Əsas Səhifə > Şou-biznes > “Bilirdim ki, toya getməsəm də, yaşaya bilərəm”

“Bilirdim ki, toya getməsəm də, yaşaya bilərəm”


27-07-2021, 09:14
“Bilirdim ki, toya getməsəm də, yaşaya bilərəm”
“Ötən il martın 17-də ölkədə toyların keçirilməsi qadağan edildi. Dedilər ki, konsertlər, çalıb-oxumaq, yığıncaq olmayacaq. Mən də qanunlara riayət edən adam kimi yaradıcılıq işlərimə “stop”qoydum”.

Xalq artisti Bilal Əliyeva Meydan TV-yə açıqlamasında belə deyib.

“Təxminən bir il üç ay pul qazanmadım. Ömür boyu işləmişik, toya getmişik, konsertlərdə çıxış etmişik. Xarici ölkələrdə səfərlərdə olmuşduq, daim pul qazanmışdıq. Yəni dar günümüzü düşünmüşdük. Pandemiyanı kənara qoyaq, hansısa pis hadisə ola bilər. Adamın başına elə bir iş gələr ki, illərlə oxuya bilməsin. Ona görə də mən bunların hamısını qabaqcadan düşünmüşdüm. Pandemiya başlayan vaxtdan bir tikə çörəyimi tapıb, evdə oturdum, yedim. Heç nə qazanmadım”, - deyə müğənni bildirib.

Bir neçə il öncə Bilal Əliyev televiziya və mətbuata açıqlamasında toy qonorarının 150 min dollar olduğunu demişdi.

Bildirmişdi ki, bu məbləğ onun üçün böyük pul deyil.

Əlavə etmişd ki, onu bu qiymətə toylara aparanlar var:

“Birinci dəfə qonorarımı 100 min dollar demişdim. Məni toya apardılar, 95 min dollar pul verdilər. Üzərindən bir az keçəndən sonra İrandan mənə toy dəvəti gəldi. Onlardan 110 min dollar pul aldım. Həmin ərəfədə ən populyar müğənni toya 10-12 mindən artıq qiymətə getmirdi. Mən öz şəraitimi qurmuşdum, bilirdim ki, toylara getməsəm də, yaşaya bilərəm. Ona görə də risk edib, toy qonorarımı 150 min dollara qaldırdım. Amma şansım gətirdi ki, həmin il təxminən 7-8 yüksək qiymətə toyda oxudum. 95 min, 150 min, 110 min manata toylara getdim. Ölkədən kənarda olan həmin toyların sahibləri də azərbaycanlılar idi”.

Hazırda müğənni toy qiymətini aşağı salıb.

Deyir ki, səbəb isə pandemiya və 44 günlük müharibədir: “Xalqımız ağır günlərdən çıxıb. Bir neçə il əvvəl məclisdə yüz manat xərcləyən adamın cibində beş manatı var. Xalqın durumu belə bir vəziyyətə gəlib. Pandemiya vaxtı 190 manat pul verdilər. Həmin pulla insan bir ay yaşamalıydı. Şor-çörək də olsa yeyib, ölməsin deyə yaşamalıydı. O adam müğənniyə nə pul xərcləyə bilər? Həm də müharibədən çıxmışıq. Qələbə bizim üçün ən böyük var-dövlətdir, sərvətdir. Müharibədə iştirak edən xeyli sayda şəhid və yaralılarımız olub. İl yarım ərzində insanların kasıblaşdığını nəzərə aldıq. Fikirləşdik ki, atalar sözünə əməl edib, palaza bürünək, ellə sürünək. Məsələn, zəng edib, toylarına oxumağa çağırırlar. Mən də soruşuram ki, fikrində nə qədər pul tutmusan? Onlar da bir qiymət deyirlər, biz də razılaşıb, gedirik. Zəng vuran adam deyəndə ki, mən müharibədə iştirak etmişəm, nə qiymət desələr razılaşıram. Müharibədə fiziki imkanlarını - əlini, ayağını itirən döyüşçülərimizə təmənnasız oxuyuram”.


Geri qayıt