Əsas Səhifə > Şou-biznes > "Ailəsi mənə halallıq verdi..."
"Ailəsi mənə halallıq verdi..."30-06-2021, 08:30 |
"İkinci Qarabağ savaşı başlamazdan öncə məndə bu ideya var idi ki, futbol klubu yaradım. Sadəcə olaraq futbol klubunun adı yox idi. Şuşa ilə Ağdam adı arasında qalmışdım, seçim edə bilmirdim. Müharibə başlayanda Türkiyədəki bütün işlərimi, serial, film və digər çəkilişlərimi saxlayıb, Qarabağa-Fizuliyə döyüşə yollandım. Bir gün Fizulidə döyüşdə olanda Türkiyədəki şirkətimizdən mənə zəng gəldi ki, biz artıq ssenari olaraq Qarabağ müharibəsini yazırıq, maraqlananda gördüm ki, Polad Həşimovun həyatını yazıblar. Müharibənin içində olduğum üçün bu mövzu ilə maraqlanmağa vaxtım yox idi. Müharibə bitdi, yenidən Türkiyəyə qayıtdım və öz-özümə dedim ki, onsuz da futbol klubunu açmağa qərarlıyam, bu, Polad Həşimov adına futbol klubu olsun. Zatən Polad Həşimovun şəhid olması xəbərini Türkiyədə də böyük hüznlə qarşıladıq və mən o an özümə söz verdim ki, Polad Həşimovun adının yaşaması üçün əlimdən gələni edəcəyəm". Bunu Moderator.az-a açıqlamasında Polad Həşimov adına futbol klubu yaratmış tanınmış aktyor Nihad Ələsgərov deyib. O, daha sonra əlavə edib. "Futbol klubu yaratmaq istəyimi Polad Həşimovun ailəsi xoş qarşılayıb, mənə halallıq verdilər. Bir kəlmə dedilər ki, nə dəstək lazımdırsa, biz hazırıq. Bu həm futbol klubudur, həm də futbol məktəbi. Bizim fərqimiz bu olacaq ki, biz Türkiyədə turnirlərdə oynayacağıq. Mənim Türkiyədə çox yaxşı münasibətdə olduğum futbol klubları var, oralarda yaxın dostlarım çoxdur. Klub artıq 2 həftədir ki, məşq proseslərini davam etdirir. Klubda 4 yaşından 15 yaşına qədər qız və oğlanlar oynaya bilərlər. Futbola yeni başlayan uşaqlar üçün klubda oynamaq ödənişli, digər kateqoriyadan olanlar üçün isə ödənişsizdir. Bir də şəhid və qazi övladları üçün klubda oynamaq birmənalı olaraq ödənişsizdir. Mənim adım futbol klubunda rəhbər olaraq gedir, amma bu, Polad Həşimovu, vətənini sevən hər bir vicdanlı insanın klubudur. Klubu yaratmazdan 6 ay öncə götür-qoy etdim, çox düşündüm ki, hər şey yaxşı olsun, çünki nəticədə bir qəhrəmanın adını daşıyacaqdı klub. Mənimlə işləmək istəyən çox məşqçi var idi, amma bu klub generalın adını daşıdığı üçün uşaqlarla işləmə səbri olan, vicdanlı insanı seçmək mənim üçün önəmli idi. Ona görə də klubumuza peşəkar futbol veteranı Emin Mustafayevi baş məşqçi seçdim. Məqsədlərimiz odur ki, uşaqlarımız vətənpərvər ruhda böyüsün, peşəkarlaşıb Türkiyədə oynasınlar, Polad Həşimovun adı Türkiyədə də yaşasın, Azərbaycan futboluna az da olsa xeyrimiz toxunsun" - deyə Nihad Ələsgərov deyib. Qeyd edək ki, Nihad Ələsgərov Türkiyədə bir çox film və seriallarda rol alıb. Geri qayıt |