir, əməkdir, zəhmətdir” deyə o bildirib.


Geri qayıt