Əsas Səhifə > Şou-biznes > "Sosial mediada sanki bir özbaşınalıq yaranıb"

"Sosial mediada sanki bir özbaşınalıq yaranıb"


20-07-2021, 08:46
"Sosial mediada sanki bir özbaşınalıq yaranıb"
"Jurnalistikaya elə insanlar gəlib ki, bilmirəm məqsədləri nədir. Bəlkə şöhrət haqqında düşünürlər, amma buna da inanmıram. Qazanc üçün də gəldiklərinə inanmıram, çünki mətbuatda elə qazanc da yoxdur. Deyirsən ki, bəlkə bir üslub yaradıblar, amma o da yoxdur. Bir sözlə, mətbuata böyük axın var və savadsız bir kütlənin artdığını görürəm"

Bunu Moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağsəfqızı qızı deyib. R.Ağasəfqızı qarşıdan gələn mətbuat günündə mediamıza uğurlar arzulayıb:

"Məncə mətbuat üz qarası olmamalıdır. Yəni mətbuat cəmiyyətin güzgüsüdür. Amma bu gün təəssüf edirəm ki, mətbuatı üz qarasına çevirən simalar yaranıb. Jurnalistikaya elə insanlar gəlib ki, bilmirəm məqsədləri nədir. Bəlkə şöhrət haqqında düşünürlər, amma buna da inanmıram. Qazanc üçün də gəldiklərinə inanmıram, çünki mətbuatda elə qazanc da yoxdur. Deyirsən ki, bəlkə bir üslub yaradıblar, amma o da yoxdur. Bir sözlə, mətbuata böyük axın var və savadsız bir kütlənin artdığını görürəm. Xüsusən də sosial mediada bunu müşahidə edirəm. Sosial mediada hər kəsin sayt yaratmağa imkanı var, o saytda bir-iki nəfər işləyir və insanların əsəb tellərinin üstündə oturur. Bunlar nə gözləyirlər, nə istəyirlər? Reklamdanmı qazanırlar? Düşünürəm ki, reklamdan da elə güclü gəlir yoxdur. Amma görünən odur ki, bu gün insanların çoxu mətbuatdan, sosial mediadan narazıdır. Dezinformasiyalar həddən artıq çoxdur. Xüsusən də yazıya elə başlıq qoyurlar ki, içində yazılanla uyğun gəlmir. Konteksdən çıxarılmış fikirlərdir, belə olmamalıdır, bu jurnalistika deyil. Hesab edirəm ki, buna ciddi bir nəzarət olmalıdır. Sosial mediada sanki bir özbaşınalıq yaranıb. İndi deyəcəklər ki, demokratiyadı, söz azadlığıdır. Amma azadlıq özbaşınalıq olmamalıdır. Kim nə istəyir onu da edir. Kimin kimdənsə xoşu gəlmirsə, istənilən sayta zəng vurub bunu yazdırır. Əsas da ki, jurnalistlə münasibətləri varsa, ona qəşəng bir başlıq yazacaq və inanın ki, cəmiyyət linc etməyə hazır dayanıb. Yazının içini yox, başlığını oxumaqla o insanı başlayırlar linc etməyə.

Mən bu yaxınlarda müğənni Sərxan Sərxanın müsahibəsində bunun şahidi oldum. Mən sizi əmin edirəm ki, Sərxan Sərxanı söyən adamların doxsan faizi o müsahibəni oxumamışdılar. Jurnalist bunu başlığa çıxarmışdı ki, yazı oxunsun, onu anlayıram. Amma jurnalist düşünməlidir ki, onun insanı, oxucusu doxsan faiz yazını oxumur. Axı insanı belə linc etmək olmaz. Sərxan Sərxan o sözü deməmişdi. O müsahibəni mən də oxumuşdum və o bunu elə deməmişdi və gərək insanın dediklərinə də bir az hörmət etmək lazımdır. İnsanlar illərlə sənətdə külüng döyür və sosial şəbəkəyə gələn birisi başlayır bir insanın adından konteksdən çıxarılmış fikri başlığa çıxarıb insanı daşqalaq etdirir. İnsan bihörmət olur, belə olmamalıdır. İnsan doğmalarının, sevdiyi insanların arasında pis bir vəziyyətə düşür, balalarının yanında biabır olur. Biz bir-birimizlə düşmənlik? Onsuz da ətrafımız düşmənlərlə doludur. Niyə özümüz özümüzə düşmən kəsilirik, niyə özümüzü baltalayırıq axı. Jurnalistika insanlarda nifrət oyatmamalıdır. Mənim özümlə bağlı elə xəbərlər verirlər, informasiyalar yazırlar ki, inanın Allaha, gedib o şərhlərə baxanda dəhşətə gəlirəm. Son zamanlar isə artıq bunları oxumuram. Axı övladım, dostlarım, tanışlarım buna baxır. Axı mən sənətdə hörmət, televiziyada bir imza qazanmışam. Kiminsə bir neçə oxucusu artıq olması üçün Rövşanədən istifadə edir, biri deyir Rövşanə rəhmətə getdi və sair. Adamlar da düşür onun üstünə başlayır təhqir etməyə. Bununla bağlı elə bir mexanizm yoxdur ki, hüquq-mühafizə orqanlarına müraciət edəsən. Bayram günündə istəməzdim neqativ hallardan danışaq. Ümid edirəm ki, jurnalistikamız, sosial mediamız bayağılıqdan uzaq olacaq. Dürüst, vicdanlı, qərəzsiz olacaqlar".


Geri qayıt