Əsas Səhifə > Şou-biznes > "Hər bir normal insan kimi mən də yaşamaq istəyirəm"

"Hər bir normal insan kimi mən də yaşamaq istəyirəm"


2-07-2021, 09:01
"Hər bir normal insan kimi mən də yaşamaq istəyirəm"
"Ümumiyyətlə, mən doğum günlərimi o qədər də çox sevmirəm, çünki hər il özəl günlərimdə kədərlənirəm. Xüsusilə də 30 yaşımdan sonra ad günlərimdə daha çox kədərlənməyə başlamışam. Düşünürəm ki, ömürdən gedir, yaşın üstünə yaş gəlir. Hər bir normal insan kimi mən də yaşamaq istəyirəm, həyatı sevirəm. Övladlarımın böyüdüyünü gördükcə onların növbəti illərdəki həyat axarlarını da görmək istəyirəm".

Bunu Moderator.az-a açıqlamasında doğum gününü qeyd edən sənətçi, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili deyib. Aktrisa daha sonra əlavə edib.

"Həyatdakı arzularımın 99,9 faizinə nail olmuşam. Hər zaman arzulamışam ki, gözəl ailəm, karyeram olsun, öz ayaqlarımın üstündə dura bilim. Şükür Allaha ki, bu arzularımın hamısına çatmışam. Məni sevən, dəyər verən həyat yoldaşım var. Çox ağıllı iki balam var. Şükür Allaha, əziyyətlə əldə etdiyimiz evimiz var yaşamağa. Başqa nə arzu edə bilərəm? Bilmirəm səmimiyyətimə inanacaqsız, yoxsa yox, ən böyük arzum həyat yoldaşımın layiq olduğu fəxri adını almağıdır. Layiq olduğu deyirəm, layiq olmasaydı mən bu sözü dilimə gətirməzdim. Ondan sonra əgər məsləhət bilsələr mən də istərdim ki, fəxri adım olsun. Çünki biz aktyorlar elə insanlarıq ki, il ərzində çalışırıq, çalışırıq əməyimizə dəyər veriləndə bu bizim üçün stimul olur. Əgər belə bir şey olsaydı elə bilərdim ki, ad günümə ən böyük hədiyyə olub" - deyə aktrisa bildirib.

"Həyat yoldaşınızla ilə eyni sənəti bölüşmək asandır, yoxsa çətin" sualına aktrisa belə cavab verib.

"Çətin və yaxşı tərəfləri var. Yaxşı tərəfləri odur ki, biz evdə çox məşq edirik, Hüseynin səhnə təcrübəsi məndən çox olduğu üçün ondan çox şey öyrənirəm, öyrənmişəm də. Çətin tərəfləri də odur ki, bəzən aramızda anlaşılmazlıqar olur. Bir-birimizin fikri ilə razılaşmırıq, amma hər zamankı kimi mən güzəştə gedirəm" - deyə aktrisa bildirib.

Gültac Əlili çəkildiyi "Ailəmiz" serialından da danışıb.

"İki il müddətində mən həqiqətən də "Ailəmiz" serialının kollektivini, başda Elməddin Cəfərov olmaqla, özümə ailə bildim. Mən orada Firəngiz Mütəllimova kimi gözəl aktrisamızla rol alırdım. Hər hansısa idarədə, kollektivdə rəhbərdən çox şey asılıdır. Elməddin orada elə bir struktur yaradıb, ətrafına komanda yığıb ki, hamısı çox vicdanlı, qərəzsiz insanlardır. Həqiqətən də Elməddin Cəfərovu bu serialda kəşf etdim. Bundan sonrakı layihələrdə fərq etmir, mənimlə çalışsa da, çalışmasa da ona qarşı sayğım, sevgim sonsuz olaraq qalacaq. Təbii ki, söhbət təkcə Elməddindən yox, bütün yaradıcı heyətdən gedir" - deyə aktrisa bildirib.

Qeyd edək ki, Gültac Əlili tanınmış aktyor Hüseyn Əlilinin həyat yoldaşıdır. Onlar uzun müddətdir ki, birgə Akademik Musiqili Teatrında çalışırlar.


Geri qayıt