Əsas Səhifə > Şou-biznes > "Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb"

"Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb"


16-07-2021, 08:45
"Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb"
“Atam çox sənətçilərin toyuna gedib, ciblərinə pul basıb, hörmət edib, amma nə mənim toyumda, nə də ki, adını daşıdığı nəvəsinin toyunda o adamlar gəlmədi. Çox az qismi iştirak etdi. Hər kəs özü üçün yaşayır, hər şey unudulub. Eldəniz Zeynalov mərdimazar insan deyildi, qastrol səfərlərinə gedəndə cavan aktyorları özü ilə aparırdı. İstəyirdi ki, hamı pul qazansın, ən son özünü düşünürdü. Atam dünyasını dəyişəndən sonra hamı bizdən uzaqlaşdı”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov deyib. Aktyor daha sonra əlavə edib.

“Çox çətindir mənə, nə maddi imkanım, nə də şəraitim yaxşı deyil. Heç olmasa, rejissorlar çağırıb bir kinoya, seriala dəvət etsəydilər, gedib çəkilib, az da olsa, çörək pulunu qazanardım. Ola bilməz ki, mən hansısa rolu oynaya bilməyim. Nə oldu hamı oynadı, seriala çəkildi, mən yox? Mən də istəyirəm ki, bir az çəkilim, bəlkə xəstəliyimi də bu yolla unuda bilərəm. Zəng edib nə maraqlanan var, nə də bir şey. Çox çətinlik çəkirəm. Artıq uzun illərdir ki, böyrəyimə görə dializaə gedib-gəlirəm. Hövsanda yaşayırdım, ora şəraitsiz idi, həm də yol uzaq idi. Həftədə 3 dəfə dializə gəlib-getmək çox çətin idi. Pulum elə yola çıxırdı. Ona görə də Hövsandakı evimi satıb Masazıra köçdüm. Xəstəxana 20 yanvarda yerləşir, buradan getmək çox asandır. Təcili böyrək köçürülməlidir, vəziyyətim elə də yaxşı deyil. Elə olur ki, bir də görürsən ağırlaşıram, ölümdən dönürəm. Respublika Kliniki Xəstəxanasının Hemodializ şöbəsində müalicə alıram, həkimlər dərman yazırlar, onu tələb edirlər, bunu tələb edirlər. Daha demirlər ki, pulu hardan tapım? Bahalıdır, dərmanlarıma pul çatdıra bilmirəm. Köməyim yoxdur, çarəsiz durumda qalmışam. Oğlumun ayağına görə kreditə götürmüşdüm, aylıq aldığım maaş və pensiyadan elə onları güc-bəla ilə ödəyirəm. İmkanlı şəxslərdən kömək istəyirəm, təkəm, heç kimim yoxdur. Atam idi köməklik edən, o da yoxdur, bəlkə də o yaşaysaydı bu günlərə düşməzdik, xəstəlik də tapmazdım” - deyə Məmməd Zeynalov bildirib.

O, daha sonra atası ilə bağlı xatirələrini bölüşüb.

“Atam çox zarafatcıl insan idi, danışıb gülürdü, hay-küylü adam idi. Evimizdə qonşular onun səsindən köçürdü. Mən onun kimi deyiləm, anama oxşamışam. Atama oxşasaydım rejissorlar məni çəkməyə bilməzdi. Atam haqqını tələb edirdi hər zaman. Telman Adıgözəlov və Mikayıl Mirzə ilə yaxın dost idi. Yaddaşımda gülməli, zarafat dolu xatirələr çoxdur. Teatrın maaşı ilə ailə saxlamırdı, qastrolların pulu ilə dolanırdıq. Rayona gedəndə bir iki maşının pulu ilə qayıdırdı. Son illərdə maddi problem yaşadıq, amma atamı toya tamada kimi gedən görmədim. Həm də ömrünün son illərində çox incik idi. Xalq artisti adını gec vermişdilər, bu ona çox pis təsir etmişdi. Yadımdadır, xəstəxanada yatırdı, Yaşar Nuri yanına gəlib, qəzeti ona göstərib demişdi ki, Xalq artisti fəxri adına layiq görülmüsən. Atam qəzeti büküb atıb ki, bundan sonra mənə ad lazım deyil. Bu hadisədən bir neçə gün sonra atam dünyasını dəyişmişdi, heç aldığı adın sevincini yaşaya bilməmişdi” - deyə aktyorun oğlu bildirib.



Geri qayıt