Əsas Səhifə > Şou-biznes > "Hamı deyir ki, köhnə filmlər niyə bu qədər sevilir"
"Hamı deyir ki, köhnə filmlər niyə bu qədər sevilir"6-07-2021, 08:36 |
“Çox təəssüf ki, indi uşaq filmləri çəkilmir. Səbəbini bilmirəm. Bəlkə də çəkilir, xəbərimiz yoxdur, amma çəkilsə, hər halda, görərdik. İmkan olsa, özüm də bir film çəkərəm, uşaqlardan istifadə edərəm. Yaxud da dəvət gəlsə, özüm də çəkilərəm, məmnuniyyətlə köməklik edərəm. Çünki mən uşaqlarla çalışıram, uzun illərdir ki, musiqi sahəsindəyəm, fortepiano müəlliməsiyəm. Düzdür, indi pensiyaya çıxmışam, amma evdə fərdi məşğul oluram. Bu günlərdə hazırlaşdırdığım bir tələbəm Bülbül adına orta ixtisas məktəbinə qəbul olundu. Hamı deyir ki, köhnə filmlər niyə bu qədər sevilir? Çünki o vaxtkı rejissorlar düşünürdülər ki, elə bir film ərsəyə gətirək ki, gələcək nəsillər də izləyəndə aktual olsun. Həqiqətən də köhnə filmlərimizin hər biri aktualdır, gündəmlə səsləşir. Söhbət təkcə “Ögey ana” filmindən getmir, mən hamısından danışıram”. Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova deyib. O, daha sonra əlavə edib. “Bu film məni məşhurlaşdırdı, insanlara sevdirdi. Nəinki uşaqlıqda, elə indi də. Bəzən yolda gedəndə səsimdən, simamdan tanıyırlar, dəfələrlə olub ki, saxlayıb, söhbət ediblər. Məndən filmlə bağlı xatirələrimi soruşublar. Bu günlərdə bir taksiyə minmişdim, biləndə ki, “Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm, mənə xoş münasibət göstərdi. Daha sonra isə dedi ki, mən anamı itirmişəm, heç vaxt İsmayılın anasının şəkili ilə ağlayaraq, söhbət etdiyi səhnəyə axıra kimi baxa bilmirəm. O bu sözləri deyəndə gözündə kədəri hiss etməmək mümkün deyildi. Bəli, filmin təsir qüvvəsi olmalıdır. Təbii ki, uşaqların filmlərə çəkilməsi həm çətin, həm də maraqlı prosesdir. Çətindir ona görə ki, rejissor uşaqla işləyir, hər uşağın da öz kaprizləri var. Kapriz edəndə rejissor Həbib İsmayılovun “Bura uşaq bağçası, yaxud da oyun-oyuncaq oynanılası yer deyil, gəlmisizsə, filmə çəkilməlisiz” sözü bizə kifayət idi ki, özümüzü yığışdıraq” - deyə filmin qəhrəmanı bildirib. Sevinc Axundova daha sonra filmin müxtəlif səhnələrindən danışıb. “Filmin mənim üçün ən çətin səhnəsi çaya yıxılma səhnəsi idi. Çünki dubllar çox idi, qorxurdum çaya yıxılmağa. Fikirləşirdim ki, yıxılaram, çay məni aparar. Ona görə də 4 dəfə yıxıldım, 5-cidə çəkdilər. Rejissor və İsmayıl dedi ki, narahat olma, biz çaya yıxılan kimi tutacaqlar. Yadımdadır, xəstələnmişdik, qızdırmamız qalxmışdı. Anam da həkim idi, yanımda idi, qızdırmamı ölçdü. Nəcibə xanımla ailəvi dost idik, anamla rəfiqəlik edirdi. Ondan çox şey öyrənmişəm. Filmdəki yarasa səhnəsində isə qorxmurdum, sadəcə olaraq elə oynamalı idim ki, guya qorxuram. İsmayıl obrazına öncə başqa biri çəkilirdi, rejissorun qohumu idi. Pis də oynamırdı. Ceyhun Mirzəyev də kənardan dayanıb o uşağın oyununu izləyirdi, deyirdi ki, filan şeyi belə et, elə et. Sonra nədənsə qərara alındı ki, bu rola elə Ceyhun özü çəkilsin. Görünür, Ceyhun özünü məşq prosesində yaxşı göstərə bilmişdi” - deyə Sevinc Axundova bildirib. Geri qayıt |