Əsas Səhifə > Şou-biznes > "Avqustun 20-də Xan Şuşinskinin 120 yaşı tamam olur, mənə elə gəlir ki..."

"Avqustun 20-də Xan Şuşinskinin 120 yaşı tamam olur, mənə elə gəlir ki..."


30-07-2021, 08:56
"Avqustun 20-də Xan Şuşinskinin 120 yaşı tamam olur, mənə elə gəlir ki..."
“Azərbaycan regionda qədim, zəngin tarixə malik milli-mənəvi dəyərləri yeraltı-yerüstü sərvətləri olan iqtisadi siyasi cəhətdən güclü bir dövlətdir.Və bu dövlətin başında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli uğurlu davamçısı böyük diplomatik potensiala, yüksək intelektual biliyə malik dünya liderləri arasında böyük nüfuza malik Müzəffər Ali Baş komandanımız İlham Əliyev durur. Tarixə nəzər saldıqda görürük ki, ermənilər zaman-zaman öz himayədarlarının köməyi ilə qədim tarixi İrəvan torpaqlarımıza köç edərək məskunlaşdırılaraq bu torpaqları zəbt etmiş, tarixi saxtalaşdıraraq yerli azərbaycanlıları öz yurdlarından deportasiya etmişlər”

Bunu Moderator.az-a açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir bildirib. O daha sonra əlavə edib.

“Əfsuslar olsun ki, biz ermənilərlə qonşu bir məkanda yaşamağa məhkumuq. Biz haqq işimizdə zəfər çalmış qalib xalqıq və regionda sülh tərəfdaşıyıq və həmçinin Azərbaycan imzalanan üçtərəfli müqavilənin bütün şərtlərini hər müstəvidə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir. Ancaq bu gün Ermənistan müqavilənin qaydalarını pozmaqda atəşkəsi pozmaqda təxribatlar törətməkdədir. Bütün bunlar onları dəstəkləyən qüvvələrin onlara verdiyi vədlərə arxayın olaraq axır vaxtlar işğaldan azad olunmuş torpaqlarımıza atəş yağdıraraq bizi müharibəyə təhrik etmədən və dünyada özlərini yazıq, məzlum xalq kimi təqdim etməkdən ibarətdir. Bu əməlləri ilə onlar onsuz da iqtisadiyyatı zəif olan dövlətlərini çətinlik, səfalət içində yaşayan xalqlarını uçuruma aparırlar. Ancaq onlar anlamalıdırlar Azərbaycan 30 il bundan qabaqkı Azərbaycan deyil. Bizim dinamik gücə malik müzəffər şanlı ordumuz, müasir hərbi texnikamız, 30 il vətən həsrəti ilə yaşamış mərd dəyanətli xalqımız və Azərbaycanın hərb tarixinə öz adını əbədi olaraq qızıl hərflərlə həkk etmiş dəmiryumruqlu Ali Baş Komandanımız, Milli liderimiz, prezidentimiz var. Və bizim işimiz haqq işidir. Hər bir azərbaycanlının yaşadığı ölkədən asılı olmayaraq ümdə vəzifəsi vətənimiz Azərbaycanın, doğma Qarabağımızın dünyada tanıdılması yolunda təşviqi ərazi bütövlüyümüzün qorunması üçün birlik nümayiş etdirməkdir. Bu qələbədə biz birliyimizi, gücümüzü təsdiq etdik” deyə Bəyimxanım Verdiyeva deyib.

O daha sonra atasının Şuşada dağıdılan evindən də danışıb.

“Atam İsfəndiyar Ağa Aslan Ağa oğlu Cavanşir 1901- ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xanın kötücəsidir. Şuşa ətrafında babam Aslan ağanın 3 kəndi olub. Korocağ, Xoca və Ballıca. Şuşanın da mərkəzində Çuxur məhlə deyilən yerdə 3 böyük mülkü olub. Sovet dönəmində hamısı əlindən alınıb. 1960-cı ildə atam dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ev muzeyinin yanında, qardaşı Zülfüqar Hacıbəyovun evini satın aldı. 2 mərtəbəli mülk, böyük həyət idi. Üzeyir bəyin evi ilə bitişik idi. Çox gözəl mənzərəsi var idi, balkona çıxırdın, bütün gözəl yerlər görünürdü. Həyətimizdə buz kimi bulaq axırdı, qədim ağaclar var idi. Üzeyir bəyin ev muzeyinə kim gəlirdisə, biləndə ki, burada dahi sənətkar Xan Şuşinski var, hamı can atırdı ki, şəkil çəkdirsin, avtoqraf alsın. O da buxara papağını qoyurdu başına, orden medalları taxırdı döşünə, gələnlərin hamısı ilə görüşüb, avtoqraf verirdi. 1979-cu ilə qədər biz o evə getdik, bu tarixdə atam dünyasını dəyişdi. Sonra anam ağır xəstələnib dünyasını dəyişdi. Mən də ailə həyatı qurmuşdum, Gəncədə yaşayırdım. Gedib-gələ bilmirdim. Daha sonra müharibə düşdü, gedə bilmədik. Xarıbülbül festivalına gedəndə öz həyətimizi də gördüm. Evdən əsər-əlamət də qalmamışdı. Hazırda Şuşada böyük sürətlə bərpa işləri gedir, tarixi şəxsiyyətlərin ev muzeyləri, evləri qeydiyyata alınıb, bərpa olunur. Təbii ki, istərəm atamın Şuşadakı evi də bərpa olunsun, bu mənim ən böyük arzumdur. Cənab prezidentimiz tərəfindən Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan olundu. Şuşa şəhəri qoruq şəhəri olaraq orada bir zamanlar yaşamış dahilərin evləri, bir sıra tarixi abidələrimiz bərpa olunacaq. Ümidvarıq ki, muğam dünyasının xanı Xan Şuşinskinin də yaşadığı ev dövlətimiz tərəfindən bərpaya ehtiyacı olan tarixi evlər siyahısında olacaq. Bu il avqustun 20-də atamın 120 yaşı tamam olur, həm yubiley ilidir, həm də Qarabağ düşmən tapdağından azad olunduğu ildir. Mənə elə gəlir ki, Xan Şuşinskinin də evi bərpa olunacaq, onun yubiley ilinə görə orada ya heykəli, ya da büstü qoyulacaq. Bu mənim fikrimdir, belə düşünürəm. Çünki Xan Şuşinski sənəti, şəxsiyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib” deyə Xan Şuşinskinin qızı bildirib.


Geri qayıt